Xərçəng müalicəsində inqilabi addım: Alimlər şiş toxumasını bədəndən kənarda 10 gün canlı saxlaya biliblər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Seçenov Universitetinin alimləri digər elmi mərkəzlərin mütəxəssisləri ilə birlikdə xərçəng xəstəliyinin müalicəsində mühüm elmi nailiyyətə imza atıblar. TASS agentliyinin universitetin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədqiqatçılar dünyada ilk dəfə olaraq xüsusi orqan kulturası texnologiyasını tətbiq edərək, bədxassəli seminoma  toxumasını orqanizmdən kənarda düz 10 gün ərzində canlı və yararlı vəziyyətdə saxlamağa müvəffəq olublar. Beynəlxalq "Molecular Sciences" jurnalında dərc olunan bu kəşf, effektiv kimyaterapiya üsullarının birbaşa xəstə üzərində sınaq-səhv metodu ilə deyil, hələ laboratoriya mərhələsində tam dəqiqliklə seçilməsinə imkan verəcək.

Mütəxəssislər izah edirlər ki, eyni alt qrupa aid olan xərçəng şişləri belə müxtəlif pasiyentlərdə tamamilə fərqli bioloji və molekulyar xüsusiyyətlər nümayiş etdirir. Üstəlik, şişin ətrafındakı mikromühit – immun hüceyrələri, damarlar və siqnal molekulları da xərçəng hüceyrələrinin böyüməsinə təsir göstərərək müalicəni çətinləşdirir. 

Bu problemin həlli üçün alimlər şiş toxumasının fraqmentlərini, onun daxili strukturunu və hüceyrəarası əlaqələrini tam qoruyan EVOC (Ex Vivo Organ Culture - bədəndən kənar orqan kulturası) texnologiyasından yararlanıblar. Qeyd etmək lazımdır ki, indiyədək ağciyər və sidik kisəsi xərçəngi üzərində aparılan analoji tədqiqatların müddəti maksimum 5-7 günlə məhdudlaşırdı. 

Rusiya alimlərinin apardığı son sınaqlar isə seminoma şişinin kənarda 10 gün yaşaya bildiyini və ən əsası, hüceyrə mikromühitinin böyük hissəsini saxladığını sübut edib. Bu isə gələcəkdə hər bir xəstə üçün fərdi, tam hədəfəyönümlü xərçəng müalicəsinin laboratoriyada hazırlanmasını tamamilə real edir.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Sosial həyat