Bir Foto- Bir Hekayə
XIX əsrin çimərlikləri bizim bugünkü təsəvvürlərimizdən tamamilə fərqli idi. Günəş altında sərbəst gəzən insanlar, açıq çimərlik geyimləri, dənizdə birgə üzən qadınlar və kişilər — bütün bunlar o dövrdə ağlasığmaz görünürdü. Əxlaq qaydaları sərt, ictimai baxışlar isə məhdud idi. Lakin insanın təbiətlə təmas arzusu o qədər güclü idi ki, bu sərtliklərin içində belə yol tapıldı. Yolun adı isə “çimərlik maşını” idi.
“Çimərlik maşını” — dəniz kənarında gizlənmək, amma eyni zamanda, dənizin sərinliyindən zövq almaq üçün yaradılmış taxta furqon idi. Atlar bu furqonu sahildən suya qədər aparır, içəridə isə insanlar paltarlarını dəyişdirir və xüsusi parça örtüyünün arxasında dənizə girirdilər. Bu, bir növ gizli ritual idi: çimərliklə suyun arasında gizlənmiş kiçik, keçici məkan, həm özəl, həm də ictimai.
O illərdə Avropanın, xüsusilə Böyük Britaniya və Fransanın kurort şəhərləri bu maşınlarla dolu idi. Şəkillərə baxanda qəribə mənzərə yaranır: sanki dəniz üzərində arabaların qatarı dayanıb. Lakin bu taxta kabinələr yalnız dənizdə çimərlik vasitəsi deyildi. Onlar bir dövrün mədəniyyətinin güzgüsü idilər. Çünki o dövrdə insan bədəninin görünməsi ayıb sayılır, kişi və qadının birlikdə dənizə girməsi isə demək olar ki, yasaqlanmışdı.
Əslində, bu maşınlar həm azadlıq, həm də məhdudiyyət simvolu idi. Azadlıq — çünki onlar insanlara dənizə girmək imkanı verirdi; məhdudiyyət — çünki həmin azadlıq ancaq gizlənərək yaşana bilərdi. Bu paradoks Viktorian dövrünün bütün mahiyyətini özündə daşıyır: arzular var, amma onlar ictimai qaydaların dəmir qəfəsi içindədir.
XX əsrin əvvəlləri ilə birlikdə bu qəfəs də zəifləməyə başladı. İnsanlar daha açıq çimərlik geyimlərinə öyrəşdilər, qadınlar və kişilər birlikdə dənizə girdilər. Əxlaq normaları dəyişdikcə çimərlik maşınlara ehtiyac qalmadı. Onlar çimərliklərdən yox oldular, amma tarixdə gizli bir səhifə kimi qaldılar.
Bugün isə “çimərlik maşınlar”a baxanda yalnız keçmişin qəribəliklərini görmürük. Əksinə, onlar bizə sual ünvanlayır: insanın azadlığı həqiqətən nədir? O dövrdə insanlar gizlənərək üzürdülər, bu gün biz açıq şəkildə dənizə giririk. Amma bəlkə də, hər dövrün öz “çimərlik maşını” var — bir az görünməyən, bir az gizlədilən, bir az da ictimai qaydaların kölgəsində...
Elbrus Rza