30 iyun - Beynəlxalq Parlamentarizm Günü

post-img

Azərbaycanda parlamentarizm ənənələrinin inkişafı sahəsində keçilmiş yola və görülmüş işlərə məhz bu gün nəzər salmağın real əsası və rəmzi mənası vardır.

Sovetlər İttifaqı dövründə mövcud olan Azərbaycan Parlamenti yalnız formal xarakter daşıyıb. Bu baxımdan, ölkəmizdə parlamentarizmin yenidən geniş vüsət alması məhz XX əsrin sonlarına təsadüf edib.

22 may 2018-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində qəbul edilmiş qətnaməyə əsasən, hər il iyunun 30-u Beynəlxalq Parlamentarizm günü kimi qeyd olunur. Azərbaycanın təşəbbüsü ilə dünyanın ikinci böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının Parlamentlərarası Şəbəkəsinin təsis edilməsi milli parlamentarizm tariximizin, parlament diplomatiyamızın ən böyük uğurlarından biridir.2018-ci ildə BMT Baş Assambleyası öz qətnaməsində parlamentlərin və parlament təşkilatlarının həm milli səviyyədə, həm də qlobal davamlı inkişaf məqsədlərinə nail olunmasında, həmçinin bütün dünyada insanların həyatının yaxşılaşdırılmasında rolunu vurğulamaq üçün Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) yaradılmasının ildönümünü ilə əlaqədar Beynəlxalq Parlamentarizm Gününü təsis edib.

1889-cu ildə yaradılmış IPU beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə və münaqişələri müharibədən çox dialoq yolu ilə həll etməyə yönəlmiş ilk siyasi çoxtərəfli təşkilatdır. O, tarixi boyu parlament diplomatiyası üçün əsas platforma olub. Təşkilatın təsirini onun təsisçilərinin və çoxsaylı digər tanınmış üzvlərinin qlobal sülh səylərinə töhfələrini vurğulayaraq Nobel Sülh mükafatına layiq görülməsi faktı da vurğulayır. IPU sülhə sadiqliyi fonunda tərksilah üçün güclü təbliğat aparır, nüvə silahlarından azad dünya üçün fəal lobbiçilik edir.

1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi fonunda xalqımızın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi, Ulu Öndərin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə nəticələndi.

Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq qanunun aliliyinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ümummilli Liderin Ali Sovetə rəhbərlik etdiyi dövrdə Azərbaycanda parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər qısa müddətdə Parlamentin ruhunu kökündən dəyişdi, sağlam siyasi mühit formalaşdırmağı bacardı, Milli Məclisə siyasi mədəniyyət gətirdi.

Ozamankı mövcud vəziyyət, əlbəttə ki, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının milli qanunvericilik sisteminin inkişafı konsepsiyasının hazırlanmasını diktə edirdi. 1995-ci ildən etibarən Azərbaycan Parlamenti ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verməyə başladı. Ötən müddətdə Milli Məclis tərəfindən qəbul olunmuş və Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş qanun layihələri bilavasitə ölkə əhalisinin siyasi dayanıqlılığına təkan verərək siyasi dialoqun təşviqini, milli birliyimizi, xalqımızın vəhdətini və dövlətimizin müstəqilliyinin qorunmasını ehtiva edib.

Bu gün parlament Azərbaycanın çoxvektorlu xarici siyasətində mühüm rol oynayır. Uzun illər ərzində istər palamentlərarası dostluq qrupları, istərsə də müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar, keçirilən yüksəksəviyyəli konfranslar çərçivəsində Milli Məclis öz beynəlxalq fəaliyyətini formalaşdırmağa nail olub.

M.MİRZƏ

XQ

Siyasət