Türkiyədə 1700 illik Roma hamamı aşkarlandı

post-img

Türkiyədə aparılan arxeoloji qazıntılar zamanı qədim Roma dövrünə aid 1700 illik hamam aşkar edilib. Fox News-un məlumatına görə, tapıntı təsadüfən yerli fermerin ərazisində albalı tingləri əkərkən mozaika naxışlarına rast gəlməsi nəticəsində üzə çıxıb.

Arxeoloqların apardıqları araşdırma zamanı mozaikanın təxminən 70 metrliyində daha böyük tikili – 75 kvadratmetr sahəyə malik hamam müəyyən edilib. Mütəxəssislər onun eramızın son Roma dövrünə aid olduğunu bildirirlər.

Qədim hamam o dövr üçün yüksək səviyyədə mühəndis həlləri ilə təchiz olunub. Burada döşəməaltı isitmə sistemi mövcud olub, soyuq, ilıq və isti bölmələrə ayrılmış məkanlarda isə bugünkü spa mərkəzlərinə bənzər şərait yaradılıb. Kompleksdə buxar otaqları, hovuzlar, təmiz suyun gətirilməsi və tullantıların axıdılması üçün ayrıca kanallar da olub.

Vilayətin mədəniyyət və turizm direktoru Ahmet Demirdağ bildirib ki, hamam və mozaika bölgədə geniş şəhər məskəninin mövcudluğunu sübut edən zəngin irsin bir hissəsidir: “Qazıntılar davam edəcək və gələcəkdə bu ərazi turistlərin ziyarətinə açılacaq.”

Arxeoloq Emre Çayır isə qeyd edib ki, bu cür abidə bölgədə ilk dəfədir aşkar olunur: “Tikilinin memarlıq planı bu günədək demək olar ki, tam şəkildə qorunub. Soyuq, ilıq və isti bölmələrdə qədim mühəndislik izləri açıq görünür ki, bu da hamamı unikal edir.”

Tapıntı arxeoloqlar tərəfindən regionun tarixini öyrənmək baxımından mühüm kəşf kimi qiymətləndirilir. 

S.ELAY

XQ

 

 

Maraqlı