Türk dünyasının ortaq ədəbi-mədəni dəyərlərinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm proseslərin getdiyi müasir mərhələdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin beynəlxalq səfərləri xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun və ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Elman Quliyevin Türkiyənin paytaxtı Ankaraya səfəri həm də Türk dünyasının mənəvi inteqrasiyasının real təzahürü kimi dəyərləndirilməlidir.
Ortaq dil, tarix və mədəniyyət üzərində qurulan əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirən səfərin ən mühüm məqamlarından biri TÜRKSOY-un baş katibi Sultan Rayev ilə keçirilən görüş oldu. Görüşdə Hüseynbala Mirələmovun yaradıcılığı geniş müzakirə edildi, onun əsərlərinin Türk dünyasının ədəbi düşüncəsinə təsiri xüsusi vurğulandı.
Sultan Rayev yazıçının əsərlərində milli kimlik, tarixi yaddaş və mənəvi dəyərlərin yüksək bədii ustalıqla təqdim olunduğunu qeyd edərək, onun fəaliyyətinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əhəmiyyətli olduğunu bildirdi.
Görüşün ən yaddaqalan anlarından biri Hüseynbala Mirələmova TÜRKSOY-un xüsusi medalının təqdim edilməsi oldu. “Türk dünyası kültür və sənətinə yapmış olduğunuz katkılar anısına” ifadəsi ilə təqdim edilən bu mükafat yazıçının çoxillik fəaliyyətinə verilən yüksək qiymət olmaqla yanaşı, Azərbaycan ədəbiyyatının Türk dünyasındakı nüfuzunun göstəricisi kimi də qəbul edilməlidir.
TÜRKSOY qərargahında keçirilən görüşlərdə baş katibin müavini Sayid Yusuf, Azərbaycanın mədəniyyət təmsilçisi Vüqar Məmmədov və Mətbuat Mərkəzinin rəhbəri Vüqar Novruzoğlu ilə aparılan müzakirələr xüsusi əhəmiyyət daşıdı.
Bu görüşlərdə ortaq ədəbi platformaların yaradılması, birgə nəşr layihələrinin həyata keçirilməsi, mədəni tədbirlərin genişləndirilməsi, gənc nəsil üçün inteqrativ proqramların hazırlanması kimi məsələlərə diqqət ayrıldı.
Hüseynbala Mirələmovun yaradıcılığına toxunan görüş iştirakçıları onun müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri olan, məhsuldar və çoxşaxəli yaradıcılığı ilə seçilən sənətkarlardan olduğunu vurğuladılar. Qeyd edildi ki, yazçının dramaturgiya və nəsr sahəsində qələmə aldığı əsərlər milli ruhun, tarixi yaddaşın və müasir insanın daxili dünyasının dərindən bədii təhlilini təqdim edir.
Səfər çərçivəsində keçirilən görüşlərdə filologiya elmləri doktoru, professor Elman Quliyevin fəaliyyəti də diqqət mərkəzində oldu. Qeyd edildi ki, tanınmış alimin uzun illərdir türk xalqları ədəbiyyatının müqayisəli şəkildə öyrənilməsi, ortaq ədəbi köklərin araşdırılması və bu sahədə elmi məktəbin formalaşdırılması istiqamətində mühüm işlər görüb.
Azərbaycanlı qonaqların Ankara Hacı Bayram Veli Universitetində keçirdikləri görüşlər səfərin ən canlı və dinamik hissələrindən oldu. Görüşlərdə Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” və Hüseynbala Mirələmovun “Bəyaz buludlar üstdə” kitablarının təqdimatı keçirildi. Universitetin tələbə və müəllim heyəti bu əsərləri böyük maraqla qarşıladı.
Universitetin rektor yardımçısı, dekan professor doktor Fırat Purtaş Azərbaycandan gələn qonaqlar haqqında xoş sözlər söyləyib, onların ədəbiyyata verdikləri töhfələrdən bəhs etdi.
Tədbirdə, həmçinin professor doktor Həbibə Yazıcı Ərsoy, Arzuman Azaflı, Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibova və İraq-Türkmən Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi çıxış edərək qonaqların yaradıcılığından danışıblar.
Hüseynbala Mirələmov görüşdə çıxışı zamanı ədəbiyyatın insanları birləşdirən ən güclü vasitələrdən biri olduğunu vurğuladı. Elman Quliyev isə Türk xalqlarının ortaq ədəbi köklərinin qorunmasının strateji əhəmiyyət daşıdığını qeyd etdi.
Görüşdə Türk dünyası ədəbiyyatının inkişafına verdikləri töhfəyə görə tanınmış ədəbiyyat xadimləri Hüseynbala Mirələmov və Elman Quliyev xüsusi təşəkkür sənədi ilə təltif olundular. Təşəkkür sənədləri Türkiyat Tətbiqi və Araşdırma Mərkəzinin direktoru, professor doktor Həbibə Yazıcı Ersoy tərəfindən təqdim edildi.
Qazi Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Türkiyədəki səfirliyinin təsis etdiyi Kültür Dərnəyində keçirilən görüş də xüsusi əhəmiyyət kəsb etdi. Qarşılıqlı fikir mübadiləsinin aparıldığı bu tədbirdə Hüseynbala Mirələmov və Elman Quliyevin Türk dünyasına xidmətləri sadalandı, onların yaradıcılığına olan diqqət xüsusi vurğulandı. Qeyd olundu ki, Azərbaycan ədəbiyyatına olan böyük maraq nəzərə alınaraq, hər 6 aydan bir 35 tələbəyə Azərbaycan dili tədris olunur.
Dərnəyin kitabxanasında Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələri ilə yanaşı, Hüseynbala Mirələmov və Elman Quliyevin əsərlərinin yer alması onların yaradıcılığına olan marağın göstəricisidir.
Bu səfər bir daha sübut etdi ki, Türk dünyasının ədəbi və mədəni birliyi yalnız rəsmi sənədlər və bəyanatlarla deyil, həm də görüşlər, qarşılıqlı səfərlər və canlı ünsiyyət vasitəsilə möhkəmlənir.
Rövşən AĞAYEV,
Azərbaycan Yazıçılar Birliyinin üzvü



