Səhiyyə fədaisi

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dünyaya gözümüzü ilk açdığımız andan, ömrümüzün ən zəif, xəstəliklərlə mübarizə apardığımız anlarına qədər ağxalatlılar həmişə bizim yanımızdadır. Onlar təkcə fiziki ağrıları müalicə etmirlər, həm də xəstəyə və onun yaxınlarına psixoloji dayaq olurlar. Həkimin otağına daxil olarkən eşidilən təmkinli bir söz, xoş təbəssüm və "hər şey yaxşı olacaq" inamı bəzən ən güclü dərmandan daha tez təsir edir. Məhz bu səbəbdən cəmiyyət olaraq ağxalatlılarımıza olan rəğbətimiz və inamımız sonsuzdur. İstər müasir paytaxt klinikalarında, istərsə də ucqar dağ kəndlərindəki tibb məntəqələrində fəaliyyət göstərməsindən asılı olmayaraq, ağ xalat geyinən hər bir şəxs el-obanın hörmət bəslədiyi ziyalıya çevrilir. Ömrünü insanların sağlamlığına həsr edən, gecə-gündüz demədən, bəzən öz canını belə təhlükəyə ataraq başqalarını yaşatmaq üçün mübarizə aparan həkimlərin və tibb işçilərinin fədakarlığını ən gözəl ifadə edən anlayışdır.

Səhiyyə fədaisi olmaq sadəcə bir peşə seçimi deyil, bu, bütöv bir ömrü başqalarının ağrılarını azaltmağa, onlara yenidən nəfəs verməyə həsr etmək deməkdir. Əsl həkim üçün xəstənin statusu, milləti və ya kimliyi yoxdur, onun üçün yalnız xilas edilməsi vacib olan bir insan həyatı var. O, xəstəxana divarları arasında keçən yuxusuz gecələri, öz ailəsindən, övladlarından kəsdiyi zamanı yad insanların sağalması üçün xərcləyir.

Azərbaycanın səhiyyə fədailərinin tarixində ən şərəfli səhifələr isə şübhəsiz ki, müharibə dövrlərinə təsadüf etdi. Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində və digər tarixi döyüşlərimizdə həkimlərimiz sadəcə arxa cəbhədə deyil, birbaşa atəş xəttində, səngərlərdə xidmət göstərdilər. Güllə yağışı altında yaralı əsgəri döyüş meydanından çıxaran, çadır hospitallarında, şam işığında əməliyyatlar edən cərrahlarımız, tibb bacılarımız və feldşerlərimiz hərbi qəhrəmanlarımız qədər böyük şücaət göstərdilər. Şəhid əsgərimizin son nəfəsində əlini tutan, qazimizin yenidən ayağa qalxması üçün aylarla mübarizə aparan səhiyyə fədailəri zəfərimizin görünməyən memarlarındandır.

Müasir dövrdə tibb elmi sürətlə inkişaf edir, xəstəliklərin diaqnostikasında süni intellekt və robotlar tətbiq olunur. Lakin heç bir ən müasir texnologiya həkimin xəstəyə verdiyi o ümid dolu baxışın, şəfqətli əlin və insani empatiyanın (hissləri anlamağın) yerini tuta bilməz. Çünki tibb sadəcə bir elm deyil, həm də şəfqət sənətidir.

Vaxtilə xəstəsinə diqqət və qayğı göstərən, çalışdığı vaxtlarda pasiyentlərin hörmətini qazanan həkimlərdən biri də  Hacıbaba Ziyafət oğlu Əliyarov olmuşdur.O, 1945-ci il martın 19-da Salyan rayonunun Marışlı kəndinda anadan olub. İlk təhsilini doğma kəndin yeddiillik məktəbində alan Hacıbaba Əliyarov 1958-ci ildə Salyan şəhərindəki 2 nömrəli orta məktəbdə təhsilini davam etdirib. 1962-ci ildə orta məktəbi bitirdikdən sonra iki il istehsalatda çalışıb.

1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olub. 1970-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran Hacıbaba Əliyarov həkim-pediatr ixtisası alaraq təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna göndərilib. Gənc həkim bir ildən sonra hərbi xidmətə çağırılıb və hərbi hissənin lazaret rəisi vəzifəsində faəliyyət göstərib. 1973-cü ilda Səhiyyə Nazirliyinin göndərişi ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasında sahə pediatrı kimi işləməyə başlayıb. O, burada 3 il pediatr, 4 il isə baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.

1980-ci ildə Hacıbaba Əliyarov Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub. Onun rəhbərliyi dövründə 100 çarpayılıq xəstəxana yenidan qurulub, 250 Çarpayılıq yeni Mərkəzi Rayon Xəstəxanası, 50 çarpayılıq 3 kənd xəstəxanası və 5 kənd sahə xəstəxanası inşa edilərək istifadəyə verilib. Göstərdiyi xidmətlərə görə Hacıbaba həkim keçmiş SSRİ-nin "Səhiyyə əlaçısı" fəxri adına layiq görülüb. 1990-cı ildə öz xahişi ilə baş həkim vəzifəsindən azad olunan Hacıbaba Əliyarov 1990-1994-cü illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasında həkim-revmatoloq kimi fəaliyyət göstərib.

1994-cü ilin noyabrından Bakı Baş Səhiyyə İdarəsinda həkim-müfəttiş, 2006-cı ildən isə Xətai rayonu 7 saylı şəhər poliklinikasında həkim-revmatoloą kimi çalışıb.

2014-cü ildan etibaran taqaüddədir. Oglu Rəşad Əliyarov ixtisasca əczaçıdır. 

Bu gün oxucularımıza çatdırmaq istədiyimiz əsas mesaj, cəmiyyətimizin sağlamlığı keşiyində duran, hər bir müraciətə ürəyinin parçasını qoyan səhiyyə fədailərinə layiq olduqları dəyəri hər zaman verməkdir. Ömrünü ömürlərə bağışlayan, ağ xalatını şərəflə daşıyan hər bir səhiyyə fədaisinə millətimiz adından təşəkkür edir, müqəddəs işlərində uğurlar arzulayırıq. Sizin varlığınız bizim sağlam gələcəyimizin qarantıdır!

M.MİRZƏ
XQ

Səhiyyə