Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb. Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə imzalayıblar.
Memorandum antidopinq sahəsində maarifləndirmə və təbliğat fəaliyyətinin gücləndirilməsini, həmçinin beynəlxalq və milli səviyyədə keçirilən tədbirlər barədə qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutur.
Tədbirdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, Agentlik bir çox nüfuzlu beynəlxalq və daxili idman yarışını geniş şəkildə işıqlandırır. AMADA ilə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirən V.Əliyev deyib ki, Memorandum Azərbaycanda təmiz idmanın təbliği, dopinqə qarşı mübarizə ilə bağlı məlumatların cəmiyyətə operativ və dolğun şəkildə çatdırılması istiqamətində mühüm addımdır. Sağlam həyat tərzinin və ədalətli idmanın təbliği məqsədilə birgə maarifləndirmə kampaniyalarının həyata keçirilməsi baxımından əməkdaşlığın önəmi xüsusi qeyd olunub.
AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə Memorandumun əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sənəd antidopinq sahəsində maarifləndirmə və ictimai məlumatlandırmanın sistemli şəkildə aparılmasına mühüm töhfə verəcək. Vurğulanıb ki, dopinqə qarşı mübarizə təkcə nəzarət və qaydalarla məhdudlaşmır, eyni zamanda, cəmiyyətin bütün təbəqələrində məlumatlılığın formalaşdırılmasını tələb edir. Bu baxımdan AZƏRTAC ilə əməkdaşlıq təmiz idman dəyərlərinin geniş auditoriyaya çatdırılması üçün etibarlı və təsirli platforma yaradır.
Qeyd edək ki, bu əməkdaşlıq həm idman ictimaiyyətinin, həm də ümumilikdə cəmiyyətin dopinqin fəsadları barədə məlumatlılığının artırılmasına, şəffaflığın və etimadın möhkəmlənməsinə xidmət göstərəcək. Belə təşəbbüslər Azərbaycanın beynəlxalq antidopinq hərəkatında fəal mövqeyini daha da gücləndirəcək.



