Ömür kitablarının, təxminən, bir qərinəlik səhifələrinə didərginlik, doğulub-böyüdüyü ev-eşiyinin həsrəti ilə qovrulmaq yazılmış insanların taleləri bir-birinə çox oxşardır. Elə vaxtilə yaşadıqları ağrı-acıları, torpaqlarımız işğaldan azad edildikdən sonra keçirdikləri sonsuz sevinc duyğuları kimi...
Bu yazımızın qəhrəmanı Xuraman Rəhimova da onlardan biridir. Onunla bu ilin fevralında, məcburi köçkünlük həyatının sona çatdığı, Cəbrayıla – doğma ata-baba yurduna qayıtdığı gün telefonda danışmışdıq. Yeni mənzillərinin açarını təzəcə almışdılar, ancaq hələ yükləri ortada idi. Necə deyərlər, elə “isti-isti” həyəcanını, sevincini qəzetimizin oxucuları ilə bölüşmüşdü.
Həmin vaxt həmsöhbətimə söz vermişdim ki, ev-eşiyinizə yerləşin, Vətənin havasını doyunca sinənizə çəkin, suyundan için, yolum o tərəflərə düşən kimi mütləq sizə baş çəkəcəyəm. Çünki azad Cəbrayılı ilk dəfə olaraq görmək mənim də arzum idi.
Sözümü tutdum, bugünlərdə Şərqi Zəngəzura səfərim zamanı yolumu yenidən qurulan, gündən-günə abadlaşan Cəbrayıldan saldım, 70 yaşlı Xuraman xanımgilin qapısını döydüm. Ev sahibi ilə mehribanlıqla “xoşgəldin” etdikdən sonra Cəbrayılın məşhur Çinar kəhrizinin suyundan hazırlanmış çay içə-içə söhbətə körpü salmağa başladıq...
Dörd bacı, üç qardaşın böyüyü olan Xuraman Rəhimova Cəbrayılda doğulub, burada boya-başa çatıb. Peşə məktəbində oxuyanda Məhərrəm İbrahimovla tanış olublar, nişanlanıb, ailə həyatı qurublar. Bərdəyə gəlin köçsə də, sözün əsl mənasında, doğma Cəbrayılından ayrı yaşaya bilməyib. Getdiyi yerin havası səhhətində problemlər yaradıb, həkim isə Məhərrəmə deyib ki, ya bunu boşa, ya başqa yerə apar. O da çox sevdiyi Xuramanı da götürüb yenidən Cəbrayıla qayıdıblar.
Həyat yoldaşı 1991-ci ildə dünyasını dəyişəndən sonra Xuraman xanım 3 övladına həm ana, həm də ata olub. 1993-cü ilin avqustunda Cəbrayıl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda doğma yurdlarından didərgin düşüblər. Həmsöhbətim həmin günləri belə xatırladı:
– O müsibətləri Allah heç kimə göstərməsin, heç düşmənə də. Avqust istisindən asfalt od tutub yanırdı. Ev-eşiyini tərk etməli olan camaat maşını olan maşınla, olmayan payi-piyada yollara səpələnmişdi. Balaca uşaqların da qucaqlarında pal-paltar, yük vardı. Mən o qaçaqaçda özü at arabasına qoşulub vacib əşyalarını çıxarmağa çalışanları görmüşəm. Evimizin yanında Axsaqlar kəhrizi vardı. Getdim ordan bir çaydan su götürdüm ki, özümlə aparım. Sonra da qəbiristanlığa, yoldaşımın məzarına sarı boylandım, dedim, buralar sənə, övladlarımız da mənə əmanət! Ayrılanda dağlara üz tutdum, bir bayatı qopdu dilimdən:
Dağ, salamat qal!
Bağ, salamat qal!
Biz gedər olduq,
Sağ-salamat qal!
Məcburi köçkünlük həyatları Beyləqandan başlayıb, Kürdəmirdə, Bakıda davam edib, 31 il yarımdan sonra Biləsuvarda başa çatıb. 2020-ci il oktyabrın 4-də Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev Cəbrayılın düşmən işğalından azad edilməsi xəbərini verəndə sevincdən ağlayıb.
Xuraman Rəhimova bu il fevralın 19-da yenidən, bu dəfə daimi məskunlaşmaq, 4 otaqlı, geniş, işıqlı, mətbəxi, hamamı, sanitar qovşağı hazır, yaxşı təmir olunmuş yeni evinin işığını yandırmaq üçün Cəbrayıla qayıdıb. Bəs indi hansı hisslər keçirir? Nələr yaşadığını belə anlatdı:
– Bu yerlərdən ağlaya-ağlaya çıxmışdım. Gələndə də ağladım. Çəkildim bir kənara, Cəbrayılın torpağını ovuclayıb öpdüm, yedim. Hönkür-hönkür sevinc göz yaşları tökdüm. Üzümü dağlara tutub bu dəfə dedim ki, salam olsun sizə, ay qoca dağlar! Salam olsun sənə, doğma Cəbrayılım! Salam olsun sizə, şəhidlərimizin ruhları! Biz qayıtdıq!
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Cəbrayıl