Azərbaycanda rəqəmsal keçid sürətli mərhələyə daxil olur

post-img

Rəqəmsal inkişaf müasir dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahə ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına, rəqabət qabiliyyətinin artırılmasına və dayanıqlı iqtisadi artımın təmin edilməsinə birbaşa təsir göstərir.

Süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsal transformasiya və müasir infrastrukturun formalaşdırılması artıq dövlətlərin gələcək inkişafını müəyyən edən əsas amillər sırasındadır. Məhz bu baxımdan iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkənin rəqəmsal inkişaf strategiyasının inkişaf baxımından mühüm mərhələ hesab olunur.

İclasda Birinci vitse-prezident bildirib ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə verilən tapşırıqlara uyğun olaraq "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" təsdiqlənib. Bu sənəd əsasında qarşıdakı üç il ərzində rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən yol xəritəsi müəyyənləşdirilib.

Qeyd olunub ki, Rəqəmsal İnkişaf Şurasının əsas vəzifəsi dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, vahid yanaşmanı formalaşdırmaq və qəbul edilən qərarların vaxtında, səmərəli icrasını təmin etməkdir. Məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil, həm də iqtisadi inkişafın sürətləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması, investisiyaların cəlb edilməsi, startapların dəstəklənməsi və dövlət idarəçiliyinin daha səmərəli təşkili üçün əlverişli mühit yaratmaqdır.

Birinci vitse-prezident süni intellektin artıq gələcəyin deyil, bu günün əsas inkişaf amillərindən birinə çevrildiyini də vurğulayıb. Onun sözlərinə görə, bu texnologiya dövlətlərin təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynayır. Dünyanın aparıcı ölkələrində süni intellekt gözləniləndən daha sürətlə inkişaf edir və bu proses həm yeni imkanlar, həm də yeni risklər yaradır. Buna görə də kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində mövcud və potensial təhdidlərə qarşı hazırlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, Prezident İlham Əliyevin fevralın 27-də imzaladığı Sərəncamla təsdiqlənən Fəaliyyət Planı qlobal rəqabətin sürətlə artdığı və rəqəmsal texnologiyaların iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildiyi şəraitdə hazırlanıb. Sənəd Azərbaycanın rəqəmsal transformasiya prosesini sistemli şəkildə sürətləndirməyi hədəfləyir.

Təsadüfi deyil ki, son illərdə dövlət tərəfindən bu istiqamətdə mühüm hüquqi və texnoloji baza formalaşdırılıb. “Hökumət buludu”nun istifadəyə verilməsi, “SİMA” biometrik rəqəmsal imzasının geniş tətbiqi və rəqəmsal infrastrukturun inkişafı Azərbaycanın beynəlxalq reytinqlərdə də mövqeyini gücləndirib. Hazırda “SİMA”nın istifadəçilərinin sayı 4 milyonu ötür. Eyni zamanda Azərbaycan BMT-nin 2024-cü il üzrə Elektron Hökumətin İnkişafı İndeksində 9 pillə irəliləyərək 74-cü yerə yüksəlib və “çox yüksək inkişaf etmiş ölkələr” qrupuna daxil olub.

Bütün bunlar təsdiq edir ki, ölkədə rəqəmsal transformasiya artıq ayrı-ayrı layihələr deyil, vahid strateji proqram çərçivəsində həyata keçirilir. Məhz bu məqsədlə 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planına rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə ümumilikdə 58 təşəbbüs daxil edilib. Rəqəmsallaşma istiqamətində görülən işlər barədə məlumat verən rəqəmsal inkişaf və nəqliyyat naziri bildirib ki, artıq 40 dövlət qurumu üzrə Yol xəritələri hazırlanıb, onlardan 13-ü isə təsdiqlənib və ya təsdiq mərhələsindədir.

Bu prosesdə əsas elementlərdən biri Milli Məlumat Hövzəsidir. Platforma dövlət informasiya sistemləri və reyestrləri arasında məlumat mübadiləsini təmin edən vahid rəqəmsal infrastruktur rolunu oynayır. Sistem müxtəlif dövlət qurumlarının informasiya ehtiyatlarını təhlükəsiz və operativ şəkildə inteqrasiya etməklə məlumatların təkrar toplanmasının qarşısını alır və dövlət xidmətlərinin daha səmərəli göstərilməsinə şərait yaradır.

Rəqəmsal dövlət idarəçiliyinin mühüm alətlərindən biri olan “Mygov” platformasının inkişafı da bu istiqamətdə diqqətçəkən nəticələrdəndir. Son üç ay ərzində platformanın istifadəçilərinin sayı 2,7 milyondan 3,5 milyona yüksəlib ki, bu da rəqəmsal xidmətlərə artan marağın göstəricisidir. “Mygov” müxtəlif dövlət qurumlarının elektron xidmətlərini vahid platformada birləşdirərək vətəndaşlara dövlət xidmətlərinə sürətli, təhlükəsiz və rahat çıxış imkanı yaradır. İstifadəçilər rəqəmsal identifikasiya vasitəsilə şəxsi məlumatlarına baxa, elektron arayış və sənədlər əldə edə, eləcə də dövlət qurumları ilə onlayn formada qarşılıqlı əlaqə qura bilirlər.

Platformanın əsas üstünlüklərindən biri dövlət informasiya sistemlərinin inteqrasiyası hesabına eyni məlumatın müxtəlif qurumlara dəfələrlə təqdim olunması zərurətini aradan qaldırmasıdır. Bu isə xidmətlərin göstərilmə müddətini qısaldır, şəffaflığı artırır və dövlət idarəçiliyinin səmərəliliyini yüksəldir.

Lakin rəqəmsallaşmanın genişlənməsi yeni çağırışları da gündəmə gətirir. Rəqəmsal iqtisadiyyatın inkişafı, dövlət informasiya sistemlərinin sayının artması və süni intellekt texnologiyalarının sürətlə yayılması kibertəhlükəsizlik məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Buna görə də ölkədə rəqəmsal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni institusional mexanizmlərin yaradılması istiqamətində ardıcıl addımlar atılır.

Bu sahədə həyata keçirilən mühüm təşəbbüslərdən biri Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasıdır. Texnoloji suverenliyin möhkəmləndirilməsini hədəfləyən klaster kibertəhlükəsizlik, informasiya texnologiyaları, rəqəmsal infrastruktur, süni intellekt və digər strateji texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət qurumlarını, özəl şirkətləri, startapları, elmi-tədqiqat müəssisələrini və akademik dairələri vahid əməkdaşlıq platformasında birləşdirəcək.

Həyata keçirilən islahatlar innovasiya ekosisteminin formalaşdırılması, rəqəmsal dövlət idarəçiliyinin təkmilləşdirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi və texnoloji suverenliyin təmin olunması istiqamətlərini vahid strategiyada birləşdirir. Bu yanaşma Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda mövqeyinin möhkəmlənməsinə və uzunmüddətli dayanıqlı inkişafına xidmət edir.

Fərid KAZIMOV,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İctimai Şurasının üzvü

Rəqəmsal keçidin sürətləndirilməsi, innovativ idarəetmə mexanizmlərinin tətbiqi və müasir texnologiyaların dövlət idarəçiliyinə inteqrasiyası istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyur. Bu məqsədlə iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. Bu platforma Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

İnnovasiyaların inkişafı, kibertəhlükəsizlik və süni intellekt sahəsində həyata keçirilən tədbirlər dövlət, özəl sektor və təhsil müəssisələri səviyyəsində vahid strateji xətt üzrə qurulmalıdır. Süni intellekt yalnız tətbiq naminə deyil, onun iqtisadi və sosial faydası nəzərə alınaraq istifadə edilməlidir. Eyni yanaşma kibertəhlükəsizlik və digər texnoloji istiqamətlərə də şamil olunmalıdır. Məqsəd Azərbaycanın iqtisadi dayanıqlılığını, milli təhlükəsizliyini və davamlı inkişafını gücləndirməkdir.

Bu baxımdan effektivliyin ölçülməsi əsas meyarlardan biridir. Bunun üçün konkret metrikalar müəyyənləşdirilməli, məsələn, OKR (Objectives and Key Results) metodologiyası kimi yanaşmalardan istifadə edilməlidir. Texnologiyaların tətbiqində əsas prioritet real nəticələrin qiymətləndirilməsi olmalıdır.

Bununla yanaşı, fəaliyyət ayrı-ayrı qısamüddətli hədəflərə deyil, bütövlükdə sistemin inkişafına yönəlməlidir. Məqsəd yalnız müəyyən sayda startap yaratmaq yox, onların təbii şəkildə yaranıb inkişaf edə biləcəyi ekosistemi formalaşdırmaqdır. Eyni prinsip innovasiya məhsullarının ixracına da aid edilməlidir. Qarşıya konkret ixrac hədəfi qoymaq mümkün olsa da, əsas məqsəd həmin rəqəmə çatmaq deyil, dövlət və özəl sektorun əməkdaşlığı sayəsində şirkətlərin sürətlə böyüməsinə, innovativ məhsullarını xarici bazarlara çıxarmasına və ixrac imkanlarını genişləndirməsinə şərait yaratmaqdır.

Bu prosesi məhdudiyyətlər nəzəriyyəsi əsasında qurmaq mümkündür. Əvvəlcə ali məqsəd müəyyən edilməli, daha sonra isə həmin məqsədə çatmağa mane olan məhdudiyyətlər aradan qaldırılmalıdır.

Azərbaycanda artıq bir neçə ildir innovasiya məhsullarının və yüksək texnologiyalar sektorunun inkişafını stimullaşdırmaq məqsədilə vergi güzəştləri tətbiq olunur və Yüksək Texnologiyalar Parkının rezidentləri bu güzəştlərdən istifadə edirlər. Bu addımlar mühüm əhəmiyyət daşısa da, innovasiya ekosisteminin daha da inkişafı üçün əlavə təşviq mexanizmlərinin yaradılması istiqamətində sistemli iş davam etdirilməlidir.

Bu məqsədlə akselerasiya proqramları, startapların inkişafının təşviqi və ekosistemin bütün iştirakçıları üçün əlverişli mühitin formalaşdırılması nəzərdən keçirilir. Eyni zamanda, innovasiya ekosisteminin inkişafına töhfə verən subyektlər üçün vergi güzəştlərinin tətbiqi də müzakirə olunur.

Belə dövlətin innovasiya mühitini formalaşdırmaq üçün zəruri şəraiti yaratmağa çalışdığını göstərir. İT şirkətləri, texnopark rezidentləri və innovasiya ekosisteminin digər iştirakçılarına vergi güzəştlərinin tətbiqi mühüm təşviq mexanizmlərindən biri hesab olunur. Bu istiqamətdə müzakirələr artıq aktiv mərhələdə davam edir və yaxın gələcəkdə müsbət qərarların qəbul ediləcəyi gözlənilir.

Musa BAĞIRLI
XQ



İqtisadiyyat