Bu gün Misirdə Sülh Sammiti başlayır

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına həsr olunmuş Sülh Sammitində iştirak edəcək. Məlumatı “Anadolu” verib. 

Sammitə ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdülfəttah əs-Sisi həmsədrlik edəcəklər.

Foruma Fransa prezidenti Emmanuel Makron, İordaniya kralı II Abdullah, Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə, Böyük Britaniyanın baş naziri Key Starmer, İspaniyanın baş naziri Pedro Sançes, İtaliyanın baş naziri Giorgio Meloni, Pakistanın baş naziri Şahbaz Şərif, Almaniya kansleri Fridrix Merz və digər dövlət və hökumət rəhbərləri daxil olmaqla 20-dən çox ölkənin lideri dəvət olunub.

İranın Tasnim xəbər agentliyinin məlumatına görə, dəvətə baxmayaraq, heç bir İran dövlət rəsmisi sammitdə iştirak etmək üçün Misirə uçmağı planlaşdırmır. İsrail hökuməti də ölkə nümayəndələrinin Sülh Sammitində iştirak etməyəcəyini açıqlayıb.

Fələstin Administrasiyası hələ ki, iştirakını açıqlamayıb.

İclasda BMT-nin baş katibi Antonio Quterreş və Avropa Şurasının sədri Antonio Kosta da iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Donald Trampın dəvəti ilə Şarm əl-Şeyx Sülh Sammitində iştirak etmək üçün oktyabrın 13-də Şarm əl-Şeyxə səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında məlumat verib.

P.Əmircanov
XQ

 

Dünya