Dünya rekord istilərlə üz-üzə: beynəlxalq təşkilatlar həyəcan təbili çalır

post-img

Dünyanın müxtəlif regionlarında müşahidə olunan rekord istilər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Ekstremal hava şəraiti ilə bağlı beynəlxalq təşkilatlar və aparıcı xarici media qurumları ardıcıl xəbərdarlıqlar edir.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yaydığı məlumata görə, Avropada müşahidə olunan isti hava dalğası son onilliklərin ən güclülərindən biri hesab edilir. Təşkilat bildirir ki, yüksək temperatur insan sağlamlığına, kənd təsərrüfatına, su ehtiyatlarına, enerji sisteminə və ekoloji tarazlığa ciddi təsir göstərir. ÜMT ölkələri erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin gücləndirilməsinə çağırıb.

ABŞ-ın nüfuzlu "Reuters" beynəlxalq xəbər agentliyi də yazır ki, Avropanın bir sıra ölkələrində anomal istilər meşə yanğınlarının genişlənməsinə, səhiyyə sisteminə əlavə yükün yaranmasına və elektrik enerjisinə tələbatın kəskin artmasına səbəb olub. Agentliyin məlumatına görə, oxşar hava şəraiti Şimali Amerikanın bəzi bölgələrində də müşahidə edilir və bununla əlaqədar fövqəladə xəbərdarlıqlar qüvvədədir.

Böyük Britaniyada nəşr olunan nüfuzlu "The Guardian" ("Qardian") qəzeti isə qeyd edir ki, Avropada davam edən rekord istilər milyonlarla insanın gündəlik həyatına təsir göstərib. Nəşrin istinad etdiyi alimlərin fikrincə, belə ekstremal hava hadisələrinin intensivliyi və təkrarlanma tezliyi qlobal iqlim dəyişiklikləri fonunda artır.

Mütəxəssislər hesab edirlər ki, son hadisələr iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin genişləndirilməsinin, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinin və beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bir daha ortaya qoyur. Dünya ictimaiyyəti təbii fəlakətlərin təsirlərinin minimuma endirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini xüsusi vurğulayır.

Nurəngiz Adilqızı

XQ

 

Dünya