“AzerGold” QSC ölkədə gümüş külçələrə olan tələbatın yerli məhsullar hesabına qarşılanması və investisiya imkanlarının genişləndirilməsi məqsədilə ilk dəfə olaraq yerli xammal əsasında istehsal edilmiş 999,9 əyarlı gümüş külçələrin satışına başlayıb.
QSC-dən XQ-ə bildirilib ki, son illərdə yaşıl enerji texnologiyalarının sürətli inkişafı və elektronika sənayesində gümüşdən istifadənin əhəmiyyətli dərəcədə artması bu qiymətli metalın qlobal bazardakı strateji rolunu daha da gücləndirib. Eyni zamanda, beynəlxalq bazarlarda gümüşə olan artan tələb onun investisiya aktivləri sırasında daha cəlbedici mövqe tutmasına əlverişli şərait yaradıb.
Gümüş külçələrin bazara çıxarılması dəyər zəncirinin genişləndirilməsinə töhfə verməklə yanaşı, vətəndaşlar üçün alternativ investisiya alətinin formalaşdırılmasını hədəfləyir. İlkin mərhələdə istehlakçılara 250, 500 və 1000 qramlıq çəkilərdə təqdim edilən məhsulların növbəti mərhələdə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınmaqla müxtəlif çəki kateqoriyalarında yeni çeşidlərinin istehsalı planlaşdırılır.
Qeyd edək ki, gümüş külçələrin Satış və Mübadilə Mərkəzində milli valyuta ilə geri alışı da həyata keçiriləcək. Sözügedən məhsullar istehlakçılardan Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik rəsmi məzənnəsi əsas götürülməklə, külçənin metal dəyərinə 10 faiz əlavə ödəniş tətbiq olunmaqla geri alınacaq.
Gümüş külçələr Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

