İordaniya KİV-ləri WUF13-dən bəhs edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

İordaniyanın Petra News Agency dövlət informasiya agentliyinin rəsmi saytında, həmçinin Jordan Daily xəbər portalında və ölkənin aparıcı nəşrlərindən olan Al-Dustour qəzetində Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurlu təşkili ilə bağlı geniş məqalələr dərc olunub. Bununla yanaşı, Al-Ghad, Nayrouz, Al Balad News, Al Qubbah News və Hala News xəbər portalları da tədbiri geniş şəkildə işıqlandırıb.

XQ xəbər verir ki, yayımlanan materiallarda UN-Habitat tərəfindən təşkil edilən forumun şəhərsalma və dayanıqlı inkişaf sahəsində qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma olduğu vurğulanır. “Dünya üçün yaşayış: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunan tədbirdə şəhərsalma siyasəti, mənzil təminatı, iqlim dəyişiklikləri, rəqəmsal texnologiyalar və dayanıqlı inkişaf məsələləri üzrə geniş fikir mübadiləsinin aparıldığı qeyd edilir.

Məqalələrdə forumun açılış mərasimində Azərbaycan Prezidenti Ilham Aliyev tərəfindən ölkədə həyata keçirilən müasir şəhərsalma strategiyası, tarixi-mədəni irsin qorunması və davamlı inkişaf layihələri barədə ətraflı məlumat verildiyi bildirilir. Prezident çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin, eləcə də “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin uğurla icra olunduğunu xüsusi vurğulayıb.

Yazılarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə tətbiq etdiyi “yaşıl zona” yanaşması və innovativ şəhərsalma modellərinin beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesinin postmünaqişə dövrü üçün nümunəvi inkişaf modeli kimi təqdim edildiyi qeyd olunur.

Materiallarda WUF13 çərçivəsində ilk dəfə keçirilən Liderlər Sammitinin forumun siyasi və beynəlxalq əhəmiyyətini daha da artırdığı vurğulanır. Dövlət və hökumət rəhbərlərinin, nazirlərin, şəhər merlərinin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə baş tutan görüşlərin Bakının qlobal dialoq və əməkdaşlıq mərkəzi kimi rolunu bir daha nümayiş etdirdiyi bildirilir.

Bununla yanaşı, tədbirin yüksək səviyyədə təşkili, təhlükəsizlik tədbirləri, loqistika, nəqliyyat infrastrukturu və rəqəmsal idarəetmə sistemlərinin iştirakçılar tərəfindən rəğbətlə qarşılandığı qeyd olunur. Məqalələrdə Bakı şəhərinin tarixi irslə müasir urbanizasiya arasında harmonik balans yaradan nümunəvi şəhər kimi dəyərləndirildiyi vurğulanır.

Yazılarda WUF13 forumunun Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə, həmçinin ölkənin dayanıqlı şəhərlərin gələcəyi ilə bağlı qlobal təşəbbüslərdə fəal iştirak edən dövlətlərdən biri kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verdiyi xüsusi qeyd edilir.









Sosial həyat