Aprelin 21-də Bakı Kitab Mərkəzində “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə həsr olunmuş “Özünə sadiq ömür: Anarsız 15 il” adlı tədbir keçirilib.
Görkəmli ictimai xadimin vəfatının 15-ci ildönümü ilə bağlı təşkil olunan tədbirin əsas məqsədi Anar Məmmədxanovun zəngin həyat yolunu, yaradıcılıq irsini, Azərbaycan gəncliyinə, ictimai həyata verdiyi töhfələri bir daha xatırlatmaq və bu irsi gələcək nəsillərə çatdırmaq olub.
“Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşov Anar Məmmədxanovla bağlı xatirələrini bölüşərək onunla olan dostluq münasibətlərindən danışıb. Mərhumun həyat yoldaşı İradə Məmmədxanova onun ailə dəyərlərinə sadiqliyindən, insani keyfiyyətlərindən və hər zaman yaxınlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Xalq yazıçısı Elmira Axundova Anar Məmmədxanovun həyatına həsr olunmuş “Anar Məmmədxanov. Kapitanın taleyi” kitabı barədə məlumat verib. O qeyd edib ki, kitab müxtəlif insanların xatirələri əsasında formalaşıb və Anarın həyat yolunu daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.
Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Anar Məmmədxanovun oğlu İslam Məmmədxanov, tərcüməçi Rəbiqə Nazimqızı çıxış edərək Anar Məmmədxanovun dərin vətən sevgisindən, yüksək intellektindən və təşkilatçılıq bacarıqlarından danışaraq onun Azərbaycan ictimai həyatında xüsusi yer tutduğunu vurğulayıblar.
Sonda çıxış edən incəsənət nümayəndələri Anar Məmmədxanov haqqında xatirələrini bölüşərək onun Azərbaycan mədəniyyətindəki əvəzsiz rolunu xüsusi olaraq vurğulayıblar.


