Əməkdaşımız ezamiyyətdən qayıdıb
Yenə dağlar diyarı İsmayıllının axarlı-baxarlı vaxtı gəlib. Hər yer başdan-başa yaşıllığa bürünüb. Baxmaqla doymursan, gözlərin dincəlir. Hamı kimi, ismayıllılar da öz el-obalarını çox sevirlər. Odur ki, belə danışanda bəzən səndən inciyirlər də... Deyirlər ki, İsmayıllı nəinki indilərdə, ilin bütün fəsillərində gözəldir. Həmişə qonaqlı-qaralıdır, hətta xarici ölkələrdən buraya çoxsaylı turistlər gəlir, bu qədim torpağın hər daşını, qayasını, abidələrini ziyarət edirlər.
Hər qarışı möcüzələrlə dolu olan İsmayıllının və onun igid övladlarının haqqında şairlər də çox yazıblar. Məsələn, ölməz Səməd Vurğun məşhur “Muğan” poemasında bu əsrarəngiz diyarı və rayonun yetirməsi olan əmək qəhrəmanı Sarvan Salmanovu böyük ilhamla vəsf edib:
Ormanlar içində durub Talıstan,
Ona bir baxışla vurulur insan...
Əslən İsmayıllının Buynuz kəndindən olan unudulmaz şairimiz Musa Yaqubun buranın hər daşını, çiçəyini sevdirən nə qədər şeiri var! Öz yurdlarını ürəkdən sevən İsmayıllının torpaq adamları haqqında bu gün də nə qədər desən, danışmaq olar. Onlar gecə-gündüz çalışır, doğma el-obanın tərəqqisi üçün əllərindən gələni edirlər. Əsas məşğulluq ünvanları isə çəkilən zəhmətin əvəzini birə-beş ödəyən torpaqdır.
Xatırladaq ki, ötən ayın 25-də Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına həsr olunan müşavirə və bununla bağlı Dövlət Proqramının qəbul edilməsi İsmayıllının zəhmət adamlarını da çox sevindirib və daha böyük tərəqqiyə olan inamlarını artırıb. 2 həftə əvvəl isə İsmayıllıda həmin müşavirə kontekstində işgüzar müzakirələr keçirilib.
Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov dövlətin kənd təsərrüfatı sahəsinə verdiyi önəm və bu müstəvidə təşkil olunan müşavirənin mahiyyəti, verilmiş tapşırıqlar, son illərdə ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət dəstəyi mexanizmləri, suvarma infrastrukturunun və aqroparkların inkişafı, habelə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində əldə edilmiş nəticələr barədə məlumat verib. O, Dövlət Proqramının aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən etdiyini, proqramın əsas məqsədinin məhsuldarlığın artırılması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, emal və ixrac imkanlarının genişləndirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafının təmin edilməsi olduğunu vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova İsmayıllıdakı çıxışında Dövlət Proqramının aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcəyini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov Dağlıq Şirvan iqtisadi rayonunun aqrar inkişaf potensialının reallaşdırılmasında dayanıqlı su təminatının həlledici rol oynadığını vurğulayıb. Deyib ki, bu il Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 3,9 kilometr kanalın beton üzlüyə alınması və 3 subartezian quyusunun təmiri planlaşdırılır. Müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulması, su uçotunun təkmilləşdirilməsi və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi əsas hədəflər kimi qabardılıb.
Bolluğun açarı zəhmətdir
Sözügedən regional müşavirədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da çıxış edib. O, bizimlə söhbətində bu barədə ətraflı danışdı:
– May ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş müşavirə və dövlət başçısının sərəncamla təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” bu gün regionumuzun strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Regionumuz əlverişli təbii-coğrafi şəraiti, zəngin torpaq və su ehtiyatları ilə ölkəmizin aqrar xəritəsində mühüm yer tutur. Müasir yanaşmaları tətbiq etməklə bu potensialdan maksimum dərəcədə səmərəli istifadə etmək və dövlət başçısının müəyyən etdiyi strateji hədəfləri həyata keçirmək əsas vəzifəmizdir.
Bizim Dağlıq Şirvan iqtisadi rayonunun aqrar potensialından səmərəli istifadə böyük həyati əhəmiyyət daşıyır. Şaquli zonallıq üzrə dağlıq və aran ərazilər arasındakı mikroiqlim fərqləri məhsulun yetişmə dövrünü uzadır ki, bu da bazara uzunmüddətli və davamlı məhsul çıxarılmasına, nəticədə, fermerlərin gəlirlərinin optimallaşdırılmasına şərait yaradır. İsmayıllıda taxılçılıq, heyvandarlıq, arıçılıq, intensiv bağçılıq və tərəvəzçilik sahələri inkişaf edib, xüsusilə arıçılıq və meyvəçilik kənd əhalisinin özünüməşğulluğunun təmin edilməsində mühüm rol oynayır.
Göstərilən çoxşaxəli dövlət dəstəyinin məntiqi nəticəsi olaraq, son illərdə rayonumuzda kənd təsərrüfatı xeyli inkişaf edib. Ötən il 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu götürülüb. Əlbəttə, Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunması üçün məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi vacibdir.
Qeyd edim ki, rayonumuzdakı “İvanovka Aqropark” ASC müasir aqrar inkişafın ən nümunəvi modelidir. Burada innovativ bağçılıq sistemləri, dayanıqlı yem bazası yaradılıb. Kənddə südçülük ənənələrinin müasir sənaye prinsipləri əsasında inkişaf etdirilməsi məqsədilə fundamental addımlar atılır. İnvestisiya dəyəri 10 milyon manat olan süd emalı zavodunun tikintisi bu ənənələri daha da gücləndirəcək. Müəssisə fəaliyyətə başladıqdan sonra ənənəvi İvanovka kərə yağının daha böyük həcmdə və müasir standartlara uyğun istehsalına, eyni zamanda, müxtəlif növ süd məhsullarının istehsalına nail olunacaq. Burada ənənəvi çeşidlərlə yanaşı, yüksək keyfiyyətli kərə yağından tutmuş, Avropa və milli tipli pendir növlərinə, qaymaq, kəsmik və digər ağartı məhsullarına qədər geniş spektrdə, minlərlə ton həcmində rəqabətqabiliyyətli məhsul istehsalı təşkil olunacaq.
Su təminatının dayanıqlığı və modern suvarma infrastrukturu aqrar sektorun inkişafını şərtləndirən fundamental amil sayılır. Dövlət başçımızın 1 aprel 2025-ci il tarixli sərəncamı ilə İvanovka kəndində əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 5 milyon manat vəsait ayrılması, eyni zamanda, qlobal iqlim dəyişiklikləri fonunda suya qənaət edən müasir sistemlərin tətbiqi, iqlimə dözümlü toxum sortlarının istifadəsi kimi prioritet hesab edilən istiqamətlər qarşıda duran əsas vəzifələrdəndir.
Bizim hədəflərimiz aydındır: Taxıl və digər bitkilərdə məhsuldarlığı elmi əsaslarla artırmaq; torpağın münbitliyini qorumaq üçün növbəli əkin sistemini genişləndirmək; meyvəçilik və üzümçülük ənənələrini qoruyaraq intensiv bağların salınmasını sürətləndirmək; tərəvəz istehsalında mütərəqqi üsulları stimullaşdırmaq; soyuducu anbarların logistik imkanlarından maksimum səmərəli istifadə etmək; su ehtiyatlarının idarə olunmasını təkmilləşdirmək və müasir qənaətcil suvarma şəbəkələrini genişləndirmək.
Dövlətin yaratdığı imkanlardan maksimum səmərəli istifadə etmək, ayrılmış resursları şəffaf və hədəfyönümlü idarə etmək bizim müştərək vəzifəmizdir. Məqsədimiz torpaqdan yüksək və keyfiyyətli məhsul götürmək, daxili bazarı qorumaq və regionumuzun aqrar şöhrətini yeni zirvəyə daşımaqdır. Bir sözlə, dövlətin təqdim etdiyi geniş imkanlardan və resurslardan şəffaf, məqsədyönlü və qənaətlə istifadə olunması təkcə dövlət qurumlarının deyil, həm də hər bir fermerin və sahibkarın üzərinə düşən vətəndaşlıq borcudur. Dövlət Proqramının uğurlu icrası, istehsalçıların qarşılaşdığı çətinliklərin operativ həlli, dövlət dəstəyi mexanizmlərinin əlçatanlığının təmin edilməsi və proseslərə effektiv nəzarət bütün tərəflərdən yüksək koordinasiya və məsuliyyət tələb edir.
DAİM-in daimi qayğıları
İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi kənd təsərrüfatı işləri üzrə əsas “qərargah” sayılır. İş adamlarının, fermerlərin və mütəxəssislərin bütün çalışmaları burada rəsmiləşdirilir, hesabatlar, təkliflər hazırlanaraq lazımi ünvanlara təqdim olunur. DAİM-in direktoru Rövşən Yəhyayev məlum müşavirələr və yeni Dövlət Proqramı kontekstində cari vəziyyətin ətraflı icmalını verdi:
– Rayonumuzun ərazisinin əksər hissəsi dağlıq və dəmyə olduğu üçün burada daha çox taxılçılıq inkişaf edib. Belə ki, 2014-cü ildə payızlıq və yazlıq dənli və dənli paxlalıların əkin sahəsi 29 min 752 hektar, məhsul istehsalı 83 min 620 ton, məhsuldarlıq 28,1 sentner olmuşdusa, ötən il bu rəqəmlər müvafiq olaraq 31 min 229 hektar, 96 min 531 ton və 30,9 sentnerə çatıb. Buna keyfiyyətli və məhsuldar toxum seçimi, qanunauyğun növbəli əkin tətbiqi, mineral gübrələrdən, pestisidlərdən düzgün və vaxtında istifadə sayəsində nail olunub. Əlbəttə, sözügedən artım son hədd deyil. Daha çox iş görmək potensialımız var. Odur ki, rayonda iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının sayını artırmaq, kooperasiyaların yaradılması istiqamətində ardıcıl işlər aparmaq əzmindəyik.
Rayon ərazisində iki müxtəlif kənddə son 5 ildə 256 hektar sahəni əhatə edən 6 pivot suvarma sistemi qurulub. Bu sahələrdə ərzaqlıq buğda və dənlik qarğıdalı əkilir. 2026-cı ilin məhsulu üçün 18726 hektar buğda, 11035 hektar arpa olmaqla cəmi 29761 hektar payızlıq dənlilər əkilmişdir. Bundan əlavə, 108 hektar yazlıq buğda və 115 hektar yazlıq arpa səpini də aparlmışdır. Ümumiyyətlə, cari ildə 18834 hektar buğda, 11150 hektar arpa biçiləcəkdir.
Son illər rayon ərazisində müasir və intensiv becərmə texnologiyalarına əsaslanan kartof əkini də genişlənmişdir. Belə sahələrin hər hektarından 30–40 ton məhsul əldə olunur. Məhsuldarlığın daha da artırılması üçün müasir texnoloji tədbirlər həyata keçirilir. Bunun üçün yeni texnika və aqreqatlar alınır, eyni zamanda, daha məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlar gətirilir. 2025-ci məhsul ilində 626 hektar kartof əkini sahəsində 9045 ton məhsul istehsal olunub və məhsuldarlıq əvvəlki ildən çox olaraq 145,3 sentnerə yüksəlib.
İsmayıllının ənənəvi sahələrindən biri də meyvəçilikdir. Rayonda mövcud 2 min 600,2 hektar meyvə bağının 500 hektarından çoxu intensiv və super intensiv bağlardır. Yeni salınan meyvə və üzüm bağlarında müasir suvarma (damcı suvarma) sistemi quraşdırılır. “Aspilad Agro” MMC əvvəlki illərdə salınmış 110 hekrat üzüm bağına müasir suvarma sistemi quraşdırıb. Ötən ilin sentyabrından indiyədək 22 kənd üzrə 11 fermer tərəfindən 28 hektar yeni intensiv meyvə bağı salınıb. 2025-ci məhsul ilində 1056 hektar bar verən meyvə bağından 10163 ton məhsul əldə edilib. Məhsuldarlıq əvvəlki ildən 5,6 sentner çox – 101,8 sentner olub.
Son illər rayonun Diyallı, Talıstan və Qoşakənd kəndlərində plantasiya formasında tərəvəzçiliyin inkişafına da diqqət göstərilir. 2025-ci təsərrüfat ilində 515 hektar tərəvəz əkini sahəsindən 5022 ton məhsul istehsal edilib və məhsuldarlıq 97,6 sentnerə çatıb.
Rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları hər il yeni və məhsuldar sortlar gətirilməsini, çoxaldılaraq ilk növbədə rayon fermerlərinə satılmasını təmin edirlər. Son illər rayonun Qubaxəlilli kəndində ümumi tutumu 4 min ton olan bir, Kürdmaşı kəndində ümumi tutumu 3 min ton olan bir və Balik kəndində isə ümumi tutumu 250 ton olan üç olmaqla 5 soyuducu anbar tikilərək istifadəyə verilib. “Külüllü kənd təsərrüfatı istehsalatı” kooperativi yaradılıb, “İvanovka arıçılıq” kooperarativinin yaradılması istiqamətində işlər aparılır.
– Bəs, istehsalının daha da artırılması üçün görülməsi zəruri olan işlər hansılardır?
– Taxıl bitkilərinin məhsuldarlığının artırılması və ya əldə olunmuş məhsuldarlığın qorunub saxlanması əsas şərtdir. Növbəli əkinlərin tətbiq olunması ilə əlaqədar lazımi maarifləndirmə və izahat işlərini davamlı olaraq həyata keçirməliyik. Meyvəçilik rayonun ənənəvi sahəsi olduğu üçün yeni intensiv bağların salınması səngiməməlidir. Vahid sahədən daha çox məhsul götürmək üçün rayonlaşmış və daha məhsuldar toxum sortlarının yayılmasına və bütün fermerlər tərəfindən tətbiqinə nail olmalıyıq. Son illər müşahidə olunan şiddətli quraqlığın zərərli təsirini aradan qaldırmaq üçün rayonumuzun zəngin su ehtiyatlarından səmərəli istifadənin vacibliyi məhsul istehsalçılarına aşılanmalıdır.
Aqrar sahədə mövcud çətinliklər aşağıdakılardır: kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditin verilməsi zamanı müvəkkil banklarla istehsalçı arasında girov şərtlərinin ağır olması; məhsullarının sığortalanmasında fermerlərin marağının az olması; subsidiyalar verilsə də, mineral gübrələrin baha olması; rayonda istehsal olunmuş bir çox kənd təsərrüfatı məhsullarının (barama, tütün, yun, gön-dəri, meyvə-tərəvəz və s.) emal müəssisələrinin olmaması; mövcud toxumçuluq təsərrüfatlarında daha məhsuldar (elit) taxıl sortlarının azlığı; istehsalda səmərəliliyin yüksəldilməsinə səbəb ola biləcək kooperativlərin təşkilinin ləngiməsi; “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC tərəfindən istehsal olumuş çoxnövlü kənd təsərrüfatı məhsullarının mərkəzləşmiş qaydada alınmaması, bəzi hallarda isə alış qiymətinin aşağı olması; ixracına ehtiyac duyulan bitkilərin əkin sahələrinin genişləndirilməsi üçün torpaq sahəsinin azlığı və ya olduqda belə təyinatının çevik şəkildə dəyişdirilməməsi.
Yeni aqroparkın yem bazası perspektivləri
“İvanovka Aqropark” ASC ötən ilin fevralında səhmdarların qərarı ilə təsis olunub. Qurumun icraçı direktoru Ramin Əlifov bizi təsərrüfatla tanış edərək dedi:
– Yeni təsisatda məqsəd regionlarda məşğulluğu artırmaq və ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ASC-mizin ümumi ərazisi 7 min 600 hektardır ki, bunun da 5 min 200 hektar əkinəyararlı sahələrdir. Əsasən əkinçilik, bağçılıq üzrə ixtisaslaşmışıq, mövcud olan heyvandarlıq üzrə fəaliyyət göstəririk. Layihə dəyəri 25,1 milyon manat təşkil edir.
Qısa müddətdə fəaliyyət göstərdiyinə baxmayaraq, ASC-miz kifayət qədər uğur qazanıb. Keçən il müəssisəmizdə 17 min ton məhsul istehsal edilib, 600 tona yaxın məhsul ixrac olunub. Bu, cari ildə də planlaşdırılır. Müasir texniki aqreqatların alışı həyata keçirilib. İlk dəfə olaraq Azərbaycanda genişmiqyaslı “Raps” əkini həyata keçirilib. İxrac potensiallı məhsuldur, ixracı da planlaşdırılır.
Əsas uğurlarımızdan biri toxumçu kimi fəaliyyət göstərməyimizdir. Yerli və xarici arpa-buğda sortlarını becəririk. İstəyirik ki, müəsissənin toxum tələbatını tam ödəyək və ölkədə yüksək keyfiyyətli arpa-buğda toxumlarının satışını həyata keçirək.
Olduqca fərəhli haldır ki, dövlət başçımızın 1 aprel 2025-ci il tarixli fərmanı ilə İvanovka əkin sahələrinin suvarılması məqsədilə Prezidentin ehtiyat fondundan Su Ehtiyatları Agentliyinə ilkin mərhələdə 5 milyon manat vəsait ayrılmışdır. Layihə çərçivəsində nasosxana, 7 km 630-luq magistral su kəməri və 100 min kubluq su rezervuarının tikintisi nəzərdə tutulub.
– Müəssisə olaraq yeni layihələr tətbiq etməyi planlaşdırırsınızmı?
– Əlbəttə. 1000 hektar əraziyə pivot suvarma sistemləri tətbiq etmək, 500 hektar əraziyə damlama çeşidli meyvə bağlarının salınması, yeni müasir strip-till texnika və aqreqatlarının alışını həyata keçirmək fikrindəyik. Əsas məqsəd əkinçilik və yem bazası yaratmaqla mövcud heyvandarlıq təsərrüfatlarını, ət və süd məhsullarının istehsalatını inkişaf etdirməkdir. Bir istəyimiz də “Tarladan – süfrəyə” dəyər zəncirini yaratmaqdır. Başlıca hədəfimiz novativ texnalogiya tətbiqi ilə mövcud resurslara qənaət etməklə maksimum məhsuldarlıq əldə edib, iqtisadiyyat və kənd təsərrüfatında ərzaq təhlükəsizliyinə bir Aqropark olaraq öz töhfəmizi verməkdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) İvanovkada “Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda görüş keçirilib. Sahə günündə fermerlər, yerli seleksiyaçılar, toxum istehsalçıları, mütəxəssislər və media nümayəndələri iştirak ediblər. Tədbir yeni Dövlət Proqramına dair tədbirlər planının icrası çərçivəsində reallaşdırılıb. Dövlət – özəl sektor əməkdaşlığının aqrar sahəyə verdiyi töhfələr iştirakçıların diqqətinə çatdırılıb.
Qonaqlar yerli əkin sahələri və yeni sortlarla tanış olublar. Bildirilib ki, aqroparkda növbəli əkin sistemi və izolyasiya qaydalarına ciddi yanaşılır. Maraq doğuran fakt kimi vurğulanıb ki, ötən il AXA-nın xəttilə 80 min tondan çox toxum və 7 milyona yaxın ting sertifikatlaşdırılıb. Bu göstərici ölkədə toxumçuluq sahəsinin ardıcıl inkişafını, fermerlərin yüksək keyfiyyətli toxum və tinglərlə təminatının gücləndirilməsini, eləcə də aqrar sahədə məhsuldarlığın artırılması üçün həyata keçirilən tədbirlərin uğurlu nəticələrini əks etdirir.
Rayonun Qubaxəlilli kəndindən olan fermer Müşfiq Həsənov halal zəhməti ilə ucalanlardandır. Təsərrüfatda qazandığı uğurlara görə hələ 2017-ci ildə “Tərəqqi” medalına layiq görülüb. Bizimlə söhbətində ailə təsərrüfatı barədə həvəslə danışdı:
– Cəmi 300 hektar torpaq sahəmiz var. Bunun üçdə-ikisində toxumluq buğda yetişdiririk. Mövsüm ərzində işçi sayımız 5-dən 10-a, 15-ə qədər artır. İldə təsərrüfatımızda 500 tona qədər toxumluq buğda hasil edilir və emal olunaraq öz rayonumuzun, eləcə də ətraf rayonların fermerlərinə satılır. Fermamız da var. Orada 200 baş iribuynuzlu və 500 baş xırdabuynuzlu heyvan bəslənilir.
Giley etsəm, insafsızlıq olar. Məsələ burasındadır ki, gərək, çətinlikdən qorxmayasan. Belə olduqda çəkilən zəhmət itmir. Bizim çalışmalarımız sayəsində həm zəhmətimizin maya dəyəri ödənilir, həm də dolanacağımız təmin edilir. Dövlət başçımızın keçirdiyi məlum müşavirəni və müvafiq Dövlət Proqramının qəbulunu alqışlayırıq. İnşallah, nəzərdə tutulanlar bütünlüklə həyata keçirilər və ölkədə ərzaq bolluğu təmin edilər, ixrac potensialı artar...
Regional müşavirədə də, həmsöhbətimiz olan zəhmət adamlarının fikirlərində də belə bir möhkəm əminlik ifadə edilib ki, Dövlət Proqramının icrası Dağlıq Şirvan iqtisadi rayonunda taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlığın inkişafına, məhsuldarlığın yüksəldilməsinə, fermer təsərrüfatlarının dayanıqlılığının artırılmasına və regionun aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.
Əli NƏCƏFXANLI
XQ
İsmayıllı





