II MƏQALƏ
Regional miqyasda təcrübə
Azərbaycan Prezidentinin dövlətimiz üçün regional təhlükəsizliyin çox önəmli olduğu haqqında tezisi irəli sürməkdə tam əsası vardır. Çünki təcrübə sübut edir ki, rəsmi Bakı praktiki fəaliyyətində bu məsələyə böyük diqqət yetirmişdir. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi müddətində regional təhlükəsizliyi xarici siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Prezident İlham Əliyev xarici siyasətin bu özəlliyini uğurla inkişaf etdirmişdir. Buna görədir ki, dövlət başçısının XIII Qlobal Bakı Forumunda ifadə etdiyi aşağıdakı fikirlərin çox əsaslı semantik anlamı vardır.
Prezident İlham Əliyev demişdir: “Biz Ermənistanla sülhə nail olduq, – biz deyərkən Azərbaycanı nəzərdə tuturam, – israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Beləliklə, bu bir təcrübədir və bu, sadəcə, nəzəriyyə deyil, bu, bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq”.
Azərbaycan lideri bir xüsusiyyəti ayrıca vurğulayır: Azərbaycan dövlət olaraq sülhə nail olmaq xəttini seçmişdir: “biz deyərkən Azərbaycanı nəzərdə tuturam”. Həmin məqsədə nail olmaq üçün isə ölkə rəhbəri konkret fəaliyyət istiqamətini dəqiq müəyyən etmişdir – ATƏT-in artıq keçmiş olan Minsk Qrupunun yararsız vasitəçiliyindən qurtularaq, birbaşa ikitərəfli formata keçmək. Bunun üçün öncə hərb meydanında təcavüzkarı məğlub etmək lazım idi. Azərbaycan buna nail oldu. Postmüharibə mərhələsində isə dərhal ikitərəfli formatda, yəni heç bir üçüncü tərəf olmadan Ermənistanla münasibətləri normallaşdırmaq fəaliyyətinə başladı və sülhə nail oldu.
Sözün həqiqi mənasında, bu, çox qiymətli siyasi təcrübədir, indi... şahid olduğumuz bir reallıqdır”. Həmin keyfiyyətdə Azərbaycanın sülhə nail olmaq təcrübəsi hərtərəfli surətdə “mövcud münaqişələrin həlli istiqamətində çalışarkən ...mütləq nəzərə alınacaq”!
Burada siyasi baxımdan çox qiymətli məqamlardan biri Azərbaycanın dövlət olaraq məcburən tətbiq etdiyi hərbi güc aspektindən məharətlə siyasi-diplomatik fəaliyyət müstəvisinə keçid edərək, sülhü bütün region üçün qazandırmaq qabiliyyətinə malik olması ilə bağlıdır. Belə bir transformasiya müasir müstəqil dövlətçilikdə “güc” anlayışına da yeni məna çaları verir.
Dövlətin “sülhyaratma gücü”
Müstəqil dövlətin sülhyaratma gücü anlayışının məna transformasiyasına uğradığı şübhə doğurmur. Ümumiyyətlə, müasir mərhələdə dövlətin hərbi gücü tam olaraq onun gücünü ifadə etmir. Burada əsas prinsip dövlətin hərbi gücünün qarşıya qoyulan məqsədə çatmaq üçün yetərli olması ilə bağlıdır. Dövlət hərbi faktordan səmərəli istifadə edib uğur qazanırsa, bu, artıq ciddi təməl təşkil edir.
Lakin indiki mərhələdə dövlətin sülhyaratma gücünə onun siyasi, diplomatik, psixoloji, təbliğati, informasiya və təşviqi məharətləri də daxildir. Vurğulanan faktorlar sistem halında müstəqil dövlətin sülhyaratma gücünü təşkil edirlər.
Burada hərbi mərhələdən siyasi-diplomatik fəaliyyət istiqamətinə keçid edəndə dövlət çox dəqiq və birbaşa hədəfə yönəlmiş addımlar atmalıdır. Prosesin sülhyaratma kontekstində çox mühüm mərhələsi bu cür keçidi liderin necə reallaşdırması ilə bağlıdır. Bu mənada, sülh liderin nailiyyətidir və dövlətin qazancıdır.
Belə alınır ki, Cənubi Qafqazın lider dövlətinin sülhyaratma gücü bütövlükdə regional təhlükəsizliyin təmininin təməl faktorudur! Həmin keyfiyyətdə Azərbaycanın təcrübəsinin dünya miqyasında öyrənilməsi son dərəcə aktual məsələdir. Araşdırmaların çox müxtəlif kontekstləri ola bilər. Onların sırasında dövlətin hərbi qələbədən sülhyaratma səviyyəsinə keçidinin davamlı nəticəsi kimi, ümumiyyətlə, regionda sülhü təmin etmək aspekti xüsusi anlama malikdir. Bu məqamda siyasi təcrübə baxımından çox önəmli olan bir xüsusiyyəti vurğulamaq gərəkdir.
Dayanıqlı sülh mühitinə keçid
Sülhə nail olmaq mərhələsini keçərək dayanıqlı sülh mühitinə regional miqyasda keçid etmək ayrıca siyasi-diplomatik məharət tələb edir. Çünki hərbi qələbəni region deyil, orada yerləşən konkret bir dövlət əldə edir. Deməli, hər şeydən öncə, hərbi qələbə fərdi xarakterli məsələdir. Lakin onun geosiyasi müstəviyə proyeksiyası həmin hərbi qələbənin fərdi kontekstdən çıxarılıb, regional səviyyədə əyaniləşməsini tələb edir. Bu o deməkdir ki, ayrıca bir dövlətin hərbi qələbəsi fərdi özünümüdafiə hadisəsidirsə, onun geosiyasi məna yükü əlavə faktorları da mütləq surətdə özündə ehtiva edir. Regional miqyasda dayanıqlı sülh yalnız hərbi qələbənin bu istiqamətdə uğurlu proyeksiyası sayəsində mümkündür.
Ancaq hərbi qələbənin regional miqyasda uğurlu “geosiyasiləşməsi” liderliyin ən çətin istiqamətlərindən biridir. Bu mənada, dövlətin davamlı və dayanıqlı sülh mühiti yaratmaq təcrübəsi ayrıca anlam kəsb edir.
Azərbaycan Prezidentinin irəli sürdüyü aşağıdakı tezislər vurğulanan mənada dayanıqlı sülh mühitini politoloji dərketmənin mərkəzi punktunu təşkil edir. Dövlət başçısı forumda ifadə etmişdir: “Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”.
Bu, dövlətin sülhyaratma kontekstində siyasi fəaliyyəti ilə bağlı möhtəşəm qənaətdir. Həm də konkret bir mərhələnin yekunudur. Onun regional sülhyaratma prosesindən qlobal əməkdaşlığa keçid mexanizmləri aspektində aktual cəhətləri mövcuddur. Onları araşdırmaq üçün siyasi təcrübənin vurğulanan üç növünün ortaq semantik sahəsini müəyyən etmək gərəkdir.
Təməl prinsiplər
Azərbaycan lideri müasir mərhələdə ölkənin siyasi təcrübəsinin formalaşmasının təməl prinsiplərini müəyyən etmişdir. Birinci təməl prinsip XXI əsrdə Azərbaycanın qazandığı siyasi təcrübənin ümumi cəhətini ifadə edir. Həmin prinsip aşağıdakı kimidir.
Birinci prinsip: “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur” (Azərbaycan Prezidenti İlham Əliyev).
Bu prinsipin ilk tezisinin semantikası üç hissədən ibarətdir:
- işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış ölkə;
- suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş ölkə;
- məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə.
Onun semantikası təcavüzə məruz qalmış ölkənin güc tətbiqi ilə suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini bərpa etmiş ölkə olmağa transformasiyası və sonrakı mərhələdə məğlub olmuş düşmənə sülh təklif etmiş ölkəyə çevrilməsi ilə bağlıdır.
Deməli, ümumi səviyyədə prosesin semantikası belədir: haqsızlığa uğramış ölkə əvvəlcə suverenliyini, ərazi bütövlüyünü və milli ləyaqətini bərpa etmiş və həmin təməl üzərində məğlub etdiyi ölkəyə “sülh əlini uzatmışdır”.
Prinsipin ikinci hissəsinin semantikası isə praktiki gerçəklikdə sülh mühitinin təmin edilməsi ilə əlaqəlidir. Bu əlaməti aşağıdakı cümlə ifadə edir: “...biz artıq real həyatda sülhü təmin etmişik”.
Beləliklə, birinci təməl prinsipdə Azərbaycanın siyasi təcrübəsində konseptual səviyyədə müəyyən edilmiş semantik sahənin praktiki müstəviyə uğurlu tətbiqi əksini tapmışdır. Bu cür ümumi başlanğıc özəllikdən digər üç prinsip alınır.
İkinci prinsip: “Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk” (Azərbaycan Prezidenti İlham Əliyev).
Siyasi təcrübənin sülh mühitində ayrıca əhəmiyyətli faktoru Azərbaycanın müxtəlif istiqamətlərdən Ermənistana mal daşınmalarının sərbəstləşməsi ilə bağlıdır. Bu proses ümumilikdə regional miqyasda kommunikasiyaların açılmasının qlobal əməkdaşlığa keçid etməyə xidmət göstərməsi fonunda çox maraqlı təsir bağışlayır. Bunu Azərbaycan beynəlxalq hüquqa tam uyğun formada etməkdədir və eyni zamanda, əməkdaşlığın yeni mərhələsinə keçid üçün tam zəmin hazırlamışdır.
Onu vurğulayaq ki, ikinci təməl prinsipin regional miqyasda bir əhəmiyyətli xüsusiyyəti də vardır. O, regional miqyasda sülh, təhlükəsizlik və əməkdaşlığın sintezidir. Sülhə nail olduqdan sonra regional miqyasda əməkdaşlığın elə istiqamətinə üstünlük verilir ki, qlobal əməkdaşlıq üçün geniş yol açılır. Ermənistan hərb meydanında məğlub olduqdan sonra Azərbaycan nəqliyyat-loqistika sferasında ona iki istiqamətdə geniş imkanlar yaratmaq təşəbbüsü ilə çıxış edir.
Birincisi, Ermənistana mal daşınmasındakı məhdudiyyətləri aradan qaldırır.
İkincisi, nəqletmə və loqistika strukturunu elə qurur ki, regional sabitlik və təhlükəsizlik qlobal miqyasda əməkdaşlığa imkanlar yaradır.
Yəni Azərbaycan liderinin ikinci prinsipi Ermənistanla münasibətlərin birbaşa qlobal səviyyəyə yüksəlməsinin sivil “kompası”dır!
Buradan qlobal miqyasda özünü göstərən proseslərin iki mühüm aspektinə aid maraqlı konseptual və realpolitik keçid imkanı meydana gəlir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

