Ərazi iddiaları münaqişələr üçün “hüquqi əsas” ola bilər

post-img

Ermənistanda konstitusiya islahatı regionda etimad mühitinin formalaşmasının əsas şərtidir

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün rəsmi Bakının irəli sürdüyü əsas şərtlərdən biri Ermənistan konstitusiyasının mətnində dəyişiklik edilməsidir. Bakı İrəvandan Əsas Qanunun preambulasından Azərbaycanın ərazi bütövlüyünə qarşı aşkar iddiaları ehtiva edən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Lakin həmin tələb erməni ictimai-siyasi dairələrində, həmçinin Qərbin müəyyən hissəsində fövqəladə hal, hətta beynəlxalq diplomatik etiket qaydalarından kənar davranış kimi qələmə verilir. Halbuki beynəlxalq hüquq və Avropa dövlətlərinin müasir siyasi tarixi fərqli reallığı ortaya qoyur.

Hüquq elmində və beynəlxalq münasibətlər nəzəriyyəsində konstitusiyanın dövlətin ali qanunvericilik aktı olması aksiomdur. Konstitusiya dövlətin bütün daxili və xarici öhdəliklərinin hüquqi çərçivəsini müəyyənləşdirir. Hər hansı beynəlxalq müqavilə, hətta sülh sazişi belə, Əsas Qanuna zidd olduğu təqdirdə hüquqi qüvvədən məhrum edilə bilər. Ermənistanın hüquq sistemində də konstitusiya məhkəməsi beynəlxalq müqavilələrin qanuna uyğunluğunu yoxlayır. Əgər Ermənistanın Əsas Qanununun preambulasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar saxlanılarsa, gələcəkdə imzalanacaq hər hansı sülh sazişi asanlıqla qüvvədən düşmüş elan oluna bilər. Çünki konstitusiya normaları sülh sazişinin müddəalarından üstün tutulur. Həmin ziddiyyət gələcək revanşizm üçün hüquqi zəmin yaradır.

Ermənistan konstitusiyasının daxili ziddiyyətlərini anlamaq üçün onun preambula hissəsinə nəzər salmaq lazımdır. Qüvvədə olan Əsas Qanunun preambulasında Ermənistan dövlətinin Müstəqillik Bəyannaməsində təsbit olunmuş ümummilli prinsiplərə sadiq qaldığı bəyan edilir. 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsində isə Qarabağın Ermənistana birləşdirilməsi barədə Ermənistan SSR Ali Sovetinin və DQMV Milli Şurasının müştərək qərarına istinad yer alır. Beləliklə, Ermənistanın mövcud konstitusiyası aşkar şəkildə Azərbaycan ərazisinə qarşı iddiaları rəsmi səviyyədə yaşadır. Həmin müddəa qonşu dövlətin suverenliyinə hörmət prinsipini tamamilə pozur. Azərbaycanın rəsmi mövqeyi isə ondan ibarətdir ki, Əsas Qanunda qonşu ölkəyə qarşı iddiaların saxlanılması sülh prosesinə ciddi maneədir. Sülh sarsılmaz hüquqi öhdəliklərlə möhkəmlənməlidir. Ermənistanın siyasi rəhbərliyinin konstitusiyanı dəyişmədən sülh sazişi imzalamaq cəhdləri etimad mühitinin formalaşmasına mane olur.

Qərb ritorikasında Bakının tələbini fövqəladə hal kimi təqdim edənlər, əslində, Avropa dövlətlərinin müasir tarixinə dərindən bələd olmayanlardır. Konstitusiyada yer alan ərazi iddialarının aradan qaldırılması sülh sazişinin imzalanması üçün əsas şərt kimi beynəlxalq diplomatik praktikada çoxdan sınaqdan çıxıb. Həmin yanaşma hazırkı Ermənistandan daha güclü demokratik ənənələrə sahib dövlətlər tərəfindən tətbiq olunub. Bunun ən bariz nümunəsi İrlandiya Respublikasının təcrübəsidir. Uzun illər İrlandiya Konstitusiyasının ikinci və üçüncü maddələrində bütün İrlandiya adası, o cümlədən Böyük Britaniyanın tərkib hissəsi sayılan Şimali İrlandiya üzərində aşkar ərazi iddiaları əksini tapırdı. Həmin konstitusion müddəalar sıradan bəyanat sayılmırdı. Məhz həmin maddələrə əsaslanaraq adanın qovuşması uğrunda silahlı mübarizəni qanuniləşdirən qruplar fəaliyyət göstərirdi. Həmin vəziyyət onilliklər ərzində minlərlə insanın həyatına son qoyan münaqişəyə rəvac verirdi.

***

1998-ci ildə bu qarşıdurmaya son qoymaq məqsədilə Belfast Sazişi imzalanarkən Londonun irəli sürdüyü əsas şərtlərdən başlıcası məhz həmin maddələrin dəyişdirilməsi tələbi idi. Böyük Britaniya rəsmi surətdə tələb edirdi ki, Dublin qonşusunun ərazisinə qarşı konstitusion iddialarına son qoysun. İrlandiya rəhbərliyi və cəmiyyəti həmin tələbi milli ləyaqətin alçaldılması və ya diktə kimi qəbul etmədi. 1998-ci il mayın 22-də İrlandiyada keçirilən ümumxalq referendumunda seçicilərin 94 faizindən çoxu konstitusiyanın dəyişdirilməsinə səs verdi. Nəticədə ikinci və üçüncü maddələrdəki ərazi iddiaları ləğv olundu. Həmin müddəaların əvəzinə yalnız dinc vasitələrlə, Şimali İrlandiya əhalisinin əksəriyyətinin könüllü razılığı əsasında vahid dövlət qurmaq məqsədi təsbit edildi.

Eyni dərəcədə əhəmiyyətli digər nümunə Şimali Makedoniya dövlətinin təcrübəsidir. Keçmiş Yuqoslaviya dağıldıqdan sonra müstəqillik qazanan Makedoniya Respublikası qonşu Yunanıstan ilə ciddi diplomatik böhran yaşayırdı. Afina bəyan edirdi ki, müstəqil dövlətin adının sadəcə Makedoniya olması gələcəkdə Yunanıstanın şimal rayonlarına qarşı gizli ərazi iddialarının mövcudluğuna dəlalət edir. Həmçinin yunan tərəfi qonşusunun konstitusiyasında yer alan bəzi maddələrin irredentist xarakter daşıdığını iddia edirdi. Yunanıstanın təzyiqləri nəticəsində Makedoniya uzun illər beynəlxalq təşkilatlara üzv ola bilmədi, iqtisadi və siyasi blokada ilə üzləşdi. Münaqişənin həlli yalnız 2018-ci ildə imzalanan Prespa Sazişi sayəsində mümkün oldu. Sazişə əsasən, rəsmi Skopye Əsas Qanununda əsaslı dəyişikliklər aparmağa razılıq verdi. 2019-cu ilin əvvəlində ölkənin konstitusion adı Şimali Makedoniya Respublikası olaraq dəyişdirildi. Həmçinin konstitusiyanın preambulasından və digər maddələrindən qonşu dövlətlərin suverenliyinə təhlükə yarada biləcək tarixi və ərazi iddiası çıxarıldı.

Almaniyanın bütövləşməsi prosesində həyata keçirilən konstitusion düzəlişlər də beynəlxalq hüquq və sülh quruculuğunun ən diqqətçəkən hadisələrindəndir. Almaniya Federativ Respublikasının 1949-cu il Əsas Qanununun 23-cü maddəsi digər alman torpaqlarının federasiyaya daxil olmasına imkan verən hüquqi prosesi ehtiva edirdi. Lakin 1990-cı ildə Almaniyanın bütövləşməsi ərəfəsində beynəlxalq ictimaiyyət, xüsusən də Polşa, yeni yaranacaq böyük dövlətin gələcəkdə tarixi torpaqlar iddiası irəli sürəcəyindən ciddi narahatlıq keçirirdi. Polşa rəhbərliyi bəyan edirdi ki, Almaniya konstitusiyasında digər ərazilərin federasiyaya qoşulması mexanizminin qalması Şərqi Avropanın təhlükəsizliyinə təhdiddir. Almaniya rəsmi surətdə bildirdi ki, onun heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Həmin vədi hüquqi cəhətdən möhkəmləndirmək üçün rəsmi Bonn Əsas Qanunda köklü islahatlar etdi. Almaniyanın bütövləşməsinə dair müqavilə çərçivəsində preambula dəyişdirilərək alman xalqının bütövlüyünün tam başa çatdığı təsbit olundu.

Avropanın inkişaf etmiş dövlətlərinin sülh naminə konstitusiya dəyişikliklərinə getməsi göstərir ki, Azərbaycanın Ermənistandan konstitusiyasını dəyişmək tələbi tamamilə normal beynəlxalq praktikadır. Azərbaycan yeni presedent yaratmır, sadəcə, Avropanın dəfələrlə keçdiyi yolu təkrar edir. Lakin Ermənistanın daxili siyasi mühitində rəsmi Bakının tələbinə qarşı güclü müqavimət müşahidə olunur. Erməni müxalifəti və revanşistlər Əsas Qanunun dəyişdirilməsini milli ləyaqətin alçaldılması kimi təqdim etməyə çalışır. Həmin yanaşma Ermənistanın hələ də beynəlxalq hüquqi normalara və dövlətlərarası etimad mühitinə hazır olmadığını nümayiş etdirir. Ərazi iddiaları ehtiva edən konstitusiya normaları gələcək revanşizm üçün dayanıqlı hüquqi baza yaradır. Ermənistanın hazırkı siyasi rəhbərliyi sülh tərəfdarı olduğunu bəyan etsə də, konstitusiyanı dəyişməyə tələsməməsi sülh sazişinin gələcək taleyini şübhə altına salır.

Azərbaycanın diplomatik müstəvidə irəli sürdüyü qətiyyətli tələblər beynəlxalq hüququn aliliyinə əsaslanır. Sülh sazişinin dayanıqlı olması üçün Ermənistanın hüquq sistemindəki ərazi iddiaları tamamilə təmizlənməlidir. Bu addım atılmadan imzalanacaq hər hansı sənəd gələcək münaqişələrin qarşısını almağa qadir olmayacaq. Ermənistan cəmiyyəti və rəhbərliyi qarşılıqlı etimadın qurulması üçün konstitusiya islahatlarının qaçılmaz olduğunu anlamalıdır. Keçmişin stereotiplərindən və əsassız iddialardan imtina etmək regional tərəfdaşlığın və iqtisadi tərəqqinin yeganə yoludur.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət