Peyvənd mövzusu illərdir müzakirə olunaraq bəzən emosional, bəzən də yanlış məlumatlara əsaslanan mübahisələr yaradır. Amma tibbi baxımdan, peyvəndlər insanlığın əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir. Onlar fərdi sağlamlığı qoruyur, ictimai sağlamlığın da təhlükəsizliyini təmin edən əsas mexanizm rolunu oynayır.
İmmun sisteminin işi orqanizmə daxil olan yad mikroorqanizmləri tanımaq və onları məhv etməkdir. Peyvəndlər isə bu sistemi əvvəlcədən “təlimləndirir”. Yəni zəiflədilmiş və ya təsirsiz hala gətirilmiş virus, bakteriya hissəcikləri bədənə daxil edilir, immun sistemi onlara qarşı müdafiə mexanizmi yaradır. Nəticədə, real virus orqanizmə daxil olduqda, bədən artıq onu tanıyır və daha sürətli reaksiya verir. Cəmiyyətin böyük hissəsi peyvənd olunduqda da “kollektiv immunitet” formalaşır. Bu isə müxtəlif səbəblərdən peyvənd oluna bilməyən, yəni immun sistemi zəif olan uşaqları və ya xroniki xəstələri də dolayı yolla qoruyur.
Dünya miqyasında isə uşaqların peyvəndlənməsi illərdir səhiyyə sisteminin əsas sütunlarından biridir. Bu proses sayəsində bir vaxtlar milyonlarla insanın həyatına son qoyan xəstəliklər ya tamamilə aradan qalxıb, ya da ciddi şəkildə nəzarət altına alınıb. Lakin son illərin statistikası göstərir ki, qlobal miqyasda əldə olunan bu uğurlar fonunda yeni problemlər də yaranıb. Bəzi ölkələrdə peyvəndlənmə səviyyəsi azalır, valideynlərin tərəddüdü artır və nəticədə, infeksion xəstəliklərin yenidən yayılma riski yüksəlir.
Beynəlxalq təşkilatların məlumatlarına əsasən, hazırda dünyada uşaqların böyük əksəriyyəti peyvənd olunsa da, bu göstərici istənilən səviyyədən aşağıdır. Çünki körpələrin, təxminən, 89 faizi ən azı bir doza peyvənd alır, amma onların yalnız 85 faizi tam peyvənd kursunu başa vurur. Ən narahatedici məqam isə odur ki, təxminən, 14 milyondan çox körpə peyvənd olunur. Bu, xüsusilə səhiyyə infrastrukturu zəif, gəlir səviyyəsi aşağı olan və ya münaqişə bölgələrində yaşayan uşaqlar arasında daha geniş yayılıb.
Qlobal peyvəndləmə prosesinə baxdıqda, ölkələr arasında ciddi fərqlər də aydın görünür. İnkişaf etmiş dövlətlərdə peyvənd olunma 90 faizdən yuxarıdır. Lakin bəzi inkişaf etmiş ölkələrdə belə peyvəndlənmə səviyyəsində azalma müşahidə olunur. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatlara görə, Avropanın bəzi ölkələrində qızılca əleyhinə peyvənd göstəricisi kritik hədd sayılan 95 faizdən aşağı düşüb.
Bununla yanaşı, peyvənd məsələsində diqqətçəkən ən mühüm dəyişiklik valideynlərin münasibətində baş verir. Əgər əvvəllər peyvəndlərə qarşı əsas problem əlçatanlıq idisə, bu gün daha çox valideyn inamsızlığından danışılır. Bir çox ölkədə valideynlərin peyvəndlərin təhlükəsizliyi ilə bağlı şübhələri var. Bu şübhələrin yaranmasında isə sosial şəbəkələrdə yayılan dezinformasiya, elmi əsaslara söykənməyən iddialar və konspirasiya nəzəriyyələri mühüm rol oynayır.
ÜST və UNICEF-in araşdırmaları göstərir ki, pandemiyadan sonra peyvəndlərə olan etimad bir sıra ölkələrdə zəifləyib. Xüsusilə COVID-19 dövründə yayılan ziddiyyətli məlumatlar və müxtəlif yanaşmalar valideynlər arasında tərəddüdü daha da artırıb. Halbuki tibbi baxımdan peyvəndlərin effektivliyi və təhlükəsizliyi dəfələrlə sübut olunub. Mütəxəssislər bildirir ki, peyvəndlərin yaratdığı yüngül yan təsirlər, yəni qızdırma, halsızlıq ciddi xəstəliklərlə müqayisədə çox cüzi risk hesab olunur. Əksinə, peyvənd olunmamaq qızılca, poliomielit və digər infeksiyaların yenidən yayılmasına zəmin yaranır. Qlobal təcrübə göstərir ki, peyvəndləmə sosial məsuliyyətdir.
Azərbaycanda isə uşaqlar üçün tətbiq edilən peyvənd təqvimi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun hazırlanıb və bir neçə mərhələdən ibarətdir. Körpə doğulduğu ilk saatlardan etibarən qorunmağa başlayır. Bununla belə, bəzi valideynlər peyvəndlərə ehtiyatla yanaşır. Onların narahatlıqları əsasən vaksinlərin keyfiyyəti və mümkün yan təsirlər istiqamətində cəmlənir. Yan təsirlər isə əksər hallarda yüngül olur, ağır allergik reaksiyalar isə olduqca nadir hallarda müşahidə edilir və belə risklər həkim nəzarəti altında minimuma endirilir.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva XQ-yə bildirdi ki, ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir:
– Azərbaycanda immunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılmasına yönəlib. Hazırda uşaqlar arasında profilaktiki peyvəndlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş peyvənd təqviminə əsasən həyata keçirilir. Uşaqlar ilk iki peyvəndini doğum evində alır, sonra isə yaşadığı ərazi üzrə tibb müəssisəsində qeydiyyata düşərək 2 aylığından 6 yaşına qədər təqvimə uyğun profilaktiki peyvəndlərini davam etdirir.
Ölkədə hazırda dövlət tibb müəssisələrində peyvənd təqviminə uyğun olaraq 0-6 yaş uşaqlar arasında 11 yoluxucu xəstəliyə qarşı vaksinasiya aparılır - Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, b tipli hemofil infeksiya, pnevmokok infeksiyalari, qızılca, epidemik parotit, məxmərək. Peyvəndlər insanları qeyd edilən xəstəliklərdən qoruyur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir.
Uşaqlar hər gün ətraf mühitdəki minlərlə mikrobla təmasda olurlar. Bu mikroblardan qorunmağın ən effektiv üsulu peyvəndləmədir. Ölkədə peyvəndlərlə idarə olunan xəstəliklər qeydə alınmırsa belə, digər ölkələrdən gətirilmə hallar xəstəliklərin alovlanmasına səbəb ola bilər. Uşağın xəstələnməsini gözləmədən, onu peyvənd təqviminə uyğun peyvənd etdirmək mütləqdir.
Əgər peyvəndlə qarşısı alına bilən xəstəlikləri keçirilibsə belə, uşaq yenə də peyvənd edilməlidir. Bu, uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox serotiplərindən qoruyur. Məsələn, Azərbaycanda tətbiq olunan pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 serotipindən qoruyur. Uşaq qızılca xəstəliyi keçiribsə belə, o, qızılca-parotit-məxmərək əleyhinə QPM vaksini ilə peyvənd olunmalıdır. Çünki bu vaksin onu eyni zamanda, epidemik parotit və məxmərək xəstəliklərindən də qoruyacaq.
Vaxtından əvvəl doğulan uşaqlar isə anadan daha az qoruyucu anticisimlər alır. Anticisimlərin onların orqanizmindən daha tez xaric olması nəticəsində həmin uşaqlarda yoluxucu xəstəliklərdən müdafiə aşağı səviyyədə olur və infeksion xəstəliklərə yoluxma ehtimalı artır. Bu səbəbdən də vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr pediatrın təyinatı əsasında profilaktik peyvənd təqviminə uyğun peyvənd oluna bilərlər. Peyvəndlər hər hansı dərman preparatı kimi bəzi yan təsirlərin yaranmasına səbəb ola bilər. Bu, normal haldır və uşaqlar üçün zərərli və təhlükəli deyil.
Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji şöbəsinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva isə dedi ki, ÜST-ün təşəbbüsünə uyğun olaraq, cari ilin 19–25 aprel tarixləri ölkəmizdə “İmmunlaşdırma həftəsi” elan edilib:
– Bununla bağlı respublikanın bütün şəhər və rayonlarında immunizasiya tədbirlərinin genişləndirilməsi, xüsusilə peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və peyvəndlərlə əhatə səviyyəsinin artırılması nəzərdə tutulur. “İmmunlaşdırma həftəsi” hər il aprel ayının son həftəsində keçirilən, əhalinin sağlamlığının qorunmasında müstəsna rol oynayan kampaniyadır. “İmmunlaşdırma həftəsi”nin əsas məqsədi cəmiyyətin bütün yaş qrupları arasında peyvəndləmənin əhəmiyyəti, ən effektiv və təhlükəsiz üsul olduğu barədə məlumatlılığı artırmaq, insanları yoluxucu xəstəliklərdən qorumaq üçün vaxtında vaksinasiya olunmağa təşviq etmək, peyvəndlər haqqında yayılan miflərə elmi faktlarla cavab verməkdir.
Uşaqların peyvənd edilməsi gələcək nəsillərin təhlükəsizliyi üçün atılan ən mühüm addımlardan biridir. Bunun vacibliyi ondadır ki, müasir tibb sayəsində tarixdə milyonlarla uşağın ölümünə və ya şikəst qalmasına səbəb olan xəstəliklərdən qorunma gücünə malik olmuşuq. Vaxtilə qorxulu yuxuya çevrilən uşaq iflici (poliomielit) peyvəndləmə sayəsində, demək olar ki, dünyadan silinmək üzrədir.
Cəmiyyətdə uşaqların böyük əksəriyyəti peyvənd olunduqda, xəstəliyin yayılma zənciri qırılır. Bu, peyvənd olunması tibbi cəhətdən mümkün olmayan (məsələn, ağır allergiyası və ya immun çatışmazlığı olan) digər uşaqları da dolayı yolla qoruyur. Peyvəndlə idarə olunan xəstəliklər təkcə keçici narahatlıq yaratmır, həm də qalıcı zədələr buraxa bilər. Belə ki, qızılca beyin iltihabına və korluğa, məxmərək doğuş qüsurlarına, epidemik parotit karlığa səbəb ola bilər. Biz bu gün uşaqları peyvənd etməklə xəstəliklərin kökünü kəsirik. Əgər bir xəstəlik tamamilə yox edilərsə, gələcəkdə həmin xəstəliyə qarşı peyvənd olunmağa belə ehtiyac qalmayacaq.
Azərbaycanda uşaqların sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyinin təsdiqlədiyi Profilaktik peyvənd təqvimi tətbiq edilir. Bu sıraya 11 yoluxucu xəstəliyə qarşı olan Hepatit B, Vərəm, Difteriya, Göyöskürək və Tetanus, Poliomielit, B tipli hemofil infeksiya, Pnevmokok infeksiyaları, Qızılca, Epidemik parotit və Məxmərək əleyhinə peyvəndlər daxildir.
Son illər ölkəyə bir inyeksiyanın tətbiqi ilə bir neçə xəstəliyin qarşısının alınmasına kömək edən vaksinlər gətirilib. Məsələn, 6 komponentli Heksavaksin, 3 komponentli Qızılca, Epidemik parotit və Məxmərək əleyhinə vaksinlər və s.
Çox dozalı vaksinlərin yerinə tədricən tək dozalı vaksinlərin ölkəyə gətirilməsi də təmin edilib. Profilaktik peyvənd təqviminə əsasən, doğum evində yenidoğulmuşlara 12 saat ərzində Hepatit B və vərəm əleyhinə vaksinlər edilir.
Bundan əlavə, 2 aylıqda 6 komponentli Heksaksin və Pnevmokok vaksini, 3 aylıqda 6 komponentli Heksaksim, 4 aylıqda 6 komponentli Heksaksim və Pnevmokok, 6 aylıqda Pnevmokok və OPV (poliomielit əleyhinə), 1 və 6 yaşda QPM (qızılca, epidemik parotit və məxmərək əleyhinə), 18 aylıqda GDT (difteriya, göyöskürək və tetanus əleyhinə), 6 yaşda DT (difteriya və tetanus əleyhinə) vaksini ilə əhatə olunurlar.
Qeyd edim ki, vaxtında peyvənd almayan gecikmiş uşaqlara da müvafiq təlimata uyğun olaraq peyvəndlər tətbiq edilir. Yuxarı yaşlı şəxslərin vaksinasiyası həm planlı, həm də mövsümi və ya epidemik göstərişlər əsasında aparılır.
Ləman TƏHMƏZ
XQ



