Pirallahı modern “sənaye adası”na çevrilir

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında investisiya həcmi 129 milyon manata yaxın olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Ötən müddətdə sahibkarlar tərəfindən görülmüş işlərə, ümumilikdə, 56 milyon manata yaxın investisiya yatırılıb. Bunun da hesabına 150-dən çox daimi iş yeri yaradılıb.

Pirallahı Sənaye Parkı ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, indiyədək burada 70 milyon manatlıq məhsul istehsal edilib. Bu ilin ilk yarısında da parkın ərazisində yüksək iqtisadi fəallıq müşahidə olunub. Yanvar-iyun aylarında parkda 8,6 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur.

Xatırladaq ki, Pirallahı Sənaye Parkı ölkə Prezidentinin 2016-cı il 14 sentyabr tarixli sərəncamı ilə yaradılıb. Ötən müddətdə park üçün ayrılmış 30 hektar ərazi tam olaraq sahibkarların istifadəsinə verilib.

 

İqtisadiyyat