Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin Türkiyədə “Ailə İli” elan edilməsi çərçivəsində Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə İstanbulda Beynəlxalq Ailə Forumu keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məclisdə “Ailə yönümlü siyasətlərin tətbiqi: Milli və beynəlxalq səylər” mövzusunda nazirlər sessiyasında çıxış edib.
Komitə sədri bildirib ki, problemlərin və risklərin qloballaşdığı, həll yollarının isə parçalandığı müasir dünyada ailə institutunun zəifləməsi, ailədaxili münasibətlərdə mənəvi boşluqlar və sosial təcrid riski bütün ölkələr üçün ortaq problemə çevrilib. Bu çağırışlara isə yalnız ortaq dəyərlərin müdafiəsi, birgə təşəbbüslər və beynəlxalq əməkdaşlıq sayəsində cavab tapmaq olar. Azərbaycan dövləti ailəni cəmiyyətin əsası, milli kimliyin qoruyucusu və strateji inkişafın dayağı kimi qiymətləndirir.
Hazırda “Ailə Konsepsiyası”nın üzərində iş aparıldığını diqqətə çatdıran Bahar Muradova daha sonra qeyd edib ki, yalnız ailə yönümlü siyasətlər vasitəsilə qloballaşmanın təzyiqləri qarşısında davam gətirə və cəmiyyətlərimizin müqavimət hissini möhkəmləndirə bilərik. İndi cəmiyyətin rifahı, qadınların və uşaqların reabilitasiyası, ailələrin münaqişədən sonrakı dövrdə müdafiəsi və sosial inteqrasiyası prioritet sahələrimizdəndir. Bu məqsədə çatmaq üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində, İslam ölkələri, eləcə də digər regional və beynəlxalq formatlarda qurulmaqda olan əməkdaşlıq modellərimiz ailə dəyərlərinin qorunması üçün nümunəvi bir istiqamət formalaşdırır: “Bizim hər birimiz bu dəyərləri bir-birimizə tanıtmalı və müdafiə etməliyik. Azərbaycan bu baxımdan Asiya, Avropa və İslam dünyası arasında körpü rolunu oynayaraq müxtəlif sosial yanaşmalar arasında balansı qorumağa çalışır”.
Forum çərçivəsində imzalanacaq bəyanatın müddəalarına toxunan Bahar Muradova bildirib ki, ailə institutunun möhkəmləndirilməsi üçün milli və beynəlxalq səviyyədə effektiv siyasətlər hazırlanmalı, demoqrafik və cins balansını qorumaq üçün doğum stimullaşdırılmalı, məsuliyyətli valideynlik və nəsillərarası varislik kimi məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, ailənin təməl dəyərlərinə zidd olan zərərli meyillərin və məqsədli layihələrin qarşısı qətiyyətlə alınmalıdır.
Bahar Muradova çıxışının sonunda Azərbaycanın bu sahədə bütün tərəfdaş ölkələrlə açıq və səmimi əməkdaşlığa hazır olduğunu vurğulayıb.
27 ölkənin dövlət rəsmilərinin qatıldığı tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri, sərgilər, yarmarkalar və təqdimatlar təşkil olunub.
Zərifə BƏŞİRQIZI
XQ