Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolması və köməksiz vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.
Bu barədə XQ-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
14:36
Martın 27-dən yağan güclü leysan yağışları nəticəsində yaranan sel suları Xaçmazda ciddi fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağçay çayı məcrasından çıxaraq Cıgatay kəndində onlarla evin həyətinə, zirzəmilərinə dolub. Bundan başqa, Qarğalıq, Qaraçı, İlxıçı kəndlərində də selin fəsadları qeydə alınıb.
Qusarçay və Qudayalçayda qeydə alınan sel isə Dədəli, Uzunoba inzibati ərazi dairələrindəki kəndlərə ziyan vurub.
Xaçmaz rayon fövqəladə hallar komissiyasının sədri Anar Oruclu bildirib ki, hazırda müvafiq dövlət qurumlarının canlı qüvvəsi və ağır texnikası fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub. Cıgatay kəndində sel sularının istiqamətinin dəyişdirilməsi üçün iş aparılır.













