Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə “Heydər Əliyev məktəbi” adlı layihə həyata keçirilib.
Layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 45 nəfər iştirak edib.
Məktəbin ilk seminarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Heydər Əliyev və dövlət quruculuğu” mövzusunda, ikinci seminarı isə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Heydər Əliyev və YAP” mövzusunda keçirib.
Seminarda həmçinin millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, DQİDK-in Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov və digər rəsmilər müxtəlif mövzularda fikirlərini bölüşüblər.
Bildirilib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər görülüb.
Seminarlarda o da vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərir.
Sonda iştirakçılar diplomla təltif olunublar.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə