Azərbaycan mərkəzli yeni tərəfdaşlıq

post-img

Orta Dəhliz daha geniş əməkdaşlıq əlaqələri formalaşdırır

Geosiyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi bir dövrdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlıq yeni strateji məzmun qazanır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Qazaxıstana rəsmi səfəri və Astana ilə Tbilisi arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu tendensiyanın nəticəsidir. Sənəd yalnız 2 ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərmir, həm də Orta Dəhliz boyunca formalaşan yeni iqtisadi və nəqliyyat arxitekturasının əhəmiyyətini təsdiqləyir.

İlk baxışdan bu, Qazaxıstan və Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı kimi görünə bilər. Lakin prosesə daha geniş bucaqdan yanaşdıqda aydın olur ki, söhbət təkcə Astana ilə Tbilisi arasında əməkdaşlıqdan getmir. Bu strateji yaxınlaşmanın əsasını Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) təşkil edir. Həmin marşrutun mərkəzi halqası isə Azərbaycandır.

Çindən Avropaya uzanan Orta Dəhliz son illər qlobal tədarük zəncirlərinin şaxələndirilməsində mühüm alternativə çevrilib. Bu marşrutun səmərəli fəaliyyəti Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və ölkənin tranzit-logistika imkanları sayəsində mümkün olur. Məhz buna görə də Astana ilə Tbilisi arasında formalaşan strateji tərəfdaşlıq dolayısı ilə Azərbaycanın Avrasiyanın əsas nəqliyyat və logistika qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirir.

Orta Dəhliz, sadəcə, nəqliyyat xətti deyil, yeni geoiqtisadi platforma kimi qiymətləndirilir. Bu platformanın bünövrəsi isə Azərbaycandır. Çünki Qazaxıstandan Xəzər vasitəsilə daşınan yüklər ilk olaraq Azərbaycanın limanlarına çatır, daha sonra Bakı–Tbilisi–Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu vasitəsilə Gürcüstan limanlarına, oradan isə Avropaya yönləndirilir. Başqa sözlə, Orta Dəhlizin fasiləsiz fəaliyyəti Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu və tranzit imkanları olmadan mümkün deyil.

Məhz buna görə də Tokayev və Kobaxidze arasında danışıqlarda Orta Dəhliz ön plana çıxıb. Tərəflər yükdaşımaların artırılması, vahid tarif siyasətinin tətbiqi, logistika proseslərinin rəqəmsallaşdırılması və əlavə yük axınlarının cəlb olunması istiqamətində əməkdaşlığın genişləndirilməsini razılaşdırıblar. Bu, vacib amildir. Çünki müxtəlif ölkələrin nəqliyyat və logistika sistemlərinin uzlaşdırılması daşımaların səmərəliliyini artırır, marşrutun rəqabət qabiliyyətini gücləndirir və daha sabit qiymət mühiti formalaşdırır. Hazırda əsas çağırışlardan biri tranzit xərclərində ölkələr üzrə fərqli yanaşmaların yaratdığı dəyişkənlikdir ki, bu da Orta Dəhlizin cəlbediciliyinə təsir göstərir. Buna görə vahid və koordinasiya olunmuş tarif mexanizmi, şəffaf tranzit ödənişləri və qiymət sabitliyi əsas prioritetlərdir. Bakı dəfələrlə bu istiqamətdə açıqlamalar verib. Bildirib ki, marşrutun effektivliyi onun keçdiyi ölkələrin vahid sistem kimi fəaliyyət göstərməsindən birbaşa asılıdır. Bu da onu göstərir ki, Orta Dəhliz yalnız infrastruktur layihəsi deyil, regional iqtisadi inteqrasiyanın əsas sütunlarından biridir. Son 5 ildə yükdaşımaların 3 dəfədən çox artması və 2029-cu ilədək ildə 3 min konteyner qatarı hədəfi bu marşrutun strateji əhəmiyyətini təsdiqləyir.

Bu hədəflərin reallaşması isə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı nəqliyyat və logistika layihələri ilə bağlıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun tam gücü ilə işləməsi, rəqəmsal gömrük sistemlərinin tətbiqi və tranzit prosedurlarının sadələşdirilməsi Azərbaycanın regionun əsas logistika mərkəzlərindən birinə çevrilməsini təmin edib. Nəticədə Qazaxıstanın ixrac yüklərinin Avropa bazarlarına çıxışında Azərbaycan əsas tranzit ölkələrdən biri kimi strateji rol oynayır.

Qazaxıstanın Gürcüstandakı səfiri Malik Murzalinin açıqlamaları da bunu təsdiqləyir. Onun sözlərinə görə, Qazaxıstan və Gürcüstanı yaxınlaşdıran əsas amil Orta Dəhlizdir. Lakin bu marşrutun xəritəsinə nəzər saldıqda görünür ki, tərəfdaşlığın praktiki reallaşması Azərbaycanın tranzit imkanlarından birbaşa asılıdır. Bu baxımdan Astana ilə Tbilisi arasında strateji tərəfdaşlığın möhkəmlənməsi dolayısı ilə Azərbaycanın regional nəqliyyat sistemindəki mövqeyini də gücləndirir.

Siyasi baxımdan da proses diqqət çəkir. Son ilyarım ərzində Tokayev və Kobaxidze 5 dəfə görüşüblər. Bu intensiv dialoq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir. Həmin modelin mərkəzində isə Azərbaycan yerləşir. Çünki həm enerji, həm də nəqliyyat marşrutları baxımından regionun əsas bağlantı nöqtəsi məhz Azərbaycandır.

İqtisadi əməkdaşlığın genişləndirilməsi də danışıqların əsas istiqamətlərindəndir. Qarşılıqlı investisiyaların artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi və yeni bazarlara çıxış imkanları müzakirə edilib. Qazaxıstan Gürcüstan iqtisadiyyatına yarım milyard dollardan artıq sərmayə yatırıb, Gürcüstanın Qazaxıstana investisiyaları isə son bir ildə rekord həddə artıb və 312 milyon dollara yüksəlib. Bununla yanaşı, enerji əməkdaşlığı da inkişaf edir. Tokayev Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri vasitəsilə Qazaxıstan neftinin nəqlinin artırılacağını bəyan edib. Bu isə bir daha göstərir ki, regionun enerji təhlükəsizliyi məsələsində də Azərbaycanın infrastrukturu əsas rol oynayır.

Qazaxıstanın Batumi Neft Terminalına və limanına sahib olması, Poti limanında multimodal terminal layihəsində iştirakı, Anakliya limanına maraq göstərməsi də eyni strategiyanın tərkib hissəsidir. Lakin bütün bu layihələr yalnız Azərbaycanın nəqliyyat şəbəkəsi ilə inteqrasiya olunduğu halda tam iqtisadi səmərə verir.

İrakli Kobaxidzenin Qazaxıstana rəsmi səfəri zamanı turizm, informasiya texnologiyaları, rəqəmsal idarəetmə və süni intellekt sahələrində əməkdaşlığa dair memorandumların imzalanması göstərir ki, strateji tərəfdaşlıq yalnız tranzit və ticarətlə məhdudlaşmır. Bununla belə, bütün bu əməkdaşlığın iqtisadi əsasını regional bağlantılar təşkil edir.

Mövzu ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü XQ-yə bildirdi ki, mövcud geosiyasi durumda Avropa İttifaqının, Mərkəzi Asiya ölkələri və Çin kimi iri iqtisadi aktorların Orta Dəhlizə marağının artması Azərbaycanın rolunu daha da aktuallaşdırır: “Bakı artıq yalnız tranzit ölkəsi deyil, müxtəlif regionları birləşdirən logistika, enerji və ticarət platformasının koordinasiya mərkəzidir. Gürcüstan və Qazaxıstan arasında imzalanan strateji tərəfdaşlıq sənədi də bu reallığın növbəti təsdiqidir”.

Şərhçinin sözlərinə görə, Astana və Tbilisi arasında formalaşan yeni münasibətlər modeli yalnız ikitərəfli əməkdaşlıq nümunəsi deyil: “Bu, Azərbaycanın təşəbbüsü və iştirakı ilə inkişaf edən Orta Dəhlizin ətrafında formalaşan regional inteqrasiya sisteminin növbəti mərhələsidir. Məhz Azərbaycanın yaratdığı nəqliyyat, logistika və enerji infrastrukturu Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlıqların real iqtisadi məzmun qazanmasına imkan verir. Bu amil isə ölkəmizin Avrasiyanın yeni geosiyasi xəritəsində aparıcı tranzit və əlaqələndirici dövlət kimi mövqeyini daha da möhkəmləndirir”.

P.ƏFƏNDİYEV
XQ





Siyasət