Universitetdə Səməd Vurğun adına Azərbaycanşünaslıq auditoriyası yaradılıb

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Gülüstan Dövlət Universitetində Xalq şairi, ictimai xadim Səməd Vurğunun adını daşıyan Azərbaycanşünaslıq auditoriyası yaradılıb. 

Layihə Azərbaycan Prezidenti İlham Əliyevin Səməd Vurğunun 120 illik yubileyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilib.

AMM-nin direktoru Akif Marifli bildirib ki, Səməd Vurğunun adını daşıyan Azərbaycanşünaslıq auditoriyasının yaradılması Azərbaycan ilə Özbəkistan arasında mədəni və elmi əlaqələrin inkişafına mühüm töhfə verəcək. O vurğulayıb ki, Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən həyata keçirilən yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı əməkdaşlıq humanitar layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Direktorun sözlərinə görə, yaradılan auditoriya tələbələrin Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olması, eləcə də birgə elmi və mədəni layihələrin həyata keçirilməsi üçün mühüm platforma olacaq.

Sırdərya vilayət hakiminin müavini Şoxrux İsakulov və Universitetin birinci prorektoru Kozim Kudratov Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan qədim dostluq və mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb. Onlar qeyd ediblər ki, belə bir auditoriyanın yaradılması tələbələrin Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti haqqında daha geniş məlumat əldə etməsinə, həmçinin iki ölkənin ali təhsil müəssisələri arasında elmi-humanitar əməkdaşlığın inkişafına töhfə verəcək.

Auditoriyanın yaradılması çərçivəsində universitetə Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinə dair kitablar, foto materialları hədiyyə olunub. 

Auditoriyanın tərtibatında Azərbaycan və Özbəkistanın dövlət bayraqları, görkəmli şəxsiyyətlərin portretləri, eləcə də Azərbaycanın xəritəsi və digər simvolik elementlər yer alıb.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 









Mədəniyyət