Amerikanın AST SpaceMobile şirkəti yeni və çox böyük “BlueBird-6” peykini uğurla orbitə yerləşdirdiyini açıqlayıb. Peykin sahəsi 223 kvadratmetrdir və aşağı Yer orbitində yerləşdirilmiş ən böyük kommersiya rabitə peyklərindən biridir.
Bu peyk adi smartfonlara heç bir dəyişiklik etmədən birbaşa internet və mobil rabitə xidməti göstərmək üçün hazırlanıb. Maksimum sürəti 120 Mbit/s-dir. Şirkət bildirir ki, bu, əvvəlki “BlueBird” peyklərindən 10 dəfə daha güclüdür. Peyk “beamforming” adlı texnologiya ilə siqnalları daha dəqiq istiqamətləndirir və bu da 4G və 5G xidmətlərinin, o cümlədən videozənglərin stabil işləməsinə imkan yaradır.
Şirkətin rəhbəri Abel Avellan bildirib ki, bu layihə Amerika mühəndisliyinin mühüm nailiyyətidir və insanların rabitəyə çıxış imkanlarını dəyişəcək. “BlueBird-6” 2025-ci ildə Hindistanda yerləşən kosmodromdan orbitə buraxılıb. Peykin böyük antenna sistemi daha güclü və etibarlı əlaqə təmin edir. Şirkət iddia edir ki, bu texnologiya dünyanın istənilən yerində adi telefonlarla səs, internet və video xidmətlərini mümkün edəcək.
Şirkət yaxın vaxtlarda “BlueBird -7” peykini orbitdə yerləşdirməyi planlaşdırır. İlin sonuna qədər 45-60 peykin orbitə çıxarılması nəzərdə tutulur. Məqsəd qlobal internet şəbəkəsi yaratmaqdır. AST “SpaceMobile” artıq AT&T, Verizon, Google və Vodafone kimi böyük şirkətlərlə əməkdaşlıq edir və 50-dən çox mobil operatorla razılaşma əldə edib. Bu isə təxminən 3 milyard istifadəçini əhatə edə bilər.
Bununla yanaşı, bu cür böyük peyklər alimləri narahat edir. Astronomlar bildirirlər ki, peyklər çox parlaqdır və gecə səmasını “çirkləndirir”, teleskop müşahidələrinə mane olur. Həmçinin orbitdə peyklərin sayının artması toqquşma riskini yüksəldir. Bu isə zəncirvari qəzalara səbəb olaraq kosmosdan istifadəni çətinləşdirə bilər.
S.ELAY
XQ

