Qazaxıstanın Cinayət Məcəlləsinə məcburi nikaha görə cinayət məsuliyyətini nəzərdə tutan yeni maddə əlavə edilib.
AZƏRTAC Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, məcburi nikah ağır cinayətdir, çünki belə birlik çox vaxt təcridedilmə, zorakılıq və hətta qurban tərəfindən intihara cəhdlər ilə müşayiət olunur.
Qeyd olunur ki, son 5 ildə ölkədə 257 belə cinayət faktı qeydə alınıb, onların 95 faizinə xitam verilib.
Yeni normaya görə, hədə-qorxu, şantaj, zorakılıq və ya digər təzyiq yolu ilə nikaha məcburetmə iki ilədək, ağır nəticələrə səbəb olduqda isə on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana