Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çin hakimiyyəti ölkənin ən çox yüklənmiş beynəlxalq keçid məntəqələrindən birində iş intensivliyini azaltmaq məqsədilə Vyetnamla sərhəddə insanabənzər (humanoid) robotlardan istifadə etməyə başlayıb. Bu addım Quansi-Cjuan muxtar rayonunda yerləşən Fançenqan sərhəd keçidində yaranan həddindən artıq sıxlığı aradan qaldırmaq üçün atılıb. Hər gün sözügedən məntəqədən çoxsaylı yük maşınları, avtobuslar və sərnişinlərin keçməsi gömrük nəzarəti zamanı müntəzəm olaraq uzun növbələrin və gecikmələrin yaranmasına səbəb olurdu. Vəziyyəti stabilləşdirmək üçün sərhəd xidməti "UBTech Robotics" şirkəti ilə ümumi dəyəri təxminən 40 milyon dollar olan "Walker S2" modelli insanabənzər robotların tədarükünə dair müqavilə bağlayıb. Alınan maşınların dəqiq sayı açıqlanmasa da, ilkin texnikalar artıq mühüm nəqliyyat qovşaqlarında yerləşdirilib.
İnsanabənzər robotlar Çin və Vyetnam arasındakı Dunçjun sərhəd məntəqəsində və yaxınlıqdakı Dunsin limanında fəaliyyət göstərir. Bura beynəlxalq sərnişin daşınması və transsərhəd ticarət üçün ən strateji marşrutlardan biri hesab olunur. Sərnişin terminalında işləyən robotlar insan kütləsinin hərəkətinə nəzarət edir, sıxlıq yaranan nöqtələri təyin edir və sərnişinləri daha az adam olan növbələrə yönləndirirlər. Daxili süni intellekt alqoritmləri sayəsində bu maşınlar real vaxt rejimində bir neçə dildə məlumat təqdim edir, gömrük prosedurları ilə bağlı standart sualları cavablandırır və ziyarətçilərə lazımi qeydiyyat məntəqələrini tapmaqda köməklik göstərirlər.
Robotların bir qismi isə sırf yük zonasında xidmətə cəlb olunub. Onlar yük terminallarından keçən polad nəqliyyat konteynerlərini yoxlayırlar. Optik skanerlərlə təchiz edilmiş mexanizmlər ştrix-kodları, seriya nömrələrini və elektron yük bəyannamələrini oxuyur, ardınca toplanan məlumatları avtomatik olaraq gömrük bazası ilə müqayisə edirlər. Bütün datalar yekun təsdiq üçün mərkəzi dispetçer məntəqəsindəki gömrük əməkdaşlarına ötürülür.
Sənaye təyinatlı "Walker S2" robotunun boyu 1,76 metrdir və o, istehsalat, eləcə də logistika tapşırıqlarını yerinə yetirmək üçün dizayn edilib. Hər iki əli ilə 15 kiloqrama qədər yük qaldıra bilən bu mexanizm yüksək dəqiqlik tələb edən mürəkkəb əməliyyatları sərbəst icra edir. Avtomatik batareya dəyişdirmə sistemi sayəsində robotlar fasiləsiz işləmək imkanına malikdirlər. Əgər eksperiment uğurla nəticələnərsə, analoji sistemlərin ölkənin digər hava limanlarında, dəmir yolu vağzallarında və dəniz limanlarında da tətbiqi planlaşdırılır.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

