Kütləvi peyvənd sağlam nəsil deməkdir

post-img

Peyvəndlər uşaqları, xüsusilə immun sistemi zəif körpələri ciddi fəsadlardan qoruyur. Azərbaycanda immunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılmasına yönəlib. Uşaqlar arasında profilaktiki peyvəndlər Səhiyyə Nazirliyinin təsdiq etdiyi Peyvənd təqviminə əsasən həyata keçirilir. Uşaqlar ilk iki peyvəndi doğum evində alırlar. Sonra isə onlar yaşadığı ərazi üzrə tibb müəssisəsində qeydiyyata alınaraq 2 aylıqdan 6 yaşa qədər təqvimə uyğun profilaktiki peyvənd edilirlər.

Leyla M.C. Klinikasının aparıcı pediatrı Sahib Cəfərov XQ-yə müsahibəsində vaksinasiyanın vacibliyindən və peyvənd vasitəsilə qarşısı alınan xəstəliklərdən danışdı:

– Uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən immunoprofilaktika Azərbaycanda səhiyyə sisteminin əsas prioritetlərindən biridir. İmmunoprofilaktika proqramı körpə və uşaq ölümünün, eyni zamanda, xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib sənəddir. Azərbaycanda hazırda aparılan immunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçəsi isə eliminasiya olunub. Ölkəmizdə hər il aprel ayında təşkil edilən immunlaşdırma həftəsi artıq başa çatdı.

Peyvənd təqviminə uyğun olaraq 6 yaşadək uşaqlar arasında 11 yoluxucu xəstəliyə qarşı vaksinasiya aparılır. Bunlar Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, b tipli hemofil infeksiya, pnevmokok infeksiyaları, qızılca, epidemik parotit, məxmərəkdir. Peyvəndlər insanları qeyd edilən həmin xəstəliklərdən qoruyur. Azərbaycana UNICEF xətti ilə gətirilən bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir.

Uşaq peyvəndlə qarşısı alına bilən xəstəlik keçirdikdən sonra, ona yenə də vaksin vurulmalıdır. Peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox serotiplərindən qoruyur. Məsələn, pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 serotipindən qoruyur. Qızılca keçirən uşağı qızılca–parotit–məxmərək əleyhinə QPM vaksini, eyni zamanda, epidemik parotit və məxmərək xəstəliklərindən də qoruyaçaq. Heksavaksin uşaqları difteriya, göyöskürək, tetanus, b tipli hemofil infeksiya, hepatit B, poliomielitdən qoruyur. Uşaq bu xəstəliklərdən hər hansı birini keçiribsə belə, o, digər infeksiyalara yoluxmamaq üçün bu peyvəndi təqvimə uyğun nəzərdə tutulmuş intervallarla 3 dəfə almalıdır.

S.Cəfərov vurğuladı ki, uşaq doğulduqda onun immun sistemi bir çox mikroblara müqavimət göstərə bilir:

– Lakin onların arasında daha təhlükəli mikroblar var ki, uşaq onlara qarşı həssas olur. Məhz belə mikroblara qarşı erkən yaşlardan uşağın immun sistemini gücləndirmək üçün peyvəndlərdən istifadə olunur. Bəzi səbəblərdən peyvəndlər vaxtında vurulmur. Onlar da müəyyən yaş həddinə qədər vurulmalıdır. Ən yaxşısı vaxtında poliklinikaya müraciət edib, peyvəndləri etdirməkdir.

Kombinə edilmiş peyvəndlərdən istifadə daha məqsədəuyğundur. Çünki kombinə edilmiş vaksin bir inyeksiya ilə vurulsa da, uşağı bir neçə infeksiyadan qoruyur. Bu, həm uşaq üçün ağrılı olan inyeksiyaların sayını azaldır, həm də valideynlərin tibb müəssisəsinə dəfələrlə gəlməsinə ehtiyac qalmır.

Hazırda Azərbaycanda tətbiq edilən kombinə edilmiş vaksinlərə QPM (qızılca, parotit, məxmərək əleyhinə), DT (difteriya, tetanus əleyhinə), GDT (göyöskürək, difteriya, tetanus əleyhinə) və Heksavaksin (göyöskürək, difteriya, tetanus, Hepatit B, B tipli hemofil infeksiya və poliomielit əleyhinə) peyvəndləri daxildir.

Vaxtından əvvəl doğulan uşaqlar anadan daha az qoruyucu anticisimlər alır. Buna görə də həmin uşaqlarda yoluxucu xəstəliklərdən müdafiə aşağı səviyyədə olur və yoluxma ehtimalı artır. Bu səbəbdən də vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr pediatrın təyinatı əsasında profilaktik peyvənd təqviminə uyğun peyvənd olunurlar.

Söhbəti hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat