Yeni oftalmoloji dərs vəsaiti

post-img

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, tibb üzrə elmlər doktoru Yazgül Abdiyevanın müəllifi olduğu “Konyunktivitlərin klinikası, differensial diaqnostikası və müalicəsində müasir yanaşma” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Bu münasibətlə XQ-yə verilən xəbərdə bildirilir ki, təqdimat mərasimində Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur, kafedranın əməkdaşları, rezidentlər və oftalmologiya sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Qeyd edək ki, kitabın elmi rəyçiləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Elmar Qasımov və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, tibb elmləri doktoru Nigar Qurbanovadır.

Təqdimat zamanı çıxış edənlər nəşrin əsas məqsədi, konyunktivitlərin müasir klinik yanaşmalar əsasında diaqnostikası və müalicəsinə dair elmi-praktik biliklərin sistemləşdirilməsi, tələbələr, rezidentlər və həkim-oftalmoloqlar üçün faydalı mənbənin yaradılması olduğunu vurğulayıblar. Tədbir çərçivəsində iştirakçılara kitab hədiyyə olunub, geniş müzakirələr və sual-cavab sessiyası keçirilib.

Tədbirin gedişində Aysel Qəlbinur, Hafiz Qəhrəmanov, Aybəniz Abdullayeva, Vəfa Nəsirova, Rəhman Allahverdiyev, Solmaz Əliyeva və digər həmkarlar yeni nəşr münasibətilə müəllifi təbrik edərək öz fikirlərini bölüşüblər.

Nəşrin müəllifi Yazgül Abdiyeva çıxışında bildirib: “Bu dərs vəsaitinin əsas məqsədi konyunktivitlərin müasir klinik yanaşmalar əsasında diaqnostikası və müalicəsi ilə bağlı elmi-praktik bilikləri sistemləşdirərək tələbələrə, rezidentlərə və həkim-oftalmoloqlara faydalı mənbə təqdim etməkdir. Təqdimat mərasiminin keçirilməsi üçün şərait yaratdığına və elmi müzakirələrə verdiyi dəstəyə görə professor Paşa Qəlbinura və bütün həmkarlarıma təşəkkür edirəm”.

Zərifə BƏŞİRQIZI
XQ





Sosial həyat