Növbəti səhifə: ABŞ – Bosniya və Herseqovina

post-img

Meydanın bir tərəfində "doğma divarlar" arasında oynayan XXlll Dünya çempionatının 3 təşkilatçı ölkəsindən biri, digər tərəfində isə paytaxtı Bakı ilə qardaşlaşmış Sarayevo şəhəri olan Bosniya və Herseqovina Respublikası. Əgər bu qardaşlığın tarixinin hələ 1970-ci illərin ikinci yarısından hesablandığını da xatırlasaq, bosniyalılara azarkeşlik etməyimiz səbəbsiz deyil. Görüş Bakı vaxtı ilə iyulun 1-dən 2-nə keçən gecə San Fransisko şəhərində oynanılacaq.

1980-ci ilin payızında 1 gün Sarayevo şəhərinin qonağı olmuşdum. Bir qrup sovet idman jurnalisti Moskvadan təyyarə ilə o vaxt hələ Yuqoslaviya Sosialist Federativ Respublikası adlanan, Bosniya və Herseqovinanın da tərkibinə daxil olduğu ölkənin paytaxtı Belqrada gəldikdən sonra oradan avtobusla basketbol üzrə Avropa çempionatının keçiriləcəyi Banya Luka şəhərinə gedərkən yolüstü Sarayevo ilə tanış olmaq imkanı qazanmışdıq.

Onda bizi müşayiət edən bələdçi xanım hazırda müstəqil ölkə Bosniya və Herseqovinanın paytaxtı haqqında danışarkən onun adının "saray" sözündən götürüldüyünü, "Sarayevo" sözünün mənasının "Saray və onu əhatə edən ərazi" olduğunu bildirmişdi.

Sarayevo ilə vidalaşıb, basketbol ustalarının görüşlərini izləyəcəyimiz Banya Luka şəhərinə gəldikdə isə xoş bir təsadüf baş verdi. Çempionata gəlmiş jurnalistlər yarışın mətbuat mərkəzində qeydiyyatdan keçərkən bir nəfər bizə yaxınlaşıb, "Burada Bakıdan olan kimsə varmı?" deyə soruşdu. Mən özümü təqdim etdikdən sonra Hüseyn Huciç ad-soyadlı həmin şəxs bir neçə ay əvvəl Sarayevo şəhərinin nümayəndə heyəti tərkibində Bakıda olduğunu söylədi, qardaş şəhərlər arasındakı əlaqələrdən danışdı. Eləcə də, özünün 1984-cü ildə Sarayevoda keçiriləcək XlV Qış Olimpiya Oyunlarına Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü olduğunu bildirdi. Biz bir-birimizdən qardaşlıq hisslərinin yaratdığı xoş duyğularla ayrıldıq.

Təxminən 1980-ci ildən metronun "Əhmədli" stansiyası ilə "Bakı" kinoteatrı arasında yerləşən küçələrdən birinin Sarayevo adı daşıdığını da qeyd edib, keçək qarşıdakı ABŞ-Bosniya və Herseqovina oyununa.

Maraqlıdır, qrup sınaqlarında hər iki komanda heç bir oyunda meydanı qol vurmadan tərk etməmişdir. Paraqvaya 4:1, Avstraliyaya 2;0 hesabı ilə qalib gəlib, Türkiyəyə uduzan (2:3) amerikalılar hücumda kifayət qədər yüksək məhsuldarlıq göstərmişlər. Onlar 8 qolun sevincini yaşamışlar. Bosniya və Herseqovina millisi isə startda Kanada ilə heç-heçədən (1:1), İsveçrə ilə qarşılaşmada məğlubiyyətdən (1:4) sonra Qətər komandası üzərində çox mühüm qələbə qazanıb (3:0) adını 1/16 final mərhələsi iştirakçılarının siyahısına yazdırmağı bacarmışdır.

Bizim vaxtla bu gün gecəyarısı tərəflərdən biri Dünya çempionatı–2026-da daha bir səddi uğurla keçməsinə ürəkdən sevinəcək, digəri isə turnirlə vidalaşmağa məcbur olacaq. Oyun ərəfəsində komandaların imkanlarını qiymətləndirərkən meydan sahibləri sanki bir qədər üstün görünürlər. ABŞ futbolçuları qrup mərhələsində görüşlərinin nəticələrinin də təsdiq etdiyi kimi, hakimin start işarəsindən dərhal sonra rəqibə güclü təzyiq göstərib, xoşbəxtliyi onun qapısında axtarmağa başlayırlar. Üstəlik də, "doğma divarlar" amili də onların xeyrinədir.

Bununla belə, futbolda hər şey olur deyimi də meydana təsadüfən çıxmayıb. Onu ilk dəfə hər kim deyibsə, dəqiq düşünülmüş fikir söyləyib. Təkcə bir nümunə göstərək: çempionat başlayanadək superkompüterlərin qrupdan çıxmaq imkanlarını cəmi 1 faiz kimi qiymətləndirdiyi, indi isə bütün dünyada adı son dərəcə böyük hörmətlə çəkilən Kabo Verde komandası başda 40 yaşlı qapıçısı Vozinyo olmaqla Argentina kimi nəhəng rəqiblə 1/16 final oyununa hazırlaşır. Səbirsizliklə gözlənilən görüşdə Messi-Vozinyo rəqabəti isə xüsusilə diqqət mərkəzində olacaq.

Kabo Verde komandası ən böyük futbolun ən kiçik qəhrəmanı kimi artıq öz sanballı sözünü demişdir. Deməli, bir daha təsdiq olunub: Futbolda hər şey olur və ya həyat kimi, futbol da gözlənilməz hadisələrlə doludur.

Hər iki komandanın ifasında məzmunlu, yaddaqalan oyuna şahidlik etmək arzusu ilə.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman