Peşəkar jurnalist, nüfuzlu ziyalı

post-img

Ağahüseyn Hüseynov – 85

Əməkdar jurnalist Ağahüseyn Hüseynov görkəmli media xadimi Nəsir İmanquliyev canlı mətbuat məktəbinin yetirməsi olması ilə fəxr edən qələm sahibidir. Onun yaradıcılıq yüksəlişi Nəsir müəllimin təməlini qoyub populyarlaşdırdığı “Bakı” və “Baku” qəzetlərində gerçəkləşib. Veteran jurnalist bir müddət “Baku” qəzeti üzrə redaktor müavini olub, 1990-cı ildən isə hər iki qəzetə baş redaktorluq edib.

Yaşlı oxucular bilirlər ki, paytaxtımızın adını daşıyan və mətbu informasiya aynası olan şəhər qəzetləri, təxminən, yarım əsrlik dövrdə hər axşam intizarla gözlənilib, alınaraq başdan-ayağadək oxunub. Bu nüfuzlu və mötəbər qəzetlər ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində də əsl məktəbə çevrilmişdi. Burada Azərbaycan mədəniyyətinin və ədəbiyyatının bütöv bir nəsli oxucularla canlı ünsiyyətdə olub. Cəmil Əlibəyov, Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Gülhüseyn Hüseynoğlu, Nüsrət Kəsəmənli və onlarca tanınmış qələm sahibi bu sıradandırlar. Peşəkar jurnalistlərdən Şamil Şahməmmədovun, Şaban Şabanovun, Şakir Abdullayevin, Ənvər Məşədiyevin, Dağbəyi İsmayılovun və Ağahüseyn Hüseynovun da imzaları şəhərin axşam qəzetindən tanınıb. Onların aktual məqalələrini, reyd yazılarını, felyetonlarını oxucular böyük maraqla qarşılayırdılar. “Bakı” və “Baku”nun abunəçiləri çox idi, eyni zamanda, hər axşam saat 6-da köşklərə paylanılan qəzet tez bir zamanda alınıb qurtarırdı.

Ağahüseyn Hüseynov hər zaman qəzetin yaradıcısı – Azərbaycan jurnalistikasının görkəmli siması, böyük ziyalı, pedaqoq, alim Nəsir İmanquliyev haqqında fəxrlə danışır. O, xatirələrində neçə-neçə istedadlı qələm sahibinin, publisistin püxtələşməsinə, cəmiyyətdə mövqe tutmasına, özünü təsdiq etməsinə ömür əridən Nəsir müəllimin Azərbaycanın həm mətbu, həm də ictimai-siyasi həyatında böyük şəxsiyyət olduğunu vurğulayıb: “Mən xüsusən Nəsir müəllimin kadr seçiminə heyran idim. O, bir ünsiyyəti ilə müəyyənləşdirirdi ki, qarşısında dayanan adamdan jurnalist çıxacaq, ya yox. Unikal duyumu vardı. Böyüklə böyük, kiçiklə kiçik idi. Qəzet əməkdaşlarının hər birinin qəlbinə yol tapmağı bacarırdı. Yaratdığı məsuliyyət mühiti hamını yaradıcılığa səsləyirdi”.

İndi heç yerdə əvvəlki qəzet bumu yoxdur. “Bakı” qəzetinin davamı olan media vasitəsi isə 2020-ci ildən onlayn rejimdə oxucularının görüşünə gəlir. Ağahüseyn müəllim doğma qəzetin adının yaşadılmasından məmnundur. Sözün əsl mənasında, peşə fədaisi sayılan veteran qələm sahibi həm ziyalı, publisist, həm də qəzet işinin mahir bilicisi kimi tanınan şəxslərdəndir. Ən əsası isə Ağahüseyn müəllim jurnalistikaya sədaqəti ilə nümunədir. Onun bu peşəyə məsuliyyətlə yanaşması gənc jurnalistlər üçün örnəkdir. Fərdi yazıları, baş redaktor qeydləri və hazırlanmasına rəhbərlik etdiyi materiallar hər zaman mövzu əhatəliliyi, problemin mahiyyətinin hərtərəfli açılması, dil-üslub cəhətlərinin sadəliyi ilə seçilib.

Veteran jurnalist Bakının sosial həyatı, infrastrukturu barədə yazılarla bərabər, mədəniyyət mövzularına geniş yer ayırmışdır. Ağahüseyn Hüseynovdan söz düşəndə həmkarları onu əxz etdiyi, həyat fəlsəfəsində möhkəm yer tutan dürüstlüyü, məsuliyyəti, səmimiliyi, qayğıkeşliyi jurnalistikaya da gətirməyi bacarmış qələm adamı, peşəkar idarəçi kimi səciyyələndirirlər.

Ağahüseyn Hüseynov çox çətin dövrdə adıçəkilən mətbuat orqanlarına rəhbərlik etməyə başlayıb, bu, son dərəcə böyük məsuliyyət idi. O, bir rəhbər kimi “Bakı” və “Baku” qəzetlərinə məxsus ənənələri ləyaqətlə davam etdirə bilib. Ağahüseyn müəllimi jurnalist peşəsinin təəssübünü çəkən, gördüyü işlə bu peşəyə dəyər qazandıran həmkar və ziyalı kimi xarakterizə etmək doğru olardı.

Azərbaycanın peşəkar jurnalistikası bu məktəbin Ağa müəllim kimi bir məzunu ilə öyünə bilər.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət