Qlobal səhiyyədə mühüm dönüş: yeni müalicə sınaqlarına start verildi

post-img

Qlobal səhiyyə sahəsində mühüm əhəmiyyət daşıyan yeni hadisə qeydə alınıb. Konqo Demokratik Respublikasında Bundibuqyo ştamı ilə törədilən Ebola virusu xəstəliyinə qarşı ilk klinik müalicə sınaqlarına başlanılıb.

ABŞ-ın "Reuters" beynəlxalq xəbər agentliyinin ötən gün yaydığı məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental müalicə proqramı çərçivəsində ilk pasiyentin klinik tədqiqata cəlb olunduğunu açıqlayıb. Məlumata əsasən, sınaqlar çərçivəsində Mapp Biopharmaceutical şirkətinin hazırladığı MBP134 antiteli, həm ayrıca, həm də "Gilead Sciences" şirkətinin antiviral preparatı remdesivir ilə birlikdə qiymətləndiriləcək. Araşdırmada 1000-dən çox pasiyentin iştirakı nəzərdə tutulur.

ÜST bildirir ki, hazırda Bundibuqyo ştamına qarşı təsdiqlənmiş vaksin və ya xüsusi müalicə üsulu mövcud deyil. Bu baxımdan klinik sınaqların başlanması virusla mübarizədə mühüm elmi nailiyyət və gələcək effektiv müalicə metodunun hazırlanması istiqamətində vacib addım kimi qiymətləndirilir.

Məlumatda qeyd olunur ki, Konqo Demokratik Respublikasında son iki həftə ərzində gündə orta hesabla 38 yeni yoluxma halı qeydə alınıb. Hazırkı epidemiya dövründə 1400-dən çox yoluxma və 438 ölüm faktı təsdiqlənib. Mütəxəssislər bildirirlər ki, bölgədə təhlükəsizlik problemləri və səhiyyə infrastrukturunun məhdud imkanları epidemiya ilə mübarizəni çətinləşdirən əsas amillər sırasındadır.

Beynəlxalq ekspertlərin qənaətinə görə, klinik sınaqların uğurla nəticələnməsi Ebola virusunun Bundibuqyo ştamına qarşı ilk təsdiqlənmiş müalicə vasitəsinin hazırlanmasına zəmin yarada bilər. Bu isə qlobal səhiyyə sistemində yoluxucu xəstəliklərlə mübarizə istiqamətində mühüm dönüş nöqtəsi hesab olunur.

N.Adilqızı

XQ

 

Sosial həyat