Qahirədə 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) keçirilib. Müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların və iri enerji şirkətlərinin rəhbərləri, eləcə də innovativ texnoloji həllər sahəsində fəaliyyət göstərən qlobal şirkətlərin nümayəndələrinin iştirak etdikləri “EGYPS 2026”də ölkəmiz Azərbaycan Dövlət Neft Şirkətinin heyəti ilə təmsil olunub.
“Əməkdaşlıq, fəaliyyət və reallıq vasitəsilə enerji keçidi” şüarı altında təşkil olunan beynəlxalq enerji toplantısı martın 31-də öz işini plenar iclaslarla davam etdirib. CNN-in İdarə Heyətinin keçmiş üzvü Con Defteriosun moderatorluğu ilə keçirilən plenar iclas “Qlobal ticarət axınlarının yenidən formalaşdırılması” mövzusuna həsr olunub. İclasda geosiyasi təsirlərin enerji təhlükəsizliyinə və əsas enerji dəhlizləri üzrə qlobal ticarətə yaratdığı risklər, tranzit müddətlərinin uzanması, enerji çatışmazlıqları, xərclərin artması və şirkətlərin həyata keçirdiyi fəaliyyətlər müzakirə edilib.
Plenar iclasda Azərbaycan heyətinin rəhbəri SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov, “Energos Infrastructure” şirkətinin baş icraçı direktoru Artur Regan, “Höegh Eiendom” şirkətinin prezidenti Erik Nyheim, “HEREMA S.A.”nın baş direktoru Aristofanis Stefatos və “SVB Energy International” şirkətinin prezidenti Sara Vaxşuri çıxış ediblər. Müzakirələrdə enerji sektorunda yeniliklər, gələcək planlar və yeni ticarət tərəfdaşlıqlarının əhəmiyyəti vurğulanıb. O, SOCAR-ın Misirlə əməkdaşlıqda yeni mərhələyə daxil olduğunu, bu ölkənin Dövlət Neft Korporasiyası ilə imzalanmış sazişin əhəmiyyətini qeyd edib, Misirin Təbii Qaz Holdinqi və digər qurumlarla əlaqələrin genişləndiyini diqqətə çatdırıb.
Azərbaycanın etibarlı xam neft və qaz tədarükçüsü olduğunu vurğulayan SOCAR rəsmisi ölkəmizin son illərdə qaz ixracını əhəmiyyətli dərəcədə artırdığını diqqətə çatdırıb: “2020-ci ilin sonlarından Yunanıstan, İtaliya və Bolqarıstana əhəmiyyətli həcmdə qaz ixrac edilir. Hazırda Yunanıstanın, təxminən, 25 faizi, Bolqarıstanın 60 faizdən çoxu, İtaliyanın isə 20 faizdən artıq hissəsi Azərbaycan qazı ilə təmin olunur və bu göstəricilər getdikcə artmaqdadır. Ümumilikdə isə, Azərbaycan qazı hazırda dünyanın 16 ölkəsinə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə ixrac olunur. Yaxın Şərq və Aralıq dənizi regionu da SOCAR-ın diqqət mərkəzindədir və artıq bir ilə yaxındır ki, Suriyaya qaz tədarük edilir”.
SOCAR-ın iri infrastruktur layihələrində uğurla iştirak etdiyini diqqətə çatdıran vitse-prezident onu da bildirib ki, şirkət təkcə hasilat və ticarət sahəsində deyil, həm də beynəlxalq tərəfdaşlarla birlikdə infrastrukturun yaradılmasında fəal iştirak edir. Bakı–Tbilisi–Ceyhan neft kəmərini buna nümunə kimi göstərən şirkət vitse-prezidenti bu marşrutun Azərbaycan nefti ilə yanaşı, Türkmənistan və Qazaxıstan neftinin də dünya bazarına çıxarılmasına xidmət etdiyini vurğulayıb.
Bildirilib ki, Cənub Qaz Dəhlizi 2020-ci ilin sonunda tamamlanıb və onun genişləndirilməsi nəzərdə tutulur. 2020–2022-ci illərdə Rusiya–Ukrayna münaqişəsi fonunda Avropaya qaz tədarükü 40 faiz artırılıb, hazırda isə bu artım 2020-ci illə müqayisədə 60 faizə çatıb.
Qeyd edilib ki, Azərbaycan Dövlət Neft Şirkəti Yaxın Şərqdə hasilat, nəql və satış sahələrində də fəaliyyətini genişləndirməyi planlaşdırır. Eyni zamanda, Cənub Qaz Dəhlizinin buraxılış gücünün artırılması, hətta iki dəfə genişləndirilməsi imkanları nəzərdən keçirilir. “Bu proses yeni yataqların istismara verilməsi ilə dəstəklənəcək. Məsələn, “Total Energies” və tərəfdaşlarla birgə həyata keçirilən Abşeron qaz-kondensat yatağı layihəsi 2029-cu ildə böyük həcmdə qaz və kondensat hasilatını təmin edəcək. Ümumilikdə əlavə olaraq ən azı 15 milyard kubmetr qaz tədarükü imkanının yaranacağı qeyd olunub”.
Yeri gəlmişkən, beynəlxalq enerji toplantısı çərçivəsində “SOCAR Trading” şirkəti ilə Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb. Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun da iştirak etdiyi mərasimdə sənədi “SOCAR Trading”in baş icraçı direktoru Natiq Mustafayev və EGPC-nin icraçı direktoru Salah Əbdülkərim imzalayıblar.
Natiq Mustafayev bildirib ki, SOCAR artıq 15 ildir Misirlə əməkdaşlıq edir. Onun sözlərinə görə, bu çərçivə sazişi iki qurum arasında əməkdaşlığımın daha da genişlənməsinə şərait yaradacaq, müxtəlif sahələrdə investisiya və ticarət imkanlarını artıracaq.
EGPC-nin icraçı direktoru Salah Əbdülkərim isə bu sənədin SOCAR-ın neft və qaz məhsullarının Misir bazarına çıxışını daha da asanlaşdıracağını vurğulayıb. Misirin böyük və perspektivli bazar olduğunu xatırladan şirkət rəhbəri SOCAR-ın burada fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. “İstərdik ki, şirkət təkcə xam neft tədarükü ilə kifayətlənməsin, həm də Misirdə kəşfiyyat və hasilat sahələrində aktiv iştirak etsin”, – deyə o əlavə edib.
S.Əbdülkərim, həmçinin qeyd edib ki, Azərbaycan ilə Misir arasında dövlət rəhbərləri və aidiyyəti qurumlar səviyyəsində sıx əməkdaşlıq mövcuddur və ölkəsi neft-qaz sektorunda bu əlaqələrin daha da dərinləşdirilməsində maraqlıdır.
M.YAQUBZADƏ
XQ

