Vətən müharibəsi şəhidi Həsrət Ələsgərov haqqında rəsmi məlumatlarda bildirilir ki, o, 2001-ci il fevralın 8-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008–2019-cu illərdə İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Digər şagird yoldaşları kimi həmişə dərslərinə səylə çalışıb, vətənpərvər ruhda böyüyüb. Orta məktəb yoldaşlarının və müəllimlərin yaddaşında bacarıqlı, tərbiyəli və cəsur şagird kimi qalan Həsrət daim işğalda olan torpaqlarımızın səbəbkarlarına nifrət etdiyini dilə gətirib.
Orta məktəbi bitirdikdən sonra “təhsil qaçmır, sonra oxuyaram, hələlik, özümüzü gücləndirməli, mənfur qonşuların xainliklərinə qarşı hər şeyə hazır olmalıyıq”– deyib və valideynlərinə sənədlərini ali məktəbə verməkdən imtina etdiyini bildirib. Atası Vahid və anası Arzu Ələsgərovlar onu bu fikirdən daşındırmağa çalışsalar da, Həsrətin inadı qarşısında susublar. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılan gənc Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Həsrət Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Döyüş əməliyyatlarında həmişə şücaət göstərib. Komandirləri onun hər döyüşdən sonra fərqləndiyini bildiriblər.
Atası Vahid Ələsgərov deyir:
– Döyüş yoldaşları danışırdılar ki, Həsrət çox cəsur və qorxmaz idi. Verilən bütün çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirirdi. Bütün döyüşən igidlərimiz kimi onun da arzusu Şuşanın azad edilməsində iştirak etmək, orada dalğalanan Azərbaycan bayrağını görmək idi. İmkan düşdükcə bizə zəng edib deyirdi ki, ondan nigaran qalmayaq: “Narahat olmayın, biz burada davalı kinoların həqiqisini nəinki görürük, həm də onun iştirakçısıyıq. İnşaallah, qələbə bizimlə olacaq. Bizim nə güclü, hazırlıqlı ordumuz varmış, ata, bilmirdik. Tankın üstünə gedən oğullar var. Düşməni ot kimi biçirik. Gedirlər, it sürüsü kimi, ev-eşiklərini, silah-sursatlarını qoyub, arxalarına baxmadan qaçırlar. Belə getsə, az müddətdə zəfərə nail olacağıq. Şuşadan sizə zəng edəcəyəm. Bax, onda toy-bayram edərsiniz”.
Təəssüf ki, namərd atəşi onun bu arzusunu ürəyində qoydu. Həsrət Ələsgərov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Onun nəşi doğma Tovuz rayonunun Aşağı Quşçu kəndinə gətirildi. Azərbaycan bayrağına bükülmüş tabut həyətə girəndə Həsrətin anasının naləsi göyə ucaldı. “Şuşanın azadlığını görmək arzusu ilə vuruşan nakam balam” – deyib tabuta sarıldı. Bacısı Şöhrət və qardaşı Nüsrət nə edəcəklərini bilmədən analarını tabutdan aralamağa çalışdılar. Həsrət rayon ictimaiyyətinin, kənd camaatının, dostlarının, müəllimlərin iştirak etdiyi böyük izdihamla dəfn edildi. Atası Vahid göz yaşları içində ona təqdim edilən Azərbaycan bayrağını, sanki, oğlunun ətrini duyacaqmış kimi bağrına basdı.
Anasının Həsrətlə bağlı arzuları ürəyində qaldı. Oğlunu ali təhsilli, cəmiyyətdə yüksək mövqe sahibi görmək istəyirdi. Nə biləydi ki, balası öz canı-qanı ilə yüksək mövqeyə qalxacaq, Azərbaycanın qəhrəmanı olacaq, adı hər yerdə şərəflə çəkiləcək və adının qarşısına “şəhid anası” kəlməsini yazdıracaq. Və o, canının bir parçası olan oğlu Həsrətə əbədi həsrət qalacaq. Ələsgərovlar ailəsinin oğlu xalqın övladına çevriləcək, adı qəhrəman kimi ölkədə tanınacaq.
İndi kim deyirsə ki, Ələsgərovların ailəsində həyat olduğu kimi davam edir, inanmayın. Bunu ananın ağ saçları, qəmli baxışları, heç vaxt gülməyən siması və dərd dolu ürəyi deyir. Oğlunun dostlarını görəndə bağrı qana dönən ananın bu gün təsəllisi Həsrətdən qalan şəkillər, telefondakı mesajlar, səs yazıları və medallardır. O medallar ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən verilib.
Zərifə BƏŞİRQIZI
XQ
Şəhid Həsrət Ələsgərov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.