Gürcüstanda demoqrafik “SOS!”

post-img

Son illər region ölkələrində demoqrafik proseslər ciddi müzakirə mövzusuna çevrilib. Əhali artımının zəifləməsi, doğum səviyyəsinin aşağı düşməsi və orta yaş həddinin yüksəlməsi yalnız sosial deyil, həm də iqtisadi və milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Xüsusilə Gürcüstanda müşahidə olunan tendensiyalar bu baxımdan diqqəti cəlb edir və gələcək üçün ciddi siqnallar verir.

Rəsmi statistik məlumatlar vəziyyətin düşündüyümüzdən də ciddi olduğunu göstərir. 2025-ci ildə Gürcüstanda cəmi 37 min 867 uşaq doğulub ki, bu, son 32 ilin ən aşağı göstəricisidir və əvvəlki ilə nisbətən 1 616 nəfər azdır. Müqayisə üçün qeyd edək ki, ölkədə doğumun pik həddi 2014-cü ildə qeydə alınıb və həmin il 60 min 635 uşaq dünyaya gəlib. Sonrakı illərdə doğum səviyyəsi, demək olar ki, hər il azalma tendensiyası göstərib, ölüm halları isə artıb. Nəticədə ölüm və doğum arasında ciddi fərq yaranıb: 2025-ci ildə 44 min 319 ölüm halı qeydə alınıb, yəni ölüm halları doğumu 6 min 452 nəfər üstələyib. Beləliklə, artıq son illər Gürcüstanda ölüm səviyyəsi doğumu üstələyir və bu fakt ümumi demoqrafik geriləməni dərinləşdirir.

Diqqətçəkən məqamlardan biri odur ki, təbii artım yalnız Tbilisi, Acariya və Kvemo Kartli bölgələrində müşahidə olunur. Digər bütün regionlarda isə ölüm halları doğumları üstələyir. Ən böyük mənfi fərq İmereti regionunda qeydə alınıb və təxminən 2,9 min nəfərdir. Samqrelo-Zemo Svaneti bölgəsində bu rəqəm 2,2 min, Kaxetidə isə 1,4 min nəfər təşkil edib.

Mütəxəssislər doğum səviyyəsinin azalmasının əsas səbəblərindən biri kimi reproduktiv yaşda olan əhalinin xaricə miqrasiyasını göstərirlər. Gənc ailələr daha yaxşı iqtisadi imkanlar axtararaq ölkəni tərk edir və uşaqlarını xaricdə dünyaya gətirirlər. Bu isə bir tərəfdən Gürcüstanın demoqrafik statistikasında itkilərə, digər tərəfdən isə əhalinin yaş strukturunun dəyişməsinə və qocalma prosesinin sürətlənməsinə səbəb olur.

Urbanizasiya də vəziyyəti ağırlaşdıran amillərdəndir. Əhalinin böyük hissəsinin Tbilisi və Batumi kimi iri şəhərlərdə cəmləşməsi və mənzil qiymətlərinin sürətlə artması gənclərin ailə qurmasını və çoxuşaqlı olmasını çətinləşdirir. Regionlarda isə kəndlərin boşalması və iqtisadi fəallığın azalması müşahidə olunur.

Bu barədə sosioloq və iqtisadçı Paata Aroşidze XQ-yə bildirdi ki, ölkədə pensiya yaşında olan insanların sayı sürətlə artır, yeni nəsil isə əmək bazarında azalır. Bu isə həm iqtisadi, həm də demoqrafik itkilərə səbəb olur. Aroşidze qeyd etdi ki, yaşlı insanların sayı əhalinin ümumi sayında artdıqca ölkə qocalır və yeni doğulan uşaqlar bu prosesi kompensasiya edə bilmir: “Son 5 ildə pensiyaçıların sayı 4 faiz artıb. Əgər bu temp davam edərsə, 15–20 ildən sonra vəziyyət ciddi narahatlıq doğuracaq”. O əlavə etdi ki, kənd təsərrüfatı sahəsi xüsusilə təsirlənib, çünki gənclər kəndləri tərk edib şəhərlərə köçür, yeni işçi qüvvəsi isə fermer təsərrüfatlarına gəlmir. Nəticədə kəndlər əsasən 60–65 yaşdan yuxarı insanlar üzərində formalaşır və məhsuldarlıq azalır.

Aroşidze onu da vurğuladı ki, bu tendensiya məktəblərə, təhsil müəssisələrinə, müdafiə qabiliyyətinə və ümumilikdə iqtisadi inkişafın müxtəlif sahələrinə mənfi təsir göstərəcək: “Əgər proses dönüşsüz olarsa, bir neçə il ərzində gürcü millətinin mövcudluğu sual altında qala bilər. Xüsusilə, gürcülər xaricə gedir və onların yerinə xaricilər gəlir”.

Bununla yanaşı, repatriasiya məsələsi də gündəmdədir. Hakimiyyət xaricdə yaşayan etnik gürcülərin geri qayıtmasına çalışır və onların vətəndaşlıq alması prosesini sadələşdirir. Lakin ekspertlər hesab edirlər ki, bu, demoqrafik vəziyyəti köklü şəkildə dəyişməyə kifayət etməyəcək, çünki geri qayıdanların əksəriyyəti artıq Qərb həyat tərzinə uyğunlaşmış və ənənəvi çoxuşaqlı ailə modelindən uzaqdır. Müasir mərhələdə demoqrafik dinamika təkcə doğum və ölüm göstəriciləri ilə məhdudlaşmır; əmək miqrasiyası da əsas təsir amilinə çevrilib. Əvvəllər əhali azalması əsasən doğumun azalması və ölüm hallarının artması ilə izah olunurdusa, indi miqrasiya faktoru daha qabarıq hiss olunur.

Gürcü demoqrafları artıq bir neçə ildir həyəcan təbili çalır və hakimiyyəti demoqrafik fəlakətin qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırırlar. Miqrasiyanın əhali azalmasına təsir göstərdiyini ekspertlər dəfələrlə vurğulayıblar. Demoqraf Avtandil Sulaberidze bildirir ki, təhsil üçün xaricə gedən gənclərin böyük hissəsi vətənə qayıtmır, xaricdə işləməyi üstün tutur ki, bu da ölkənin həm demoqrafik, həm də iqtisadi vəziyyətinə mənfi təsir göstərir.

Demoqraf Tamara Çiburdanidze isə bütün media vasitələrini bu problemi ictimaiyyətə çatdırmağa çağırıb. “Ölkə böyük milli təhlükə ilə üz-üzədir” – deyən ekspert bildirib ki, hazırda uşaq doğmaq yaşında olan qadınların sayı təxminən iki dəfə azdır. Gürcüstanda ümumi doğum əmsalı 1,61 səviyyəsindədir ki, bu da əhalinin sadə təkrar istehsalı üçün tələb olunan minimumdan xeyli aşağıdır. Bu amillərin təsiridir ki, ölkədə gürcülərin sayı azalır. Bunu rəqəmlər də təsdiqləyir. Məsələn, 1989-cu ildə Gürcüstanda 3 milyon 787 min gürcü yaşayırdısa, 2014-cü ildə onların sayı 3 milyon 224 min nəfərə düşüb.

Gürcüstanda demoqrafik vəziyyətə təsir edən əsas amillərdən biri də etnik azlıqların, xüsusilə azərbaycanlıların miqrasiyasıdır. SSRİ dağılandan sonra baş verən sosial-iqtisadi dəyişikliklər və siyasi transformasiyalar bu prosesə ciddi təsir göstərib. 1990-cı illərdə iqtisadi böhran, işsizliyin artması və kənd təsərrüfatında geriləmə azərbaycanlıların geniş miqrasiyasına səbəb olub. Dil baryeri və inteqrasiya problemləri də mühüm rol oynayıb. Torpaq islahatları da əhali strukturuna təsir edən əsas amillərdəndir. 1990-cı illərdə azərbaycanlı ailələrin daha az torpaq payı alması onların iqtisadi dayanıqlılığını zəiflətdiyi kimi, miqrasiyanı da sürətləndirib. Eyni zamanda, inzibati və siyasi qərarlar, o cümlədən toponimlərin dəyişdirilməsi və bəzi hallarda siyasi təzyiq etnik azlıqlar arasında narahatlıq yaratmışdır.

Ümumiyyətlə, azərbaycanlı əhalinin Gürcüstandan miqrasiyası təkcə sosial-iqtisadi deyil, həm də siyasi və institusional amillərin təsiri altında formalaşmış kompleks prosesdir. Bu amillər uzunmüddətli perspektivdə ölkənin demoqrafik strukturuna təsir göstərib, regionlar üzrə əhali balansının dəyişməsinə və ümumi demoqrafik dinamikanın zəifləməsinə səbəb olub. Əgər 1989-cu ildə bu ölkədə 377 min 556 azərbaycanlı yaşayırdısa, 2014-cü ildə onların sayı 233 min 24 nəfər təşkil edib.

Proqnozlar isə daha narahatedicidir. Mütəxəssislərin hesablamalarına görə, mövcud tendensiya davam edərsə, 2050-ci ilə qədər Gürcüstan əhalisi təxminən 28 faiz azalacaq. Bu azalma əsasən etnik gürcülərin payına düşəcək ki, bu da hakimiyyət tərəfindən milli miqyaslı təhlükə kimi qiymətləndirilir. Mövcud vəziyyətin ən narahatedici tərəfi isə problemin miqyasına adekvat tədbirlərin yetərincə görülməməsidir. Dövlət səviyyəsində vəziyyətin ağır olduğu etiraf edilsə də, səbəblər və həll yolları ətrafında vahid və sistemli yanaşma formalaşmayıb.

Bütün bunların fonunda aydın olur ki, demoqrafik böhran spontan şəkildə həll olunan məsələ deyil. Bu, uzunmüddətli, kompleks və məqsədyönlü dövlət siyasəti tələb edir. Beynəlxalq təcrübə göstərir ki, ailələrin sosial rifahını artıran, gənclərin ölkədə qalmasını stimullaşdıran və doğumu təşviq edən real iqtisadi mexanizmlər olmadan vəziyyəti dəyişmək mümkün deyil.

P.ƏFƏNDİ
XQ

Siyasət