Bu məsələ hüquqi, iqtisadi və geosiyasi manevr hədəfinə çevrilir
Rusiyanın nəqliyyat naziri Andrey Nikitin rəsmən bildirib ki, Moskva Ermənistanın dəmir yolu şəbəkəsinin idarə edilməsi üzrə konsessiyanı Qazaxıstana və ya hər hansı üçüncü tərəfə vermək niyyətində deyil: “Biz konsessiyanı təhvil verməyi planlaşdırmırıq və bu məsələ rəsmi səviyyədə heç vaxt müzakirə olunmayıb”. O, həmçinin Astana ilə hər hansı təmasın olmadığını, Rusiyanın bu mühüm infrastruktur aktivindən könüllü imtina etməyəcəyini bəyan edib.
2008-ci ilin fevralında imzalanmış müqaviləyə əsasən, Ermənistanın dəmir yolu sistemi 30 il müddətinə “Rusiya Dəmir Yolları” ASC-nin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolu”nun (CQDY) idarəçiliyinə verilib. Bu razılaşma regional nəqliyyat şəbəkəsi üzərində Moskvanın strateji təsirini təmin edən mühüm mexanizmdir. Lakin 2025-ci ilin sonunda Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı tərəfdaşlardan Türkiyə və Azərbaycanla sərhədlərə aparan sahələrin qısa müddətdə bərpası üçün müraciət edib. Bu sahələr regional inteqrasiyanı hədəfləyən “Tramp marşrutu” (TRIPP) layihəsi üçün həyati əhəmiyyət kəsb edir. Paşinyan martın 26-da idarəçiliyin Qazaxıstan tərəfinə verilməsi variantına ümid etdiyini açıqlasa da, göründüyü kimi, Moskva bu təşəbbüsə yaşıl işıq yandırmayıb.
Şübhəsiz ki, İrəvanın mövqeyi ölkənin regional nəqliyyat layihələrinə inteqrasiyasını süni şəkildə ləngidən mövcud idarəetmə modelindən qaynaqlanır. Yeni tranzit marşrutları formalaşan bir dövrdə struktur problemlər və “Rusiya faktoru” beynəlxalq aktorların Ermənistandan yan keçən alternativ xətlərə üstünlük verməsinə səbəb olur, bu isə uzunmüddətli iqtisadi təcrid riskini artırır. Ermənistanın təklif etdiyi “üçüncü tərəf” modeli Moskva ilə münasibətləri tam qoparmadan sahəni diversifikasiya etməyə və Qərb investorları üçün daha şəffaf platforma yaratmağa imkan verir. Bu təşəbbüs TRIPP və digər regional nəqliyyat layihələri ilə sıx bağlıdır və Ermənistanın strateji manevrləri üçün vacibdir. Paşinyan da bunda maraqlıdır.
Məsələnin hüquqi həlli mexanizmi də mövcuddur. Müqavilənin ən kritik və zəif bəndi CQDY-nin Türkiyə və Azərbaycanla sərhəd açılışları halında 1,3 milyard dollar əlavə investisiya öhdəliyidir. Ekspertlər bildirirlər ki, hazırda ciddi sanksiyalar və iqtisadi çətinliklərlə üzləşən Rusiyanın bu vəsaiti qısa müddətdə ayırmaq imkanı yoxdur. Bununla bağlı erməni politoloq Ruben Meqrabyan Moskvanın mövqeyini belə qiymətləndirir: “Onlar hesab edir ki, vəziyyət istədikləri kimi inkişaf edə bilər, çünki Ermənistan hökuməti açıq mövqe sərgiləmir, kəskin məsələləri yumşaldır”.
Meqrabyan Paşinyanın açıqlamasını şərh edərkən bildirib ki, hələlik Rusiyadan heç bir razılıq cavabı yoxdur: “Rusiya Dəmir Yolları”nın büdcəsində böyük boşluq var. Onlar özlərini talayıblar və indi rus hökumətindən pul tələb edirlər. Ermənistanda niyə xərcləməlidirlər? Bu suala cavab yoxdur”. O, həmçinin şirkətin gələcək fəaliyyətinə diqqət çəkərək sual edir: “Biz bu geridəqalmış şirkətin dəmir yollarımızda mövcudluğuna nə qədər dözməliyik?” Politoloq strukturu belə xarakterizə edir: “1970-ci illərin Brejnev dövrünün Sovet standartları ilə işləyən və öz ölkəsində özünü talayan bir qurum – Rusiya Dəmir Yolları şirkəti Ermənistandan çıxmalıdır”.
Ermənistanın dəmir yollarının idarəçiliyi ətrafında yaranmış gərginlik həm regional layihələr, həm də Rusiya–Ermənistan münasibətlərində yeni hüquqi mübarizə mərhələsinə çevrilib. Yəni İrəvan üçün asılılıqdan müəyyən çıxış yolu var. Müqaviləyə əsasən, respublikanın dəmir yolu infrastrukturu 2038-ci ilə qədər Rusiya tərəfinin operativ idarəçiliyinə verilib. Amma son geosiyasi dəyişikliklər bu modelin səmərəliliyini şübhə altına qoyub. Müqavilənin zəif bəndlərindən biri CQDY-nin sərhəd açılışları halında 1,3 milyard dollar əlavə investisiya öhdəliyidir ki, bu da İrəvan üçün hüquqi arqument yaradır: yerinə yetirilməmiş öhdəlikləri əsas gətirərək müqaviləyə birtərəfli xitam vermək mümkündür.
Müqavilənin digər mühüm bəndi tərəflər arasındakı mübahisələrin Paris Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsində həllini nəzərdə tutur. Arbitrajda qalib gələcəyi təqdirdə idarəetmə hüququ tamamilə Ermənistan Dəmir Yollarına qaytarılır və Moskva regiondakı infrastruktur təsirindən məhrum olur. Amma vaxtından əvvəl geri alınma mexanizmi isə Ermənistan üçün maliyyə baxımından ağırdır: 2038-ci ilə qədər CQDY-nin çəkdiyi faktiki xərclər və itirilmiş mənfəət tam kompensasiya edilməlidir. Konsessiyanın üçüncü tərəfə ötürülməsi isə həm İrəvanın, həm də Moskvanın razılığını tələb edir. Rusiya da buna hazır deyil.
Ermənistan üçün yeganə real çıxış yolu ya yüz milyonlarla dollarlıq kompensasiya yükünü qəbul etmək, ya da Paris Arbitrajında Rusiyanın investisiya öhdəliklərini yerinə yetirmədiyini sübut edərək müqaviləni təzminatsız ləğv etməkdir. Hazırkı vəziyyət 2008-ci il müqaviləsini regional logistika diplomatiyasının ən mürəkkəb düyünü kimi saxlayır. Paris Arbitrajı və sərhəd açılışlarının nəticələri Ermənistan–Rusiya münasibətlərinin gələcəyini müəyyən edəcək. Bunu da yaxın gələcək göstərəcək.
İndiki halda bu iqtisadi və hüquqi məhdudiyyətlər İrəvanın manevr imkanlarını çətinləşdirir, lakin ölkə hərbi-texniki sahədə diversifikasiyanı gücləndirir. Hindistan və Fransa ilə əməkdaşlıq Rusiya asılılığını mərhələli şəkildə azaltmaq məqsədini güdür, lakin enerji təhlükəsizliyi “Qazprom” və ölkədə Rusiya hərbi bazasının mövcudluğu səbəbindən hələ də məhdudiyyətlər qalır.
Bu səbəblərdən də Ermənistanın Qazaxıstan, BƏƏ və ya Qətər kimi “neytral” tərəfdaşları prosesə cəlb etməsi həm Moskva ilə münasibətləri qorumağa, həm də Qərb investorları üçün şəffaf platforma yaratmağa xidmət edir. Bu strategiya İrəvanın strateji, iqtisadi və hüquqi manevr imkanlarını artırır, regional tranzit layihələrində mövqeyini gücləndirməyə imkan verir.
Deməli, Ermənistanın hazırkı siyasəti kəskin geosiyasi qopmadan daha çox “idarə olunan və riskləri hesablanmış transformasiya” kimi qiymətləndirilməlidir. Analitik Beniamin Poqosyanın sözlərinə görə, Avropa ilə tam inteqrasiya və Rusiyadan radikal uzaqlaşma qısa müddətdə real görünmür. İrəvanın əsas məqsədi qlobal qeyri-müəyyənlik şəraitində manevr imkanlarını artırmaq, müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlər qurmaq və heç bir xarici aktorun ölkənin proseslərinə mütləq təsir imkanına malik olmamasını təmin etməkdir. Ermənistanın strateji manevrlərinin iqtisadi, siyasi və geosiyasi dividendləri isə tərəflərin yaxın aylardakı konkret addımlarından asılı olacaq.
Beləliklə, Ermənistanın dəmir yolu şəbəkəsinin idarəçiliyi yalnız nəqliyyat və iqtisadi aspekt daşımır. Bu həm də bu, regionda geosiyasi güc balansının və müxtəlif qlobal aktorların strategiyalarının sınağa çəkildiyi mürəkkəb bir meydan oxuma çevrəsinə çevrilib. Rusiya konsessiyanı qoruyaraq strateji təsirini saxlayır, Ermənistan isə müxtəlif tərəfdaşlarla manevr edərək regional inteqrasiya və investisiya imkanlarını artırmağa çalışır. Bu gərginliyin yaxın gələcəkdə ciddi nəticələr doğuracağı istisna edilmir.
Pünhan ƏFƏNDİYEV
XQ


