Regional balans və Balkanlarda yeni dinamika

post-img

Avropa daxilində artan strateji narahatlıqlar

Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkiləri ölkədəki daxili siyasi böhranın kulminasiya nöqtəsi kimi yadda qaldı. Uzun müddət davam edən qeyri-sabitlik fonunda seçici davranışında kəskin dəyişiklik müşahidə olundu və həmin dəyişiklik hakimiyyətə yeni siyasi kursun gəlməsi ilə nəticələndi.

“Mütərəqqi Bolqarıstan” xətti ilə seçkilərə qatılan Rumen Radevin qələbəsi həm ölkə daxilində, həm də Avropa məkanında geniş rezonans doğurdu. Ursula Fon der Lyayen və Antonio Koşta Radevi təbrik edərək, onunla əməkdaşlığa hazır olduqlarını bildirdilər. Bununla Brüsselin mövcud reallığı qəbul etməklə Sofiya ilə münasibətləri sabit saxlamaq niyyəti bir daha özünü büruzə verdi. Amma hər nə qədər rəsmi açıqlamalarda Bolqarıstanın Avropa ailəsindəki rolu vurğulansa da, siyasi pərdənin arxasında müəyyən narahatlıqların olduğu açıq hiss edilir. Seçkilərin nəticələri Avropa İttifaqında ehtiyatlı optimizmlə qarşılandı.

Son beş ildə səkkizinci dəfə seçkiyə gedən Bolqarıstan cəmiyyətində siyasi elitaya qarşı güclü inamsızlıq formalaşmışdı. Rumen Radev hələ kampaniya dövründə mövcud idarəetmə modelini sərt tənqid etmiş, oliqarxların təsiri altında olan sistemə qarşı çıxmaqla geniş seçici kütləsinin dəstəyini qazanmışdı. Bununla belə, əsas müzakirə mövzusu Radevin xarici siyasətlə bağlı baxışlarıdır. Ukrayna məsələsində onun mövqeyi Qərbin ümumi xətti ilə üst-üstə düşmür. Kiyevə hərbi yardımın əleyhinə çıxması və münaqişənin danışıqlar yolu ilə həllini önə çəkməsi Avropa daxilində fikir ayrılıqlarını daha da dərinləşdirir.

ARAYIŞ: Rumen Radev keçmiş hərbi pilot və yüksək səviyyəli siyasi liderlərdən biridir. O, 1963-cü ildə Bolqarıstanda anadan olub. Hərbi təhsil alaraq döyüş pilotu kimi yetişib və uzun illər Hərbi Hava Qüvvələrində xidmət edib. Sonradan Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə qədər yüksəlib. 2016-cı ildə siyasətə daxil olaraq prezident seçilib. 2021-ci ildə yenidən prezident mandatı qazanıb. Radev ölkənin daxili siyasi böhran dövründə əsas fiqurlardan birinə çevrilib. Onun prezidentliyi dövründə Bolqarıstanın siyasi sistemi tez-tez hökumət dəyişiklikləri ilə müşahidə olunub. Xarici siyasətdə Radev daha çox balanslı və ehtiyatlı yanaşması ilə tanınır. Bu mövqeyinə görə bəzi siyasətçilər onu Rusiya ilə yumşaq münasibətə sahib lider kimi qiymətləndirirlər.

Seçkilərin nəticələrini, sadəcə, sosial narazılıqlarla əlaqələndirmək düzgün olmaz. Çünki Avropa İttifaqına üzvlük ölkəyə müəyyən iqtisadi və institusional üstünlüklər qazandırsa da, inteqrasiya prosesinin yaratdığı gözləntilər tam şəkildə özünü doğrultmadıqda alternativ siyasi diskursların güclənməsi qaçılmaz olur. Radev məhz bu boşluqdan istifadə edərək daha milli və daha müstəqil siyasi xətt vəd edən ritorika ilə seçiciləri cəlb etməyi bacardı. Məhz bu səbəbdən, Brüsseldə seçkinin nəticələri daha çox geosiyasi prizmadan qiymətləndirilir. Avropa Xalq Partiyası, eləcə də sosialistlər və demokratlar daxilində səsləndirilən fikirlər seçkilərin Avropa üçün mümkün nəticələrinə fokuslanır. Məsələn, çexiyalı deputat Tomas Zdeçovski nəticələri ciddi geosiyasi dəyişiklik kimi xarakterizə edərək Bolqarıstandan göndərilən siqnalın narahatedici olduğunu vurğulayıb. Əslində bu yanaşma seçkilərin daha geniş strateji çərçivədə qiymətləndirildiyini göstərir. Digər bir sərt mövqe isə avstriyalı siyasətçi, Sosialistlər və Demokratlar Partiyasının üzvü Andreas Şider tərəfindən ifadə olunub. O, Radevin qələbəsini Avropa üçün geriləmə kimi qiymətləndirərək bunu Viktor Orban xəttinin davamı kimi təqdim edib. Şiderin müqayisəsi təəccüb doğurmamalıdır. Çünki son illər Avropa İttifaqı daxilində bəzi ölkələrin daha müstəqil və bəzən Brüsselə qarşı çıxan siyasət yürütməsi birlik daxilində parçalanma risklərini artırıb. Bolqarıstanın bu siyahıya qoşulma ehtimalı Avropa üçün yeni dilemmanı gündəmə gətirir. Daha dəqiq desək, bir tərəfdə demokratik seçki nəticələrinə hörmət prinsipi, digər tərəfdə isə nəticələrin ümumi siyasi kursa təsiri məsələsi dayanır. Ziddiyətlər Avropa İttifaqının gələcək inkişaf modelinin nə qədər mürəkkəb və çoxqatlı olduğunu bir daha ortaya qoyur.

Sonda qeyd edək ki, seçkilərin nəticələri, eyni zamanda, regionda qüvvələr balansına da təsir göstərə bilər. Balkanlar tarixən böyük güclərin maraqlarının toqquşduğu məkan olub və Bolqarıstanın siyasi kursunda baş verən dəyişikliklər bu balansı yenidən formalaşdıra bilər. Radevin daha balanslı, bəzən isə Qərbdən fərqli mövqe sərgiləməsi regionda yeni siyasi dinamika yarada bilər. Seçici davranışında müşahidə olunan dəyişikliklər, siyasi ritorikanın transformasiyası və beynəlxalq reaksiyaların müxtəlifliyi göstərir ki, Avropa yeni mərhələyə qədəm qoyur. Radevin hakimiyyətə gəlişi bu mərhələnin başlanğıc nöqtələrindən biri kimi qiymətləndirilir. Həm milli suverenlik anlayışının yenidən şərh edilməsi, həm də kollektiv təhlükəsizlik modelinin sınağa çəkilməsi kimi ehtimallar vəziyyətin mürəkkəbliyini artrır. Bolqarıstanın qarşıdakı dövrdə hansı siyasi kursu seçəcəyi bütövlükdə Avropanın gələcək trayektoriyasına təsir göstərəcək. Çünki Sofiyada verilən qərarlar Brüsselə təsirsiz ötüşmür.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Azərbaycan–Bolqarıstan münasibətləri 90-cı illərin əvvəlindən bu günə qədər yüksək səviyyədə inkişaf edir. Amma Rumen Radev Bolqarıstanın dövlət başçısı olduğu dövrdə bu əlaqələr daha sıx və məhsuldar mərhələyə keçmişdi. Onun Bakıya etdiyi səfərlər, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərləri zamanı imzalanan bir sıra sənədlər bu əməkdaşlığın möhkəm əsaslarını formalaşdırıb.

Qarşılıqlı əməkdaşlıqda əsas istiqamətlərdən biri enerji sahəsidir. Azərbaycan Balkan yarımadasını, o cümlədən Bolqarıstanı qazla təmin etməklə onların enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırkı mürəkkəb siyasi şəraitdə bu addım Bolqarıstanın maraqlarına tam cavab verən strateji qərardır.

Rumen Radevin Partiyasının qələbəsinə gəldikdə isə proses Azərbaycan üçün də əhəmiyyət daşıyır. Çünki həmin partiyanın xarici siyasət kursu bir sıra məsələlərə daha realist yanaşma sərgiləyir və bu, Azərbaycanda da düzgün qiymətləndirilir. Bu səbəbdən onun partiyasının qələbəsi Azərbaycan–Bolqarıstan münasibətlərini daha da yüksək səviyyəyə qaldıran amil kimi dəyərləndirilə bilər. Eyni zamanda, humanitar sahələrdə, xüsusilə təhsil istiqamətində əməkdaşlıq genişlənir. Şübhəsiz ki, iki dövlət arasında münasibətlərin inkişafı hər iki tərəfin maraqlarına tam uyğun şəkildə davam edəcək.

N.ELDARQIZI
XQ



Siyasət