“Sirli xəritə. Şamaxı macəraları”

post-img

Aprelin 21-də Nizami Kino Mərkəzində “Sirli xəritə. Şamaxı macəraları” animasiya filminin təqdimatı olub.

Heydər Əliyev Fondunun dəstəyi, “Harmony of Chaos” animasiya və vizualizasiya studiyası və “BBQ Marketing and Events” Agentliyinin əməkdaşlığı ilə hazırlanan animasiya filmi tamaşaçıları Azərbaycanın müxtəlif bölgələrinə maraqlı səyahətə aparır.

“Harmony of Chaos” animasiya və vizualizasiya studiyasının rəhbəri, “Sirli xəritə. Şamaxı macəraları” animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov çıxışında layihə barədə məlumat verib.

Sonra animasiya filminin hazırlanma prosesini və maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

“Şamaxı macəraları” adlanan ilk hissənin süjeti bir ailənin hekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi ilə yaxından tanış edir. Əsas qəhrəmanlar - nənə, baba və üç nəvə ölkəmizi kəşf edərək Şamaxının tarixini, mədəniyyətini və sirli məqamlarını öyrənirlər. Sehrli hadisələr onları keçmişə aparır və Azərbaycanın zəngin irsini onlara canlı şəkildə göstərir.

Animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov deyib ki, bu cür layihələr uşaqlarda Azərbaycana olan sevgini daha da artıracaq. Filmdə 3D animator kimi çalışan Rüfət İsmayılov isə deyib ki, “Sirli xəritə” animasiyası serialdır və davamlı olacaq. Filmin bu hissəsində personajlar Şamaxıya səyahət edərək qədim adət-ənənələrimizə şahid olurlar. Növbəti hissələr isə Azərbaycanın digər mədəniyyət guşələrinə həsr olunacaq.

XQ

Mədəniyyət