Hüseyn Əliyev yarım əsrdən çox “Xalq qəzeti”nin baş rəssamı olub
İlk növbədə, qəzetçi-rəssam kimi tanınmış Hüseyn Əliyev Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən olub. Qəzetçiliyin texniki tələbləri, ikiqat məsuliyyət onun əlini fırçadan qətiyyən soyutmayıb. Əsasən, qrafik janrla bağlı gündəlik fəaliyyətə baxmayaraq, bədii təxəyyülünün bəhrələrini də yağlı boya ilə kətana köçürmək üçün daim yaradıcılıq axtarışı aparıb və bu sahədə də uğurlar qazanıb.
Onun tərcümeyi-halının yarım əsrdən çox dövrü baş rəssamı və bədii tərtibat şöbəsinin müdiri olduğu “Kommunist” qəzeti ilə (indiki “Xalq qəzeti”) bağlı olsa da, sənətdə pərvəriş tapmasına görə özünü, ilk növbədə, “Molla Nəsrəddin”ə borclu sayırdı. Çünki ilk rəsmləri məhz bu jurnalda işıq üzü görüb. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə ilə rəssam Əzim Əzimzadə Hüseynin karikaturalarını çox bəyəniblər, o da bundan ruhlanaraq sənətə ömürlük bağlanıb.
Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprel ayının 22-də Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Bahar fəslinin övladı kimi təbiət gözəlliklərinin vurğunu olub, 12 yaşında ikən çəkdiyi ilk rəsmdə qədim Qarakilsənin təbiət mənzərəsini akvarel janrında əks etdirib. Bakıda Rəssamlıq Texnikumunu bitirəndən sonra Leninqrad Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun nəzdindəki üçillik xüsusi kursda təhsil alıb.
O, 1939-cu ildə Mirzə Fətəli Axundovun portretini yaratmaq üçün elan edilmiş respublika müsabiqəsində mükafata layiq görülüb. Dövrün, zamanın tələbləri ilə bağlı çəkdiyi onlarca plakatı ictimai-siyasi məzmununa, sadəliyinə və orijinal həllinə görə fərqlənib.
İkinci Dünya müharibəsi başlananda Hüseyn Əliyev Daxili İşlər Nazirliyinin tabeliyindəki bədii təşviqat alayında qulluq edib və dəfələrlə ön cəbhəyə yollanıb. Neçə-neçə qəhrəman döyüşçünün portretini yaradıb, müharibə mövzusunda plakatlar hazırlayıb, təcavüzkar hitlerçilərin karikaturalarını çəkib. Bu xidmətlərinə görə “Xalqlar dostluğu” ordeni və medallarla təltif olunub.
Hüseyn Əliyev 1944-cü ilin avqust ayında “Kommunist” qəzetinin redaktoru, böyük yazıçı Əli Vəliyevin köməkliyi ilə yenidən redaksiyaya qayıdıb və təqaüdə çıxanadək burada çalışıb. Rəsm əsərləri çəkməklə yanaşı, müxtəlif mövzuda məqalələr də yazıb. Həmkarları və dostları onu istedadlı rəssam və təvazökar ziyalı kimi dəyərləndiriblər.
Xalq rəssamı Tahir Salahov öz xatirələrində yazıb: “Qəlbimdə Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən bəhrələnərək davam etdirmişdir. Biz nəsil rəssamlar incəsənətə xeyli sonralar gəlmişik. Həmişə bu qocaman ağsaqqalımıza minnətdarlıqla yanaşır, onun yaradıcılığını və mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndiririk. O, rənglərlə işləməyin ustası idi. Xüsusilə də məzmunun mənasını açmağa kömək edən atribut və rəmzləri öz əsərlərində məharətlə tətbiq edirdi. Onun rənglərində musiqinin ritmi və ahəngi duyulurdu. Bu canlılıq hər rəssama xas olmur”.
Uşaqlıqdan yaddaşında həmişəlik iz salmış füsunkar təbiət gözəllikləri tanınmış rəssamı hər zaman ilhamlandırıb. Onun mötəbər sərgilərdə nümayiş etdirilmiş əsərləri arasında doğma Comərdli kəndində çəkdiyi “Yəhər Təpə” və “Mahmud bulağı” tabloları özünəməxsus yer tutub. “İlanlı dağ” tablosu, “Urud qalası” peyzajı, eləcə də “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsulu idi. Təsadüfi deyil ki, onun haqqında çəkilmiş “Hüseyn Əliyev” adlı 4 dəqiqəlik film-etüd, sanki, Azərbaycanın dilbər guşələrinə unudulmaz bir səyahət təsiri bağışlayır.
“Göygöl mənzərələri” adı ilə çap olunmuş rəsm albomunda 17 əsərinin reproduksiyası təqdim edilib. Qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilirdi. İki il ərzində Kəpəz dağının 25 akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaradıb. Xalq rəssamı Mikayıl Abdullayev sənət dostunun bu uğurunu heyrətlə dilə gətirərək deyib ki, dünya təcrübəsində yalnız italyan rəssam bir dağın 10 fərqli görünüşünü çəkə bilib, Hüseyn Əliyev isə Kəpəzin 25 görüntüsünün rəsmini çəkib.
“Mənim müəllimim təbiətin özüdür!” - deyən rəssamın Azərbaycan təsviri sənətindəki xidmətlərin danılmazdır. Vəfatından 15 il sonra – 2004-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində onun əsərlərindən ibarət sərgi təşkil edilib və istedadı yüksək dəyərləndirilib. 2011-ci ildə, 100 illiyi ərəfəsində RF-nin Sankt-Peterburq şəhərində sərgilənən ekspozisiyası da könülləri ram edib. Seyrçilər təbiət və insan fəlsəfəsini vəhdət halına gətirən Hüseyn Əliyevin yaradıcılıq dəst-xəttinin qeyri-adiliyini vurğulayıblar. Monteneqro və Polşada da sənətsevərlər görkəmli rəssamın sərgilərində zəngin təəssürat əldə ediblər.
Ə.DOSTƏLİ
XQ



