Onurğalıların əcdadları daha qədimdir

post-img

Alimlər Çinin cənub-qərbində Ediakara dövrünə (635–542 milyon il əvvəl) aid çox yaxşı qorunmuş fosillər tapıblar. Onlar arasında qədəh formalı, kiçik “qolları” olan canlılar, kolbasaya bənzər ayaqsız orqanizmlər və dəniz dibinə yapışmaq üçün diskvari ucları olan qurdabənzər heyvanlar var.

Əvvəllər hesab edilirdi ki, mürəkkəb heyvanlar yalnız daha sonrakı Kembri dövründə (542–488 milyon il əvvəl) yaranıb. Həmin dövrdə heyvanların müxtəlifliyi kəskin artmışdı və buna “Kembri partlayışı” deyilir. Buna görə alimlər düşünürdülər ki, Ediakara dövründə mürəkkəb heyvanlar hələ yox idi.

Lakin yeni tapılan fosillər bunu təkzib edir. Bu canlılar sürətlə torpaq və qaya qatları altında qaldığı üçün bədənləri demək olar ki, tam qorunub. Hətta qidalanma orqanları, incə ətraflar və bəzi daxili orqan izləri də görünür.

Tədqiqatçılar hesab edirlər ki, mürəkkəb heyvanlar təxminən 554–539 milyon il əvvəl, yəni Kembri dövründən ən azı 4 milyon il əvvəl mövcud olub.

Fosillər Çinin Yunnan bölgəsində kiçik bir sahədə tapılıb. 2022–2025-ci illərdə aparılan qazıntılarda təxminən 700 fosil aşkar edilib, onların 200-ə yaxını heyvanlara aiddir. Çoxu 2,5 santimetrdən də kiçikdir.

Bəzi fosillər əvvəllər yalnız Kembri dövründən məlum olan canlılara bənzəyir. Bu isə Ediakara və Kembri dövrləri arasındakı fərqin düşündüyümüz qədər kəskin olmadığını göstərir.

Fosillərin bir çoxunda bədənin sağ və sol tərəfinin eyni olduğu, yəmi ikitərəfli simmetriya  müşahidə olunur. Bu xüsusiyyət müasir heyvanların çoxunda var və görünür ki, Kembri dövründən əvvəl yaranıb.

Ən maraqlı tapıntılar onurğalıların əcdadları ola biləcək canlılara aiddir. Bu isə göstərir ki, insanların çox uzaq təkamül əcdadları da bu erkən dövrdə mövcud olub.

Alimlər hesab edir ki, Kembri dövrü yenə də mühüm mərhələdir, lakin mürəkkəb heyvan həyatının başlanğıcı daha qədim - Ediakara dövrünə gedib çıxır. Bu fosillər heyvanların necə yarandığını və insanın ən qədim əcdadlarını anlamağa kömək edə bilər.

Hazırladı:

S.ELAY

XQ



Maraqlı