ABŞ və Oman İranı gəmilərin Hörmüz boğazından keçidi üçün rüsum tələbindən daşındırmağın yollarını axtarırlar. "The Wall Street Journal"ın (WSJ) məlumatına görə, keçirilən qeyri-birbaşa danışıqlarda onların əsas təzyiq rıçaqı İranın xaricdəki 100 milyard dollar həcmində olan dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılması vədi olub.
Nəşrin məlumatına görə, Tehran bu şərtlərlə razılaşmır. Ölkə rəhbərliyi bu təklifi qeyri-kafi adlandırıb. Bununla yanaşı, qəzet qeyd edir ki, dünən İranın hərbi rəhbərliyi sözügedən dəniz yolu ilə hərəkət edən gəmilərə qarşı yeni təhdidlərlə çıxış edib. Rəsmi Tehran xəbərdarlıq edib ki, İran tərəfindən təsdiqlənməmiş marşrutla hərəkət edən istənilən gəmi "dərhal və güclü" cavabla qarşılaşacaq.
WSJ vurğulayır ki, ötən həftə Omanın Tehranla razılaşdırmadan alternativ tranzit marşrutunu işə salmasından sonra İran gəmilərə qarşı hücumları yenidən bərpa edib. "Kpler" analitik şirkətinin məlumatına görə, iyulun 1-nə olan vəziyyətə əsasən, Hörmüz boğazından keçən gündəlik gəmi trafiki bir həftə əvvəlki 75 gəmi ilə müqayisədə 43-ə düşüb. Münaqişə başlamazdan əvvəl isə bu göstərici gündə 100 gəmidən çox idi.
Daha əvvəl "Bloomberg" agentliyi xəbər vermişdi ki, Avropanın bir sıra dövləti Hörmüz boğazında ödənişli keçid sisteminin tətbiq olunacağı reallığı ilə artıq barışıb. ABŞ və Fars körfəzinin ərəb ölkələri isə bu mövqeyi bölüşmür və İranın gəmiçilik üçün rüsum tətbiq etməyə heç bir hüququ olmadığını israr edirlər. Bu ölkələrin fikrincə, boğazdan keçid üçün ödənişin tətbiq edilməsi digər dövlətlər üçün də analoji addımın atılmasına dair pis bir nümunə (presedent) ola bilər.
S.ELAY
XQ

