Milli Olimpiya Komitəsi ermənilərlə bağlı BOK-a etiraz etdi

post-img

Milli Olimpiya Komitəsi XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan “Arsax” adlı musiqidən istifadə etməsini ciddi narahatlıqla qarşılayıb.

Qurum Beynəlxalq Olimpiya Komitəsinə Ermənistan idmançılarının bu addımı ilə bağlı öz etirazını bildirib.

Qeyd edilib ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir. Beynəlxalq Olimpiya Komitəsinin missiyalarından biri də idmanı siyasətdən kənar saxlamaq, idmançıların və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaqdır.

Bu cür hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur, eyni zamanda, regionda sülh və qarşılıqlı etimad mühitinə xələl gətirir.

Milli Olimpiya Komitəsi öz etirazında bir daha bildirib ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin rəmzlərindən biridir, bu platformadan siyasi və separatçı təbliğat məqsədləri üçün istifadə etmək yolverilməzdir.

Qabil YUSİFOĞLU
XQ

İdman