İstanbul Universitetində Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas-alim Əhməd bəy Ağaoğluna həsr edilən “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” “Şərq ilə Qərb arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu” adlı kitabın təqdimatı keçirilib. Türkiyə türkcəsində işıq üzü görən nəşr Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində ərsəyə gəlib.
Azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhmədin arxiv materialları əsasında hazırladığı kitabda Əhməd bəy Ağaoğlunun bu vaxtadək araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, digər yazıları, onun haqqında müsahibələr və tanınmış şəxsiyyətlərin fikirləri toplanıb. Topluda Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında sərəncamı da yer alıb.
Mərasimdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, İstanbul Universitetinin rektoru, professor Osman Bülənt, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı baş konsulluğumuzun konsulu Sevinc Süleymanova, Türkiyədəki səfirliyimizin müşaviri Füzuli Məcidli, ali məktəbin müəllim heyəti, ictimaiyyət nümayəndələri, soydaşlarımız iştirak ediblər.
Rektor Osman Bülent Azərbaycan – Türkiyə qardaşlığının formalaşıb möhkəmlənməsində görkəmli şəxsiyyətlərin böyük rol oynadıqlarını, ölkələrimizin bugünkü ortaq maraqlarına yön verdiyini bildirib.
Kitabın müəllif Dilqəm Əhməd nəşrin hazırlanması və Əhməd Ağaoğlunun həyatı barədə iştirakçılara məlumat verib. Sonda müəllif yeni kitabın nüsxələrini oxucular üçün imzalayıb.
XQ

