Dövlətin aqrar sığorta dəstəyi genişlənir

post-img

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə tətbiq edilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu himayədarlıq Prezident İlham Əliyevin 2026-cı il mayın 25-də imzaladığı sərəncamla təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulur.

Sənəddə dövlət dəstəkli aqrar sığorta mexanizminin əhatə dairəsinin və əhatə etdiyi risklərin sırasının daha da genişləndirilməsi başlıca hədəf kimi müəyyənləşdirilib. Bu da aqrar sığortanın tətbiq olunduğu əkin sahələrinin 2025-ci ildəki 386 min hektardan 2030-cu ildə 1 milyon hektara, kənd təsərrüfatı heyvanlarının sayının isə 7 min başdan, 100 min başa çatdırılmağa imkan yaradacaq.

Hazırda Azərbaycanda aqrar sığorta mexanizmi, əsasən, bitkiçilik (əkinlər, meyvə bağları) və heyvandarlıq sahələrini əhatə edir. Sığortalanan əsas kənd təsərrüfatı bitkilərinə buğda, arpa, qarğıdalı, pambıq və şəkər çuğunduru, eləcə də üzüm, fındıq, çay, tütün, qarpız, yemiş, nektarin və albalı kimi məhsullar daxildir.

Heyvandarlıq üzrə aqrar sığorta isə kənd təsərrüfatı heyvanlarını təbii fəlakətlər, yoluxucu xəstəliklər, qəzalar və üçüncü şəxslərin hərəkətləri nəticəsində yarana bilən tələfatdan, oğurluqdan və məcburi kəsimdən qoruyur. Aqrar sığorta mexanizminin yaratdığı imkanlardan yararlanmaq istəyən fermerlər təsərrüfatlarında olan inək, camış, qoyun və keçilərin sözügedən hadisələrin hər hansı biri nəticəsində tələf olduqları təqdirdə dəymiş zərərə görə sığrta ödənişi alırlar.

Ümumilikdə, dövlətin sığorta haqqı üçün tətbiq etdiyi 50 faizlik dəstək sayəsində fermerlər öz əkin sahələrini və heyvandarlıq təsərrüfatlarını olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Qarşıdakı illərdə aqrar sığortanın əhatə dairəsinin də genişləndirilməsi gözlənilir. Bu məqsədlə aqrar sığorta mexanizmi çərçivəsində təminat verilən sığorta predmetlərinin və ziyanların bitkiçilik, heyvandarlıq və balıqçılıq üzrə genişləndirilməsi istiqamətində təkliflər hazırlanacaq.

Bundan əlavə, “Aqrar sığorta” informasiya sisteminin funksional imkanlarının genişləndirilməsi, müstəqil aqrar sığorta ekspertləri institutunun inkişaf etdirilməsi nəzərdə tutulur. Nəticədə, aqrar sığorta xidmətlərinin tam elektronlaşdırılması və sığorta ödənişlərinin operativliyi təmin ediləcək. Bu da fermerlərin sığortaya əlçatanlığını bir qədər də artıracaq.

Proqrama əsasən, aqrar sığorta haqlarının dövlət hesabına ödənilən hissəsinin subyektlərə, predmet və risklərə münasibətdə diferensiallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə dövlət dəstəyinin diferensiallaşdırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və aqrar sahədə diferensiallaşdırılmış sistemə keçidə başlanılması gözlənilir.

Atılacaq addımlar nəticəsində aqrar sığorta xidmətlərinin tam elektronlaşdırılması təmin ediləcək, fermerlərin sığortaya əlçatanlığı artacaq, sığorta ödənişlərinin operativliyi təmin ediləcək. Bundan başqa, aqrar sığorta haqlarının dövlət hesabına ödənilən hissəsinin subyektlərə, predmetlərə və risklərə münasibətdə diferensiallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə dövlət dəstəyinin diferensiallaşdırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və aqrar sahədə diferensiallaşdırılmış sistemə keçidə başlanılması gözlənilir.

Aqrar Sığorta Fondunun indiyədək həyata keçirdiyi tədbirlər nəticəsində fermerlərin aqrar sığortaya əlçatanlığı artırılıb. Hazırda istənilən fermer rəqəmsal imkanlardan istifadə etməklə, olduğu yeri tərk etmədən əkin sahəsini və ya təsərrüfatını sığortalaya, eləcə də “ASAN Pay” ödəniş sistemi vasitəsilə sığorta haqqını ödəyə bilər.

Fond fermer və təsərrüfatları dövlətin yaratdığı sərfəli imkanlardan, o cümlədən rəqəmsal əlçatanlıqdan istifadə etməyə və öz məhsullarını sığortalamağa çağırır. Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən, həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.

2026-cı ilin yanvar–may ayları ərzində Azərbaycanda aqrar sığorta xidmətləri vasitəsilə, ümumilikdə, 13 milyon 383 min manat sığorta haqqı yığılıb. Bu göstərici ilə “Aqrar Sığorta” ASC ölkə üzrə fəaliyyət göstərən sığorta şirkətləri arasında ilk beşliyə daxil olub.

Xatırladaq ki, Aqrar Sığorta Fondu və dövlət aqrar sığorta mexanizmi 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Hazırda aqrar sığorta mexanizmi 41 növ bitki və bitkiçilik məhsullarını, iri və xırdabuynuzlu heyvanları, eləcə də balıqçılıq sahəsinə aid təsərrüfatları 30-dək riskdən qoruyur.

Fəaliyyətə başlayandan indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara 23 milyon manat sığorta zərər ödənişi edilib. Bu məbləğin 19,5 milyon manatı əkin sahələrinə, 3,5 milyon manatı isə heyvandarlıq təsərrüfatlarına dəymiş zərərlər üzrə ödənilib. Proqrama əsasən, kənd təsərrüfatında iqlim və bazar risklərinin artması aqrar sığorta mexanizmlərinin genişləndirilməsini və risklərin idarə olunması sisteminin təkmilləşdirilməsini zəruri edir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat