Aİ və NATO-nun Ankara sammitləri nələri üzə çıxarır?

post-img

Geosiyasi maraqlar fikir ayrılıqlarına üstün gələndə

Aİ-nin Rusiya ilə diplomatik və iqtisadi qarşıdurması və ABŞ-ın NATO daxilində uzunmüddətli siyasəti ilə bağlı qeyri-müəyyənlik fonunda Türkiyə qlobal Avropa təhlükəsizliyi üçün əvəzsiz tərəfdaş kimi ortaya çıxıb. Bunun bariz nümunəsi Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətinin Ankaraya səfəridir.

Brüsselin mövqe uyğunlaşdırması

Türkiyə mətbuatının məlumatına görə, nümayəndə heyətinə bu ölkəyə dəfələrlə səfər etmiş Avropanın genişlənmə üzrə komissarı Marta Kos və daxili işlər və miqrasiyadan məsul komissar Maqnus Brunner daxildir. Heyət Ankarada xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşürlər.

Aİ nümayəndə heyətinin Türkiyəyə səfərini təhlil edərkən ilk növbədə qeyd etməliyik ki, bu, NATO sammitindən əvvəl baş verir ki, bu da aydın əlaqəni ortaya qoyur. Həm də onu göstərir ki, Kallasın başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə paytaxtına səfərində məqsədlərindən biri Ukrayna, Qara dəniz regionu və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, Avropa İttifaqı üçün fundamental əhəmiyyət kəsb edən bir sıra təhlükəsizlik məsələlərində Brüssel və Ankaranın mövqelərini uyğunlaşdırmaqdır. Beləliklə, Kallasın budəfəki səfərinin əsas mövzusunun Brüssellə Ankara arasında strateji tərəfdaşlığın gücləndirilməsindən çox, Avropa İttifaqının özünün üzləşdiyi geosiyasi dilemmalardan ibarət olacağı güman edilir.

Təl-Əviv NATO-nun Ankara sammitindən narahatdır

İsrail ABŞ Prezidenti Donald Trampın iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitindən sonra Ankaraya F-35 qırıcılarının tədarükünü dəstəkləyə biləcəyindən narahatdır. Bu barədə “Euractiv” özəl mənbələrinə istinadla məlumat yayıb. Amerika lideri bundan əvvəl Türkiyəyə F-35-lərin mümkün tədarükü ilə bağlı suala cavabında NATO sammiti üçün səfərində Ankaranı sevindirə biləcəyini bildirmişdi. Mənbənin İsrailin təhlükəsizlik mənbələrinə istinadla verdiyi məlumata görə, F-35 proqramının bir sıra əsas komponentləri İsrail şirkətləri tərəfindən istehsal edilir və ya hazırlanır. Bu səbəbdən İsraildə bu texnologiyaların Türkiyə qırıcılarında istifadə olunması ehtimalı son dərəcə mənfi qarşılanır. İsrailin Yunanıstandakı səfiri Noam Kats Türkiyəyə F-35-lərin verilməsinin “arzuolunmaz” olduğunu deyib. İsrail Baş naziri Binyamin Netanyahu da F-35-lərin Ankaraya mümkün tədarükü ilə bağlı narahatlığını Vaşinqtonun diqqətinə çatdırmaq niyyətindədir.

Doha görüşü “düyünə” düşüb

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ–İran danışıqlarında iştirak etmək məqsədilə Qətərin paytaxtı Dohaya yollanıb. Bu barədə CNN iki amerikalı rəsmiyə istinadla məlumat yayıb. Məlumatda Vitkoffu ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etmədiyi barədə heç nə deyilmir. Tramp daha əvvəl ABŞ və İran nümayəndələri arasında danışıqların çərşənbə axşamı Dohada keçiriləcəyini bildirmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın yaxın günlərdə ABŞ ilə hər hansı görüş keçirməyi planlaşdırmadığını açıqlayıb: “ABŞ ilə görüşün bir məqsədi olmalıdır. Əgər yekun razılaşma üzrə danışıqlara başlamaqdan söhbət gedirsə, bu, anlaşma memorandumunun bütün bəndləri yerinə yetirildikdən sonra mümkündür. Yaxın günlərdə mövcud prosesi qiymətləndirməli və yekun razılaşma üzrə danışıqlara nə vaxt başlayacağımıza qərar verməliyik”.

Tramp: Benzinin qiymətini aşağı salın!

ABŞ Prezidenti Donald Tramp ABŞ-da yanacaq satan şirkətlərdən benzinin qiymətini dərhal aşağı salmağı tələb edib. Bunu etməyəcəkləri təqdirdə onları ciddi nəticələrlə hədələyib. O, bu barədə özünün “Truth” hesabında yazıb. “Benzinin pərakəndə satıcıları qiymətləri dərhal aşağı salmalıdırlar! Neftin hazırda bir barelinin qiyməti 68 dollar olduğunu nəzərə alsaq, qiymətlər çox yüksəkdir”, – Tramp bildirib.

2 SEPAH-çı öldürülüb

İranın Qərbi Kirmanşah əyalətində silahlı qrupun hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbçisi həlak olub. Bu barədə rəsmi İRİB telekanalı məlumat yayıb. Məlumatda deyilir ki, hadisə Kirmanşah əyalətinin Pavə şəhərində qeydə alınıb. Çərşənbə axşamına keçən gecə baş verən silahlı hücum nəticəsində iki hərbi qulluqçu qətlə yetirilib, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

XQ







Siyasət