Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun əməkdaşları Gəncə–Daşkəsən iqtisadi rayonunda yer adlarının mənşəyinin öyrənilməsi ilə bağlı növbəti tədqiqat aparıblar.
İnstitutun geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının əməkdaşı dosent Natiq Babayev, Data və analitika ofisinin baş mütəxəssisi Nazim Gəraylı Gəncə və Naftalan şəhərlərində, Daşkəsən, Goranboy, Samux, və Göygöl rayonlarında tarixin ayr-ayrı məskənlərə vurduğu möhür olan, həmin yerlərin əzəli yurd yerlərimiz olduğunu təsdiqləyən coğrafi adların mənşəyi mövzusunda növbəti araşdırmanı uğurla yerinə yetiriblər.
İnstitutdan XQ-yə bildirilib ki, ekspedisiya müddətində Gəncə şəhəri və Samux rayonunun müxtəlif yaşayış məntəqələrində sahə müşahidələri aparılıb, yerli əhali nümayəndələri, ziyalılar və yaşlı sakinlərlə çoxsaylı görüşlər keçirilib. Mütəxəssislər ərazidəki coğrafi adların yaranma tarixi, semantik xüsusiyyətləri, xalq yaddaşında qorunub saxlanılan etimoloji izahları, eləcə də zamanla baş vermiş ad dəyişiklikləri barədə zəngin məlumat toplayıblar.
Tədqiqat çərçivəsində oykonimlər (yaşayış məntəqələrinin adları), hidronimlər (su obyektlərinin adları), oronimlər (relyef formalarının adları), mikrotoponimlər və digər coğrafi ad qrupları üzrə geniş məlumat bazası formalaşdırılıb. Əvvəlki tədqiqatlarda qeydə alınmayan bir sıra yerli coğrafi adlar müəyyən edilərək ilkin elmi dövriyyəyə daxil edilib, onların koordinatları dəqiqləşdirilib və xəritələşdirmə üçün zəruri məlumatlar toplanıb.
Əldə edilmiş materiallar materiallar müxtəlif tarixi mənbələr, arxiv sənədləri, elmi nəşrlər və kartoqrafik materiallarla müqayisəli şəkildə təhlil olunur, sistemləşdirilərək elektron formatda emal edilir və vahid rəqəmsal toponimik məlumat bazasının formalaşdırılması istiqamətində işlər görülür. Toponimlərin məkan paylanmasının təhlili, yayılma areallarının müəyyənləşdirilməsi və gələcək analitik tədqiqatlar üçün zəruri baza da hazırlanır.
XQ

