Ümumdünya Antidopinq Agentliyinin (WADA) təşkilatçılığı ilə Hindistanın paytaxtı Yeni Dehli şəhərində “Qlobal antidopinq təhqiqatı və araşdırmalar şəbəkəsi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib.
WADA-nın dəvəti ilə mərasimdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinın (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı təmsil ediblər. Konfransa WADA-nın rəhbər heyəti ilə yanaşı, INTERPOL, EUROPOL və 70-ə yaxın milli antidopinq təşkilatının nümayəndələri qatılıblar.
Mərasim çərçivəsində dopinqlə mübarizənin artıq yalnız laborator analizlər və testlərlə məhdudlaşmadığı, bu sahədə qlobal səviyyədə təhqiqat və hüquq-mühafizə əməkdaşlığına əsaslanan kompleks yanaşmanın formalaşdığı xüsusi vurğulanıb. Bildirilib ki, müasir dövrdə dopinq problemi daha çox təşkilatlanmış transmilli şəbəkələrin fəaliyyəti ilə əlaqəlidir və buna qarşı effektiv mübarizə yalnız genişmiqyaslı beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.
Konfransda WADA ilə INTERPOL-un birgə həyata keçirdiyi “Operation Upstream” əməliyyatı barədə ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, əməliyyat çərçivəsində 20-dən çox ölkədə yüzlərlə reyd keçirilib, onlarla qeyri-qanuni laboratoriya aşkar edilərək fəaliyyəti dayandırılıb və böyük həcmdə qadağan olunmuş maddələr müsadirə olunub.
Qabil YUSİFOĞLU
XQ

