“Azyaşlıları qoruma”, yoxsa gizli nəzarət?

post-img

Onlayn yaş yoxlama təşəbbüsü anonimliklə bağlı narahatlıq yaradır

Rəqəmsal dünyanın ən çox müzakirə olunan mövzularından biri yenidən gündəmdədir. Uşaqları qorumaq üçün internetdə sərhəd çəkmək doğrudurmu, yoxsa biz bununla onların azadlığını əlindən alırıq? Avropada irəli sürülən onlayn yaş yoxlama mexanizmi məhz bu dilemmanın mərkəzində dayanır. Bildirilir ki, yeni mexanizmin əsas məqsədi uşaqlar pornoqrafiya, qumar, asılılıq yaradan platformalar və zərərli məzmundan qorumaqdır. Amma texnologiyanın dili ilə ifadə olunan hər qoruma cəhdinin necə işləyəcəyi, kimə nə qədər güc verəcəyi və hansı qapıları açacağı da eyni dərəcədə vacibdir.

Yaş yoxlama sistemi zahirən sadə görünsə də, mahiyyət etibarilə çox həssas informasiya axınını idarə edən bir mexanizmdir. İstifadəçinin yaşını təsdiqləmək üçün sistem hansı məlumatı toplayacaq? Bu məlumat harada saxlanacaq? Kimlər ona çıxış əldə edəcək? İstifadəçi bütöv rəqəmsal infrastruktura bağlanacaqsa, həmin infrastrukturun nəzarət imkanları da genişlənəcək. Məhz buna görə məxfilik məsələsinə də diqqət yetirmək vacibdir. Çünki çoxları bu təşəbbüsü potensial izləmə mexanizmi kimi görür. Yeni mexanizmin müdafiəçiləri deyirlər ki, uşaqların zərərli məzmuna çıxışı məhdudlaşdırılmalıdır. Bu arqumentin ictimai dəstəyi də böyükdür, çünki heç bir cəmiyyət öz yeniyetməsinin asılılıq yaradan məzmun dalğasında itib–getməsini istəmir. Amma metodun keyfiyyəti prosesdə bir “əmma” yaradır. Əgər hər yoxlanış üçün şəxsiyyət təsdiqi, rəqəmsal iz və ya dövlətlə bağlı identifikasiya mexanizmi tələb olunursa, təhlükəsizliklə nəzarət arasındakı sərhəd incəlir. Uşağı qorumaq üçün qurulan sistem böyüyün davranışını izləyən alətə çevrilə bilər. Nə də olsa rəqəmsal mühitdə faydalı hesab olunan bir çox sistemin sonradan necə funksional nəzarət mexanizminə çevrildiyi hallar kifayət qədərdir.

Prosesə qarşı arqument gətirənlər məxfiliklə yanaşı informasiya azadlığını da ön plana çıxarırlar. Onların fikrincə, yaş məhdudiyyəti adı altında elə bir sistem qurula bilər ki, gənclər ümumiyyətlə məlumat mühitinə girişdə çətinlik yaşasınlar. Əslində, insanların narahatlığı başa düşüləndir, çünki uşaqları qorumaqla onları cəhalətə məhkum etmək eyni anlayış deyil. İnformasiya məkanı sərtləşdikcə, təhsil, maarif və sərbəst araşdırma imkanları da daralır. Daha dəqiq desək, təhlükəsizlik ilə intellektual azadlıq xətti bir-birinə toxunur. Texnologiyanın özünə gəldikdə isə, təqdim olunan həllin əsas iddiası budur ki, istifadəçinin kimliyi tam açılmadan yalnız yaş kateqoriyası təsdiqlənəcək. Yəni sistem “bəli” və ya “xeyr” cavabını ötürəcək, amma digər məlumatları paylaşmayacaq. Doğrudur, ilk baxışda cəlbedici görünür, məxfilik baxımından da məntiqli səslənir. Düşünülür ki, nə qədər az məlumat toplanırsa, risk də bir o qədər az olur. Bəs, sistem həqiqətən bu qədər məxfi və təhlükəsizdirsə, niyə ekspertlər onun hələ yetişməmiş olduğunu deyirlər?

Əgər məlumat saxlanmırsa, onun sonradan sızdırılması və ya üçüncü tərəflərlə paylaşılmasının qarşısının necə alınacağı bəlli deyil. Rəqəmsal mədəniyyətdə ən çox yanıldan məqam elə odur ki, yaxşı dizayn edilmiş texnologiya avtomatik olaraq yaxşı idarəçilik anlamına gəlmir. Məlumatın necə qorunduğu qədər, hansı əsasla tələb edildiyi də önəmlidir. Qoruma mexanizmi legitim olsa da, onun tətbiq sahəsi həddindən artıq genişdirsə, legitimlik hissi də zəifləyir.

Ümumən təşəbbüsün arxasında həm də güclü bir simvolizm dayanır. Uşaqları qorumaq həmişə siyasi cəhətdən təsirli arqument olub. Çünki uşaq adı çəkilən kimi vicdanımız dərhal hərəkətə keçir. Heç kim azyaşlıların zərər görməsinə göz yummur. Elə siyasətdə ən riskli məqamlardan biri də məhz budur ki, emosional cəbhə nə qədər güclüdürsə, tənqidi düşüncə bir o qədər zəif formalaşır. Deməli, yaş senzinin doğurduğu rəğbət də məhz platformalara yönəlmiş uzunmüddətli etimadsızlığın məhsuludur. Amma platformaların məsuliyyətini artırmaqla istifadəçilərin hüquqlarını azaltmaq eyni məsələ deyil. Texnoloji şirkətlər üzərində nəzarət gücləndirilə, alqoritmlərin şəffaflığı tələb oluna, uşaq üçün zərərli dizayn elementləri tənzimlənə bilər. Yaş yoxlanışı isə başqa cür işləyir, platformanın dizaynını dəyişməkdən çox, istifadəçinin şəxsiyyətini sistemin önünə çıxarır. Həmin keçid vacibdir. Çünki problemi məzmunun istehsalçısında axtarmaqla onu məzmunun istehlakçısının kimliyinə bağlamaq fərqli fəlsəfələrdir. Bu sahədə mübahisəli tərəflərdən biri də ondan ibarətdir ki, onlar çox vaxt “məcburi deyil, amma ən yaxşı seçimdir” tipli yanaşma ilə çıxış edirlər. Təklif texniki müstəvidə yumşaq görünsə də, praktikada platformaları təzyiq altında saxlayır. Məqsəd həqiqətən qorumaqdırsa, yol şəffaflıqdan, minimallaşdırılmış məlumat toplanmasından, hüquqi təminatdan və ictimai nəzarətdən keçməlidir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Avropa İttifaqının (Aİ) sosial şəbəkələrdə yaş senzinin tətbiqi ilə bağlı təşəbbüsü rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır. Bu müstəvidə problemlərin çeşidi kifayət qədər çoxdur. Akademik mərkəzlər elan edirlər ki, sosial şəbəkələrdə uzunmüddətli aktivlik uşaqlarda psixoloji gərginlik, asılılıq, diqqət dağınıqlığı və davranış problemlərinin artmasına səbəb olur. Aİ sosial şəbəkələrdə yaşın təsdiqlənməsi mexanizminin tətbiqinə hazırlaşır. Yeni yanaşmaya əsasən, platformalar istifadəçilərin yaşını daha dəqiq müəyyən etməli və yetkinlik yaşına çatmayanların uyğun olmayan xidmətlərə çıxışını məhdudlaşdırmalıdır. Proses “Digital Services Act” çərçivəsində platformaların məsuliyyətinin artırılması ilə paralel aparılır.

Yeri gəlmişkən, qeyd edim ki, Aİ-nin hazırladığı standartaların özü də tənqidə məruz qalır. Bu strategiyada məxfilik risklərinin olduğu önə çəkilir. Qeyd olunur ki, sosial şəbəkə adminləri yaş senzini tətbiq etmək üçün istifadəçinin fərdi məlumatlarını toplayırlar. Bu məlumatların toplandıqdan sonra üçüncü tərəflərin əlinə keçmək riski ortaya çıxır. Yəni Aİ-nin strategiyası bir tərəfdən azyaşlıları sosial şəbəkələrdəki manipulyativ məzmun riskindən qoruyursa, digər tərəfdən də istifadəçilərin şəxsi məlumatlarının məxfiliyinin qorunması riski formalaşır.

Paralel olaraq, strategiyanı ifadə azadlığı kontekstində tənqid edənlər də var. Bu kateqoriyadan olan tənqidçilər iddia edirlər ki, Avropa İttifaqı sosial şəbəkələri “tam azad mühit” modelindən çıxarıb “nəzarət halında olan mühit” kateqoriyasına keçirir. Bütün bu müzakirələrə baxmayaraq, ümumi yanaşma ondan ibarətdir ki, uşaqların rəqəmsal mühitdə qorunması üçün platformaların məsuliyyəti artırılmalıdır.

Məlumat üçün qeyd edək ki, sosial şəbəkələrin azyaşlılara neqativ təsirləri mövzusu Azərbaycanda da kifayət qədər aktualdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin fevral ayında “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti aidiyyəti dövlət orqanlarını, elmi müəssisələri, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə beynəlxalq təcrübəni araşdırmalı, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli təsirlərdən qorunmasını, sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ, hüquqi aktların layihələrini hazırlamalıdır.

Nəzrin ELDARQIZI
XQ



Siyasət