Ölkəmiz isə ittifaqın 10 dövlətinə mavi yanacaq nəql edir
Avropa İttifaqı (Aİ) enerji təchizatı mənbələrinin şaxələndirilməsini davam etdirərək Azərbaycan, eləcə də ABŞ, Norveç, Əlcəzair və Kanada vasitəsilə tədarükləri artırır. Bunu energetika üzrə Avropa komissarı Dan Yorgensen Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Aİ ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
Qeyd edək ki, Avrozonada inflyasiya bu ay 2,5 faizə yüksələrək son bir ildən artıq müddətdə ən yüksək səviyyəsinə çatıb. Bu artımın əsas səbəbi yanacaq qiymətlərinin kəskin bahalaşmasıdır ki, bu da İranla bağlı müharibə nəticəsində dünyanın ən mühüm dəniz nəqliyyat marşrutunun bloklanmasının birbaşa nəticəsidir. Bu şərait Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsini strateji məsələ halına gətirib və Aİ-nin alternativ enerji mənbələrinə yönəlməsini sürətləndirib. Azərbaycan və digər etibarlı tədarükçülər bu baxımdan Aİ üçün önəmli tərəfdaş rolunu oynayır.
Azərbaycan da Avropa ilə enerji əməkdaşlığını dərinləşdirməyə maraqlıdır. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclaslarında bildirib ki, Avropanın enerji bazarında Azərbaycanın mövcudluğunu daha da genişləndirmək niyyətindəyik: “Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur”.
Xatırladaq ki, Avropa İttifaqı Rusiya–Ukrayna müharibəsindən sonra enerji idxalının divresifikasiyası siyasətini həyata keçirir. Rusiyadan qaz asılılığını azaltmaq üçün bır sıra ölkələrlə tərəfdaşlıq müqavilələri imzalanıb. 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Bu sənədin konkret məqsədlərindən biri Aİ nin enerji təhlükəsizliyini möhkəmləndirmək üçün Azərbaycan qazının Avropaya ixracını əhəmiyyətli dərəcədə artırmaqdır. İmzalanmış Memorandum çərçivəsində Azərbaycan Avropaya qaz ixracını uzunmüddətli perspektivdə təxminən 20 milyard kubmetrə qədər çatdırmağı hədəfləyib.
Bunun üçün mövcud qaz nəqliyyat infrastrukturlarının genişləndirilməsi və hasilatın artırılması xüsusi önəm daşıyır. Məlumatlara görə, hazırda Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir.
Hasilata gəlincə, bu il “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından çıxarılmaya başlanması planlaşdırılır. Bundan əlavə, növbəti iki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlaması gözlənilir ki, bu da bu yataqdan qaz çıxarılmasını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə hasilata başlanması nəzərdə tutulur.
Təbii qazın əsas mənbəyi olan “Şahdəniz” yatağı ilə bağlı olaraq, 2028-ci ildə yeni mərhələdə hasilatın başlanması gözlənilir. Qeyd olunan bütün layihələr maksimum istehsal səviyyəsində əlavə 10–15 milyard kubmetr qaz təmin etməyə imkan verəcək. Bunun reallaşdırılması üçün yeni bazarlara çıxış, mövcud boru kəməri sisteminin genişləndirilməsi və qaz paylama şəbəkəsinin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir.
Yeri gəlmişkən, 2025- ci ildə ölkədə təbii qaz hasilatı isə keçən il 51,5 milyard kubmetr təşkil edib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron”un, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Ötən il qazın ixracı 25,2 milyard kubmetr təşkil edib. Bu həcmin 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə, 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac olunub.
Anlaşma Memorandumunda diqqətçəkən digər məqam bərpa olunan enerji mənbələridir. Ölkəmiz “yaşıl enerji” sahəsində böyük potensiala malikdir. Təkcə işğaldan azad olunan Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 geqavat həcmində qiymətləndirilir.
2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq” Sazişi imzalanıb. Bu sənəd Qara Dəniz regionunda “yaşıl enerji” dəhlizinin yaradılmasında mühüm dönüş nöqtəsi hesab olunur. Saziş, Azərbaycanın geniş bərpaolunan enerji ehtiyatlarını Gürcüstan və Rumıniya üzərindən Avropanın enerji şəbəkəsinə birləşdirəcək Qara Dəniz Enerji sualtı kabelinin təməlini qoyub.
2024-cü il sentyabrın 3-də layihəyə daxil olan sistem operatorları – “AzərEnerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica” və MVM – Buxarestdə Birgə Müəssisənin Səhmdar Müqaviləsini imzalayıblar. Bu kabel vasitəsilə Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisi Gürcüstan və Qara Dəniz üzərindən Rumıniyaya çatdırılacaq, daha sonra isə Macarıstana və Avropanın digər ölkələrinə nəql olunacaq. Layihənin tikintisinin 3-4 il çəkəcəyi gözlənilir və Avropa Komissiyası ona 2,3 milyard avro maliyyə dəstəyi ayırmağı planlaşdırır.
Eyyub KƏRIMLİ,
iqtisadçı-ekspert
Biz bu məsələlərə enerji mənbələrinin şaxələndirilməsi prizmasından yanaşaraq əvvəlcə anlayışın özünü aydınlaşdırmalıyıq. Bu nə deməkdir? Avropa İttifaqı son illərdə, xüsusilə Rusiya–Ukrayna münaqişəsindən sonra enerji təchizatı siyasətində ciddi dəyişikliklərə getdi. Burada əsas məqsəd Rusiyadan asılılığın azaldılması, təchizat risklərinin bölüşdürülməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi idi.
Bu kontekstdə Azərbaycan mühüm rol oynamağa başladı. Ölkəmizin qaz ixracı artdı və bu proses əsasən Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirildi. Eyni zamanda, Avropa İttifaqı enerji mənbələrini diversifikasiya etmək üçün ABŞ, Norveç, Əlcəzair və Kanada kimi ölkələrdən də həm qaz, həm də digər enerji resurslarının idxalını genişləndirdi. Lakin bu proses müəyyən iqtisadi təsirlər də doğurur. Xüsusilə inflyasiyanın artmasına səbəb olan amillərdən biri məhz bu yeni təchizat marşrutlarının daha baha başa gəlməsidir.
Məsələ ondadır ki, əvvəl Rusiya qazı əsasən boru kəmərləri vasitəsilə daha ucuz şəkildə nəql edilirdi. Yeni şəraitdə isə mayeləşdirilmiş qazın (LNG) daşınması üçün tankerlərə, terminallara və əlavə infrastruktur quruculuğuna ehtiyac yaranır. Bu isə logistik xərcləri artırır. Enerji qiymətlərinin yüksəlməsi isə iqtisadiyyatın bütün sahələrinə təsir göstərir: yanacaq bahalaşdıqda nəqliyyat xərcləri artır, elektrik enerjisi bahalaşdıqda isə istehsal xərcləri yüksəlir. Nəticədə, bu zəncirvari təsir bütün məhsulların qiymətində artım yaradır.
Bu vəziyyət Azərbaycan üçün həm imkanlar, həm də müəyyən risklər formalaşdırır. Müsbət tərəf ondan ibarətdir ki, qaz ixracının artması ölkəyə daxil olan valyuta axınını gücləndirir, Avropa İttifaqı ilə strateji əməkdaşlıq dərinləşir və Azərbaycanın qlobal enerji bazarındakı rolu daha da möhkəmlənir.
Digər tərəfdən, qlobal qiymət dalğalanmaları ölkəmizə də təsirsiz ötüşmür. Azərbaycan həm də idxal edən ölkə olduğu üçün enerji və digər məhsulların bahalaşması daxili bazara təsir göstərir. Bundan əlavə, Avropa İttifaqının gələcəkdə yaşıl enerjiyə keçidi sürətləndirməsi Azərbaycan qarşısında yeni çağırışlar yaradır. Bu istiqamətdə ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafı üçün əlavə investisiyalara ehtiyac artır.
Hazırda Azərbaycan artıq Avropanın 12-dən çox ölkəsinə qaz ixrac edir və bu, Avropa İttifaqının ümumi qaz tələbatının təxminən 4–5 faizini qarşılayır. İllik ifadədə bu, təxminən 12–13 milyard kubmetr qaz deməkdir. Bu göstəricilər ölkəmizin Avropa enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrildiyini təsdiqləyir.
Ümumilikdə, Avropa bazarında əsas qaz təchizatçıları sırasında Norveç, ABŞ və Əlcəzair xüsusi yer tutur. Bu baxımdan Azərbaycan da Avropa üçün etibarlı alternativ enerji mənbəyi kimi çıxış edir. Mövcud geosiyasi reallıqlar fonunda ölkəmiz üçün geniş perspektivlər açılır və eyni zamanda, Avropa İttifaqı üçün də enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyan tərəfdaş kimi dəyərləndirilir.
Musa BAĞIRLI
XQ


