Azərbaycanın enerji strategiyası ölkəmizin beynəlxalq nüfuzunu yüksəldir

post-img

Gürcü politoloqa görə, Bakının çoxvektorlu və praqmatik xarici siyasəti bölgə üçün strateji yol xəritəsidir

Qlobal geosiyasi rəqabətin kəskinləşdiyi və beynəlxalq təhlükəsizlik sisteminin böhran yaşadığı müasir şəraitdə logistika marşrutlarının geostrateji əhəmiyyəti artıb. Bu zaman dünya güclərinin diqqəti Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji qovşaqlara yönəlib. Mövcud reallıqlar fonunda Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik və inteqrasiya modelinin əsas memarı, dayanıqlı inkişafın aparıcı qüvvəsidir.

Rəsmi Bakının çoxvektorlu və praqmatik xarici siyasət kursu regionda risklərin azaldılmasına xidmət edir. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi Cənubi Qafqazın gələcəyini qarşıdurma və bloklaşma deyil, bərabərhüquqlu əməkdaşlıq platforması üzərində qurmağı hədəfləyir və bu yanaşma region dövlətləri tərəfindən sabitlik və inkişaf üçün real təminat kimi qəbul olunur. Bölgədə formalaşan yeni geostrateji arxitektura regionun digər mühüm aktoru olan Gürcüstanın siyasi və analitik dairələrində də müsbət qarşılanır.

“Vahid Neytral Gürcüstan” partiyasının icraçı katibi, gürcü politoloq Vato Şakarişvilinin fikrincə, Azərbaycanın həyata keçirdiyi layihələr və sülh təşəbbüsləri region ölkələrinin milli maraqlarını yaxınlaşdırır. Cənubi Qafqazın qlobal güclər qarşısında diplomatik və iqtisadi çəkisini artırır. Həmçinin iqtisadi inkişafı sürətləndirən və sabitliyi gücləndirən mühüm amil rolunu oynayır.

V.Şakarişvilinin vurğuladığına görə, Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış strateji üçtərəfli əməkdaşlıq formatının və iqtisadi sinerjinin ən uğurlu nümunələrindən biri Bakı–Tbilisi–Qars dəmir yolu xəttidir. Bu xətt regional təhlükəsizliyin və logistika sabitliyinin əsas elementlərindən biridir. Layihə yalnız nəqliyyat bağlantısı deyil, həm də regionlararası inteqrasiyanı dərinləşdirən strateji infrastruktur platforması funksiyasını yerinə yetirir.

Eyni zamanda, Çindən Avropaya qədər uzanan geniş coğrafiyanı əhatə edən Orta Dəhliz layihəsi Şərqlə Qərb arasında yük axınlarının diversifikasiyası baxımından öz əhəmiyyətini artıraraq, qlobal ticarət marşrutları arasında rəqabətqabiliyyətli alternativ kimi mövqeyini möhkəmləndirir. Marşrutun həm vaxt, həm də təhlükəsizlik baxımından üstünlükləri onun beynəlxalq logistika sistemində rolunu aktuallaşdırır.

Bununla yanaşı, Azərbaycanın enerji strategiyası çərçivəsində formalaşmış diversifikasiya olunmuş neft-qaz kəmərləri şəbəkəsi və perspektivli Qara dəniz sualtı elektrik kabeli layihəsi regionun Avropanın enerji təhlükəsizliyi sistemindəki rolunu artırır. Bu təşəbbüslər Cənubi Qafqazın enerji təchizatı zəncirində, sadəcə, tranzit məkan deyil, həm də strateji təminatçı kimi çıxış etdiyini göstərir. V.Şakarişvilinin də qeyd etdiyi kimi, bu istiqamətdə ən ardıcıl və sistemli siyasi xətt yürüdən əsas aktor Azərbaycandır. Onun sözlərinə görə, Bakı Cənubi Qafqazın tranzit və logistik potensialının reallaşdırılmasına yönəlmiş irihəcmli infrastruktur layihələrini ardıcıl şəkildə həyata keçirməklə regionun iqtisadi və geosiyasi çəkisini artırır. Bu siyasət təkcə iqtisadi nəticələrə deyil, həm də regional sabitliyin möhkəmlənməsinə xidmət edən strateji yanaşmadır.

* * *

Şübhəsiz ki, həyata keçirilən geostrateji təşəbbüslər Cənubi Qafqazı qlobal rəqabət məkanından daha çox qarşılıqlı asılılığa əsaslanan əməkdaşlıq platformasına yönəldir və regionun beynəlxalq təhlükəsizlik və ticarət sistemində əhəmiyyətli strateji qovşağa çevrilməsinə şərait yaradır. Bu fonda Azərbaycan–Gürcüstan münasibətləri də regionda formalaşan yeni siyasi düzənin əsas sütunlarından biridir. Gürcüstan Prezidenti və digər rəsmilərin ilk xarici səfərlərini Azərbaycana etmələri təsadüfi diplomatik addım deyil. Bu, iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsinin və qarşılıqlı etimadın siyasi göstəricisidir. Vato Şakarişvili bu səfərləri iki ölkə arasında möhkəm dostluğun, strateji tərəfdaşlığın davamı adlandırır. Bildirir ki, Gürcüstan Azərbaycana xüsusi önəm verir. Onun sözlərinə görə, iki ölkəni birləşdirən əsas amil yalnız mehriban qonşuluq münasibətləri deyil, həm də bölgədə sülhün qorunması, regional təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi rifahın təmin olunması və yeni geosiyasi reallıqlarda ortaq maraqların müdafiəsidir.

Sözsüz ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas xüsusiyyətlərindən biri əlaqələrin qarşılıqlı fayda, etimad və uzunmüddətli tərəfdaşlıq əsasında qurmasıdır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan hazırda təkcə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində deyil, bütövlükdə Avrasiya məkanında strateji nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafında əsas ölkələrdən biridir.

Gürcüstanlı siyasi şərhçi Vüqar İsayevin fikrincə, Azərbaycanın ardıcıl, praqmatik və uzaqgörən siyasəti Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşmasında həlledici rol oynayır: “Bu yanaşma regionda etimad mühitini gücləndirməklə yanaşı, iqtisadi əlaqələrin genişlənməsinə, investisiya axınlarının artmasına və yeni nəqliyyat-logistika marşrutlarının açılmasına real imkanlar yaradır. Əslində, bu proses Cənubi Qafqazın qlobal geosiyasi sistemdə daha inteqrasiya olunmuş, qarşılıqlı əlaqələrə əsaslanan vahid məkan kimi çıxış etməsinə şərait yaradır”.

Ekspertin qiymətləndirməsinə görə, Azərbaycanın təşəbbüsləri region ölkələri arasında əməkdaşlığın dərinləşməsini sürətləndirir və uzun illərdir formalaşmış etimad defisitinin aradan qaldırılmasına xidmət edir. Bu isə təkcə iqtisadi layihələrin deyil, həm də siyasi dialoqun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Analitikin vurğuladığı kimi, müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq və davamlı sülh artıq yalnız iqtisadi inkişafın deyil, eyni zamanda, siyasi sabitliyin, təhlükəsizliyin və dövlət suverenliyinin əsas dayaqlarından birinə çevrilib: “Bu kontekstdə Azərbaycan mövcud reallıqları nəzərə alaraq sülh gündəmini ardıcıl şəkildə irəli aparır, region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi üçün konkret təşəbbüslər irəli sürür və çoxtərəfli regional layihələrin icrasında aktiv rol oynayır”.

V.İsayev hesab edir ki, Azərbaycanın formalaşdırdığı əməkdaşlıq modeli mövcud geosiyasi çağırışlara operativ cavab verməklə kifayətlənmir, eyni zamanda, Cənubi Qafqaz üçün uzunmüddətli siyasi sabitlik, iqtisadi inteqrasiya və dayanıqlı inkişaf baxımından strateji yol xəritəsi funksiyasını daşıyır və regionun gələcək geosiyasi arxitekturasını müəyyən edən əsas amillərdən biri kimi çıxış edir.

Beləliklə, gürcü politoloqları Azərbaycanın təşəbbüslərini yalnız milli maraqlara xidmət edən layihələr kimi deyil, Cənubi Qafqazın yeni siyasi və iqtisadi arxitekturasının formalaşmasının əsas sütunlarından biri kimi qiymətləndirirlər. Onlar qeyd edirlər ki, Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazın geosiyasi çəkisini artırmaqla yanaşı, region üçün daha sabit, qarşılıqlı faydaya əsaslanan və uzunmüddətli inkişaf modelinin formalaşmasına xidmət edir.

Pünhan ƏFƏNDİYEV
XQ





Siyasət